image-ulvibackend

Zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər

image-reklam_sirab_01

Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışı istər cəmiyyətə hesabatlılıq nöqteyi-nəzərindən, istərsə də region dövlətlərinə və beynəlxalq münasibətlərin aparıcı subyektlərinə mesaj baxımından xüsusi əhəmiyyət daşıyır. Coğrafi ölçülərindən asılı olmayaraq, istənilən ölkənin xarici siyasəti onun daxili siyasətinin məntiqi davamı hesab olunur. Xarici siyasətdə yalnız o zaman uğurlar qazanılır və onlar o zaman dayanıqlı olur ki, ölkədaxili siyasətdə, ilk növbədə, iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərə imza atılır. Reallıq belədir ki, iqtisadi cəhətdən zəif olan dövlətlərə beynəlxalq maraq da adekvat olur. O da həqiqətdir ki, az inkişaf etmiş ölkələr aparıcı dövlətlərdən nə qədər ədalət umsalar da, beynəlxalq münasibətlərdə geosiyasi və geoiqtisadi maraqlar əksər hallarda önə çıxır. Dünya nizamına təsir uğrunda rəqabət aparan böyük dövlətlər üçün iqtisadi və siyasi müstəqilliyini qoruya bilən, ciddi iqtisadi potensiala malik olan Azərbaycan kimi ölkələr əməkdaşlıq baxımından daha çox cəlbedici görünür. Çünki əsas beynəlxalq oyunçular qlobal siyasətdə populist ritorikanı deyil, real faktları və öz maraqlarını əsas götürürlər. Onlar yaxşı bilirlər ki, müharibə istənilən ölkənin həyatı üçün ağır sınaq deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat bildirib ki, inkişaf səviyyəsindən asılı olmayaraq, müharibədən keçən istənilən dövlətin iqtisadi, sosial həyatında və demoqrafik vəziyyətində əlavə fəsadlar, əvvəlcədən proqnozlaşdırılmamış çətinliklər qaçılmaz olur. Son 30 ildə ölkəmiz iki müharibəni yaşamaq məcburiyyətində qalıb. Bu illər ərzində dövlətimiz milyona yaxın qaçqın və məcburi köçkün soydaşımızın sosial problemlərini, onların normal həyata qayıdışını təkbaşına, əsasən daxili imkanları hesabına həll etməli olub. 30 il boyunca faktiki müharibə vəziyyətində yaşayan və ərazisinin 20 faizi işğala məruz qalan Azərbaycan məcbur olub ki, ordu quruculuğuna, onun hərbi-texniki təchizatına xüsusi diqqət ayırsın və iqtisadi resurslarının əhəmiyyətli hissəsini məhz bu sahəyə yönəltsin. Üstəlik, son üç ildə COVID-19 pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, əksər ölkələrin əhalisinin sosial rifahına ağır zərbələr vurub. Rusiya-Ukrayna müharibəsi fonunda hətta aparıcı dövlətlərin enerji və ərzaq təhlükəsizliyi məsələləri də ciddi sual altına düşüb. Ən inkişaf etmiş dövlətlər belə, ərzaq qıtlığının doğura biləcəyi təhlükənin miqyasını hesablamaqda çətinlik çəkir. Baxmayaraq ki, onların böyük əksəriyyəti İkinci Dünya müharibəsindən sonra Azərbaycandan fərqli olaraq öz ərazilərində nə müharibə görməyiblər, nə də qaçqın-məcburi köçkün problemi ilə üzləşməyiblər. Təkcə bu amillərin yaratdığı çətinlikləri və onların ziyanlı fəsadlarının minimuma endirilməsinə yönələn səyləri nəzərə alsaq, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər, ölkəmizin üzləşdiyi mürəkkəb problemlərə baxmayaraq, həqiqətən də əhəmiyyətli uğurlara nail olduğuna dəlalət edir. Dövlətimizin başçısı tərəfindən səsləndirilən statistik məlumatlardan bir qismi bunlardan ibarət oldu: “İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb… İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.

Dünya iqtisadiyyatını ağır sınağa məruz qoyan qlobal proseslərin ölkəmizdən yan keçəcəyini gözləmək, həqiqətən, sadəlövhlük olardı. Məhz buna görə dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, dünyanın kapital bazarları kimi, bir çox suveren fondları da böyük itkilərə məruz qalıb. Bu cür qlobal təhlükələrə baxmayaraq, ölkəmizin ixracatla bağlı inkişaf göstəriciləri xüsusi diqqət çəkir. Prezident İlham Əliyev həmin sahə ilə bağlı bunları qeyd etdi: “Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb-haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər”.
İstənilən ölkənin iqtisadi dayanıqlığının və iqtisadi potensialından səmərəli istifadəsinin göstəricilərindən biri xarici borcların həcmi və onların qaytarılması prosesi ilə bağlıdır. Bu sahədəki vəziyyət həmişə tərəfdaşların və beynəlxalq maliyyə institutlarının xüsusi diqqət mərkəzində olur. Elə buna görə də dövlətimizin başçısı çıxışında bu sahədə əldə olunan nailiyyətlərə xüsusi diqqət yetirdi: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir… Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir”.
İqtisadi müstəqilliyimizin dayanıqlığına dəlalət edən bu uğurların arxasında təkcə ölkəmizin resursları və onlardan səmərəli istifadə amili dayanmır. Bu göstəricilər, ilk növbədə, Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsidir. O ali iradənin ki, hədəfində öz vətəndaşının sosial rifah halının daha da yaxşılaşdırılması, beynəlxalq münasibətlərdə isə etibarlı tərəfdaş nüfuzunun qorunması dayanır.
Obyektiv çətinliklərə və üzləşdiyimiz maneələrə baxmayaraq, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsinə yönələn daxili siyasət xarici siyasətdə əldə olunan uğurları da şərtləndirir. Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, ölkəmiz seçdiyi yola sadiqdir, hər zaman olduğu kimi, xarici siyasətində də beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə söykənir, bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı və etibarlı əməkdaşlıqda maraqlıdır. Əsas beynəlxalq oyunçular və əksər dünya dövlətləri Azərbaycan iqtidarının dəyişməz siyasi iradəsinə əmin olduqları üçün, zaman ötdükcə ölkəmizlə əməkdaşlığa daha çox önəm verirlər. Sözsüz ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq da, zaman keçdikcə, dünya gücləri tərəfindən daha çox nəzərə alınır. Ölkəmizin 120 dövləti bir araya gətirən Qoşulmama Hərəkatındakı liderliyi bunun əyani sübutudur.
Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, ölkəmiz Qoşulmama Hərakatı ilə yanaşı, digər mötəbər beynəlxalq təsisatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Prezidentin çıxışının xarici siyasət sahəsi ilə bağlı olan hissəsi bir daha təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən uzaq olan və yalnız ümummilli maraqlarımıza xidmət edən praqmatik siyasət seçiminə sadiqdir. Dövlətimizin başçısı onu da vurğuladı ki, Azərbaycan region ölkələri ilə yanaşı, dünyanın digər aparıcı dövlətləri ilə də bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev bu sırada Amerika Birləşmiş Ştatları ilə dövlətlərarası münasibətləri xüsusi qeyd edərək belə dedi: “Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”.

Dövlətimizin başçısı budəfəki çıxışında da Ermənistan rəhbərliyini və oradakı revanşist qüvvələri kənardan yönəldənləri mesajsız buraxmadı. Bunlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan hələ də çıxarılmaması ilə bağlıdır. Prezidentimiz Ermənistanın siyasi-hərbi rəhbərliyini növbəti dəfə xəbərdar etdi: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Prezident İlham Əliyev bu məsələ ilə bağlı şimal qonşumuza da mesaj göndərdi: “Rusiya sülhməramlıları- Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb-necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir”. Prezidentin həssas diplomatik üslubda ifadə etdiyi bu mesajı, xüsusilə, tərəfsizliyi ilə seçilməli olan vasitəçiyə məhz davranışına görə tərəf deyilməsi, sözsüz ki, diqqət çəkir və eyni zamanda, vasitəçi ölkəni öhdəliyinə daha diqqətli yanaşmağa dəvət edir.
Prezident İlham Əliyevin ikinci xəbərdarlığı isə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan rəhbərliyinin ənənəvi olaraq tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlı oldu: “Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”. Dövlətimizin başçısı Ermənistanın Minsk qrupu ilə bağlı xam xəyallarına və erməniləri bu sevda ilə yaşadanlara da növbəti dəfə cavab verdi: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir-öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə bağlı verdiyi bu mesaj da bölgəmizə aşırı maraq göstərən dövlətlərin diqqətindən yayınmadı: “Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd-enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”. Prezidentin bu məlumatından cəmi üç gün sonra, iyulun 18-də “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı xüsusi rolunu təcəssüm etdirən bu mühüm sənədin imzalanmasından dərhal sonra Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatında bu fikri xüsusi vurğuladı: “Prezident İlham Əliyev, ümumiyyətlə, Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək. Bir daha bizi burada qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkür edirəm”.

Avropa İttifaqı ilə imzalanan Anlaşma Memorandumu ölkəmizin geosiyasi və geoiqtisadi proseslərdə yer aldığı və günü-gündən artmaqda olan nüfuzlu mövqeyindən xəbər verir. Bu tarixi sənəd, həmçinin Azərbaycanın sivil dünya ilə eyni bəşəri dəyərləri bölüşdüyünün və hər zaman olduğu kimi, fundamental beynəlxalq prinsiplərin və ədalətin tərəfində olduğunun göstəricisidir. Dövlətimizin başçısı məhz bu səbəblərdən mətbuata verdiyi bəyanatında Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı əhəmiyyətini bu cür ifadə etdi: “Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”. Uğurlu daxili siyasət, ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər, həqiqətən, iqtisadi müstəqilliyi təmin etdiyi qədər, xarici siyasət sahəsində də siyasi müstəqilliyin qorunmasına xidmət edir, xarici siyasətdəki uğurlara təkan verir. O da danılmaz həqiqətdir ki, Azərbaycan Prezidentinin beynəlxalq arenada ortaya qoyduğu qətiyyətli siyasi iradə ölkəmizin etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət göstərdiyi kimi ölkədaxili uğurlara da zəmin yaradır və Azərbaycan ətrafında təhlükəsizlik zolağının güclənməsinə töhfə verir. Prezident İlham Əliyev məhz bütün bu amillərə görə, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bu fikri xüsusi qeyd etdi: “Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki