image-photo-2021-12-25-09-50-31backend

Yeni Sosial İslahatlar

image-reklam_sirab_01

Əhalinin rifahının təminatı, sosial müdafiəsinin gücləndirilməsi, yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin siyasətinin öncəliyi olmuşdur. Dövlət başçısının yeni fərman və sərəncamları bu sahədə, əsasən son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə böyük imkan yaratmışdır. Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılmışdır. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcək. Buna əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar;, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələr. Artım həmçinin birdəfəlik müavinətləri əhatə edəcəkdir: uşağın doğulmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət aiddir.
Ümumən son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37 %, median əməkhaqqı 74 %, əməkhaqqı fondu 92 % artıb. Minimum pensiyada 82 %, orta aylıq pensiyada 60 %, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş vermişdir. 2018-2021-ci illərdə sosial təminat üzrə illik xərclər 60 % və ya 2,4 milyard manat artaraq 6,4 milyard manata çatmışdır. Sosial təminatla əhatə olunanlar isə 160 min nəfər artaraq 2,56 milyon nəfərə çatıb. Qeyd edilən dövrdə 152 min şəxsə isə əlillik dərəcəsi təyin olunub, əlilliyi olan şəxslərə 150 minə yaxın reabilitasiya vasitəsi verilmişdir.
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər sosial dəstəklə təmin olunur. Bu dəstək tədbirləri çərçivəsində 40 min şəxsə 46 min xidmət göstərilib. O cümlədən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri olan 10 351 şəxsə 20 644 sosial ödəniş təyin edilib. Onlar üçün sosial ödənişlərin məbləği 2021-ci ilin əvvəlindən növbəti dəfə əhəmiyyətli şəkildə artırılıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və bu il də onlara 3 min mənzil/fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 2700 mənzil təqdim edilmişdir.
Sevinc Hüseyxanova (BDU)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki