image-reklam-veteninfo
image-images-2backend

Xocalı soyqırımının acı fəsadları.

image-reklam-veteninfo

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndində saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birlinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.
Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar, Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.
Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər.
Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.
Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. “DQR” rəsmiləri “Memorial” müşahidəçilərinə “120–130 cəsədin onların razılığı ilə Ağdama” gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyitləri qohumlarına çatdırıldı.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycan Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı Soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

Fatimə Talıbzadə
Nəsimi rayon sakini




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki