Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ilə bağlıdır. Ulu Öndərin güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün formalaşmasında ən əsas amil olmuşdur. Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan xarici siyasətinin başlıca prioritetlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması olmuşdur.
Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.
Qoşulmama Hərəkatı iqtisadi və sosial problemləri çözə bilmək üçün daha nizamlı mexanizmə sahib olmalıdır. Bir çoxları onu BMT və NATO ilə müqayisədə hələ də simvolik anlamda qəbul edilər. QH-nın başlıca məramı dövlətlər arasında qarşılıqlı anlaşma və sülhü qoruya bilməkdir, bu anlamda ona analoq yoxdur. Bu istiqamətdə onun rolu heç də azaldılmamalıdır. 120 dövlətin səsi duyulmaya bilməz. Onun siyasi, iqtisai və sosial baxımından bazasının möhkəmləndiriıməsi və daha əməli iş mexanizmlərinin işlənib hazırlanması, sözsüz, onu yaxın gələcəkdə NATO, BMT və digər nüfuzlu qurumlarla eyni səviyyəyə yüksəlməsini təmin edə bilər. Bu baxımdan, yeni beynəlxalq iqtisadi-sosial mexanizmin işlənib hazırlanması, sözsüz, Hərəkatın yeni bir uğuru ola bilər. Belə bir cəhd keçən əsrin 70-80-ci illərində edilmişdi. QH beynəlxalq iqtisadi münasibətlərdə fundamental dəyişikliklər platforması kimi üzv dövlətlərin daxili və xarici sosial-iqtisadi münasibətlərinin tənzimlənməsi mexanizmi qismində çıxış edə bilər, bu da keçmiş mandat ölkələrinə öz təbii sərvətlərindən geniş şəkildə istifadə etməklə iqtisadiyyatlarını və sosial rifahlarını milli maraqları yönündə dirçəltməyə imkan verəcəkdir. Bu siyasi-iqtisadi kurs üçüncü dövlətlərin güclü dövltlərdən iqtisadi asılılığını azaltmış olacaqdır.
Yara ndığı ilk vaxtlarda üzv dövlətlər anti-imperilalizm əsleyhinə olub, sosialist modelə üstünlük verirdilər. Lakin amerika yönlü Titonun bu hərəkata qoşulması onun daha çox ideoloji yox, mədəni anlamda sülhyönlü bir hərəkat və birlik olması fikrini formalaşdırdı. QH bu və ya digər güclü dövlətlərlə hər hansı blok və ya ittifaq daxilində birləşməyi inkar edərək öz müstəqilliyini və tərəfsizliyini qoruyub saxlamağa çalışan dövlətlərin birliyi olsa da, hazırda onun mahiyyəti bir qədər dəyişib. Belə ki, bəzi üzv dövlətlər heç də sülhyönlü siyasət yürütmür, milli maraqlardan çıxış edərək dünya məsələlərinin həllində strateji muxtariyyətlərini qoruyub saxlamağa çalışır. Onlar öz maraqları naminə digər güclü dövlətlərlə müəyyən hərbi əməkdaşlıqlardan və hərbi bloklara daxil olmaqdan çəkinmir (Hindistan buna örnək ola bilər). Sözsüz, bu kimi misallar QH-nın indiki zamanda daha çox simvolik məna daşıması fikrini formalaşdırır. İmperializm əleyhinə mübarizə prinsiplərindən çıxış edən QH-nın ilkin mahiyyəti bəzi dövlətlərə münasibətdə öz aktuallığını itirsə də – belə ki, bu dövlətlər inkişaf etməkdə olan ölkələrdən inkişaf edən ölkələr səviyyəsinə qalxmış və dünya siyasətində aktiv rol oynamaqdadır – hələ də siyasi, iqtisadi və sosial dəstəyə ehtiyacı olan çox sayda kiçik dövlətlər var. QH-nın başlıca prinsipləri hələ də aktual olaraq qalmaqdadır. Çoxtərəflilik prinsipindən çıxış edən QH kiçik və üçüncü dövlətlərə separatizm, regional güclər və qəsbkarlıq siyasəti yürüdən irredent ölkələrin ərazi, etnik və dini iddialarına qarşı qorunmaq və müdafiə olunmaq imkanı verir. Digər tərəfdən, QH, BMT və digər beynəlxalq sülh təşkilatlarının ideya və prinsiplərindən çıxış edir və siyasi dəst-xəttində onlara söykənir. Düzdür, QH-nın bir çox məqsədlərinin Soyuq müharibə qurtardıqdan dərhal sonra qüvvədən düşdüyü iddia edilsə də, günümüzdə imperializm və müstəmləçilik anlayışı iqtisadi və siyasi əsarət anlayışları ilə əvəz edilib. Güclü Qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacının olması QH-nın aktuallığını artırır. Belə ki, QH üzv dövlətlərə təkcə müstəqil mühakimə çıxarmaq deyil, güclü dövlətlərlə münasibətlərdə öz mötədiliyini qoruyub saxlamaq imkanı verir.
Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Burada cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olundu. Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü
İmamverdi Həmidov


























