image-camall24backend

Xanın kəndindən olanlar Xanın Qalasına pənaha gəlsin- gəlməsin?-Cəmaləddin Quliyev

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, sonra Laçın yolu üzərindəki aksiya yerində Xankəndinə yola salınıb. Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə təşəkkürünü bildirib(2023-cü il, yanvar)

“Qәhrәman yüzbaşı. Adә, ermәni, Vartan indi hardadı? Bilirsәn hansı Vartanı deyirәm? …. Adә, tez kәmәnçәni yığışdır, itil get burdan!
Baxşı(qorxa-qorxa) Ay ağa, hara gedim?
Qәhrәman yüzbaşı (çığırır). Cәhәnnәmә get! Evinә!”(Mirzə Cəlil, “Kamança”, 1920-ci il, yanvar)

Yüz il əvvəl də, indi də problem mülki sakin deyil, bizi maraqlandıran o zaman da Vartan idi, indi də Vardan(yan)dır. Dinc sakini yedirib -içirib “Evinə get!” demək, ya ev bildiyi yerə yola salmaq da, dünyaya aksiyamızın xoş məramını nümayiş etdirmək üçün bundan PR məqsədilə istifadə etmək də yaxşıdır.

Amma nə qədər ki, Vartan(yan)lar iş başındadır, niyyətimizin necəliyindən asılı olmayaraq etdiyimiz jest həmin dinc sakin(lər) üçün faciəvi sonluğa da gətirib çıxara bilər. Təəssüf ki, biz Xankəndindən Xan Qalasına(Şuşaya) pənah gətirənləri çox zaman qoruya bilməmişik. “Ay ağa, hara gedim?” sualının cavabı olaraq dediyimiz“İtil get evinə” əmri, ya cibinə siqaret doldurub yola salmaq nə keçmişdə, nə də indi onlar üçün nicat vəd etməyib və etmir.

Qarabağda ilk “Miatsum” qışqırtlıarı eşidiləndə, Quqarkda, Qafanda azərbaycanlıların başına faciələr gətiriləndə o zaman Bakı, Sumqayıt və Gəncədə özlərini öz evlərindəymiş kimi hiss edən və ən azı buna görə Azərbaycanı dəstəkləyən, bu dəstəyi mətbuatda imzaları ilə təsdiqləyən, efirlərdə səsləndirən azmı erməni var idi? Onların sonrakı talelərindən xəbərimiz varmı?Necə qoruya bildik? Sizcə o zaman Yerevanda hansısa miskin vəzifəsini qorumaq, ya da növbəti etnik separatçı layihələrə umsunduğu üçün bizim əleyhimizə böhtanlara imza atan Knyaz Mirzəyevlər bu Vətəni daha çox haqq edirdi, ya o ermənilər?

Uğurlu Çaykənd əməliyyatı, 1991-ci il Jeleznovodsk kommunikesindən sonra Qarabağın erməni icmasını təmsil edən bir qrup nüfuz lideri “saqqallı”ların qovulmasını və Azərbaycanın himayəsini qəbul etmək istədikləri barədə müraciət etmişdilər. Onların sonrakı taleyi necə oldu? Qoruya bildikmi?

Bəs, indi necə bizlə işləmək, bizim vətəndaşlığı qəbul etmək istəyənləri, himayəmizə ehtiyac duyanları qoruya biləcəyikmi?

II Qarabağ savaşı günlərində xarici mediada Xankəndində eyvanından Azərbaycan bayrağı çıxan bir yaşlı erməni qarısı haqda məlumat getmişdi. Erməni təbliğatı o qarının hərəkətini başqa cür təqdim etdi –guya “bayrağı türklər şəhərə girəndə özünü qorumaq üçün” gizlədibmiş. O qarının sonrakı taleyni bilmək maraqlı olardı.

Tiflisin Cənubi Osetiya ilə bağlı təşəbbüslərinin dünyada daha çox dəstəkəndiyini, Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi təcavüzünün daha çox qınandığını deyir, bunu müəyyən qədər xristian təəssübkeşliyi ilə əlaqələndiririk. Haqlıyıq da.Ancaq yalnız xristian təəssübkeşliyi, ikili standartlarmı burda rol oynayır? Gürcüstanın 2008-ci ildə atdığl addımlar müəyyən qədər siyasi avantüra idi, amma dünyanın rəğbətini qazanmağa hesablanmış məqamlar da var idi. Avantüradan əvvəl abxaz və osetinlərlə işləyən xüsusi Reinteqrasiya nazirliyi təsis olunmuşdu, Saakaşvilinin sözçüsü belə osetin əsilli bir xanım idi.

İndi Xan kəndindən Xan qalasına pənah gətirənləri yedirib-içirib “Evinə get!” demək azdır, onların evi Azərbaycandır, Xankəndi ilə birgə. İndi onları reinteqrasiya etmək haqda düşüncələrimizi reallaşdırmaq üçün növbəti addımlar atmaq, dünyaya daha çox xoş məramımız göstərmək zamanıdır. Təbii ki, öz cəmiyyətimizi də buna hazırlamağa, “süpürək ataq”, “qovaq” kimi çağırışlardan ibarət ritorikanı dəyişməyə ehtiyac var.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki