Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı “havalanması” hələ Vaşinqton anlaşmasından – Tramp marşrutu barədə üçtərəfli razılaşmadan sonra bəlli idi, bu barədə 2024-cü ildən yazırıq. Ermənistanı üçtərəfli 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu maddəsini icrasına vadar etməyə həvəsli olmayan Kreml bölgədə növbəti toqquşmalar törətməyə cəhd göstərirdi ki, “sülhməramlılar”ını azı 99 illiyə Zəngəzur dəhlizinin Meğri hissəsində yerləşdirsin. Bu həm də o demək olacaqdı ki, Gümrüdəki 102 saylı hərbi hissə ilə bağlı İrəvanla razılaşmanın vaxtı bitməyəcəkdi…
Azərbaycan dövlətinin sülh şərtlərinə Ermənistanın əməl etməsi, ikitərəfli formatda irəliləyişlərin əldə olunması, şərti sərhədlərin Rusiyanın xəritələrinə ehtiyac duyulmadan dəqiqləşdiriməsinə start verilməsi, qarşılıqlı anlaşmalar Rusiyanın hövsələsini çox daraltdı bu müddətdə. Budur, dövlət katibi Rubionun İrəvan hava limanına 1 saatlıq səfəri zamanı Ermənistanla ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi – Tramp marşrutu barədə növbəti razlaşmadan sonra Zəngəzur dəhlizi ilə bağlı heç də xoş olmayan xəbərlər yayılır. Əvvəlcə erməni nazir açıqlama verdi ki, dəhlizdə tikinti işlərinə ilin sonlarında başlanacaq…Daha sonra isə ermənistanlı jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu artırdığı barədə xəbər yaydı. Jurnalist Meğri rayonunda yerləşən əsas yollarda Rusiya hərbçilərinin hələ də fəaliyyət göstərdiyini bildirərək qeyd edib ki, Ermənistan hakimiyyəti rus hərbçilərinin həmin ərazilərdən çıxarıldığını bəyan etsə də, onlar yerli və xarici vətəndaşlara qanunsuz olaraq müxtəlif məhdudiyyətlər tətbiq etməkdə davam edirlər. Voskanyan bildirib ki, seçkilərdən sonra Avropa ölkələrindən və Ermənistanın digər bölgələrindən Meğriyə gələn şəxslərin avtomobilləri Nüvədi kəndi (erm. Nrnadzor) istiqamətində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. Hətta Meğri qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından Nüvədi kəndinə daxil olmaq üçün xüsusi icazə tələb olunur. Sözügedən yol Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulan marşrut üzərində yerləşir. Hətta saxlanılan şəxslər bir neçə saat gözlədildikdən və dindirildikdən sonra Meğri polis şöbəsinə aparılıblar. Erməni jurnalist Ermənistanın rəsmi qurumlarını məsələyə aydınlıq gətirməyə çağırarıb, həmçinin Rusiya hərbçilərinin Zəngəzurda hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyi və onların yerli sakinlərin hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyətlərinin kim tərəfindən verildiyi ilə bağlı suallar ünvanlayıb, amma hələlik heç bir rəsmi reaksiya yoxdur.
Söhbət 1991-ci ilin avqustunda Ermənistan hakimiyyəti tərəfindən azərbaycanlıların deportasiyaya məruz qaldığı, Qərbi Zəngəzurun tarixi kəndlərindən biri olan Nüvədidən gedir. Eks-prezident Levon Ter-Petrosyan 1993-cü ildə deportasiyaya məruz qoyduqları azərbaycanlılarla bağlı etiraf etmişdi. Bu kənd soydaşlarımızın sonuncu dayanacağı idi…O zaman da bölgədə rus əsgərləri var idi, amma sadəcə seyr etdilər, üstəlik də yardım etdilər, cinayətlərin həyata keçirilməsinə…
Bu günlərdə Ermənistanda 300 min azərbaycanlının Qərbi Zəngəzura qayıdışı məsələsi müzakirə mövzusudur, hətta Nikol Paşinyan bu məsələyə görə Rusiyanın adamını məhkəməyə verib. Belə bir vəziyyətdə Rusiya hərbçilərinin Nüvədi kəndində faktiki hərbi vəziyyət elan etməsi dolayısı ilə həm də azərbaycanlıların qayıdışı müzakirələrinə müqavimət sayıla bilər. 2020-ci ilin 44 günlük döyüşlərindən sonra Ermənistandan Qarabağa avtobuslarla erməni daşıyan rus hərbçilər bu gün azərbaycanlıların kəndində mövcudluqlarını nümayiş etdirməklə mesaj verirlər ki, “buralar bizlikdir”.
Nikol Paşinyan və Ermənistan rəsmilərinin sükutu isə suallar doğurur. Düzdür, 7 iyun seçkiləriylə bağlı Rusiya ilə Ermənistan hakimiyyəti arasında müəyyən anlaşmanın olduğu əvvəldən bəlli idi. Ermənistanda minlərlə hərbçisi, hərbi texnikası və geniş silah arsenalı olan, Ermənistanın dəmir yollarından sərhədlərinin mühafizəsinə qədər bütün ərazisində at oynadan Rusiya üçün Nikol Paşinyanı aradan götürmək nə çətin iş idi ki?..
Paşinyan Kremlin razılıq verdiyi qədər, cızdığı xəttə kimi avrointeqrasiya siyasəti yürüdür. Nəticədə Rusiyanın verə bilmədiyi pulları Paşinyan Avropadan alır: Avropa Sülh Fondu 30 milyon avro, Avropa Kamissiyası 50 milyon avro…Sanki toya pul yazdırırlar…Sanksiyalar altında olan Rusiya da Ermənistana “pressinq” ssenarisinin arxasında gizli ticarətini Ermənistan üzərindən davam etdirir. Rəsmi Moskva həm də Ermənistanda seçicilərin fəallığını artıran siyasət yürüdərək Paşinyanın reytinqinə müəyyən xallar əlavə etmiş oldu. Amma elə plan hazırlanıb, həyata keçirildi ki, Paşinyan istədiyi səviyyədə üstünlük əldə edə bilmədi. Çünki Rusiyada Paşinyanı və ümumən 2 əsrlik təbəələrini yaxşı tanıyırlar, bilirlər ki, azacıq gözdən qoysalar, uzaqlara gedərlər. Paşinyan da Rusiya ilə anlaşma halında Samvel Karapetyanın pasportunu özünə qaytardı seçki ərəfəsində, üstünə çox getmədi, “Güclü Ermənistan”ın mandat qazanmasına bundan artıq maneçilik törətmədi. Həm də özünə elə də ciddi təhlükə görmədiyi üçün. Beləliklə, bütövlükdə proseslərdə Rusiyanın təsiri açıq şəkildə hiss olunur. Rus səfir Kopırkinin İrəvandan məsləhətləşmələr üçün getməsi də bir tamaşa idi.
Bu gün Rusiyanı düşündürən əsas məsələlərdən biri Zəngəzur dəhlizidir – Tramp marşrutudur. Seçki kampaniyası dövründə “Putin yolu” ilə bağlı məlumatların gündəmə atılması da təsadüfi deyildi. Rusiya sərhədçilərinin Meğri bölgəsindən çıxmaması və rəsmi İrəvanın buna loyal münasibəti də Ermənistanla Rusiya arasında müəyyən anlaşmanın mövcudluğundan xəbər verir. Beləliklə, Rusiya bu rejimin davamına razılıq verir, lakin Ermənistanın “cilov”u yenə də Kremlin əlində qalır…
Əks halda, niyə hər şeydən danışan Paşinyan Rusiya sərhədçilərinin Meğridən çıxarılmasının zəruriliyindən danışmır? Axı, özü anons etmişdi ki, 2026-cı ilin ikinci yarısından Tramp yolunun tikintisi başlanılacaq. Rus sərhədçiləri azərbaycanlıların sonuncu deportasiyaya məruz qaldığı Nüvədi kəndindən, ətraf ərazilərdən niyə çıxmır, Tramp marşrutunun tikintisi zamanı amerikanlara daş-beton daşıyacaqlar?!
Ermənistan Zəngəzur dəhlizində işlərin ilin sonunda, payız-qış aylarında başlanacağını açıqlayıb. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib: “Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payızda və ya qışda artıq tikinti mərhələsinə keçəcəyik”.
Niyə belə gec? Belə gözəl havada işə başlamağa mane olan nədir? Görünür Paşinyan Kremldən təlimat alıb: “Sənə toxunmaram, Zəngəzurda işləri ləngit!” Əks halda, ABŞ maliyyələşməyə belə qərar veribsə, 25 milyard dollarlıq layihə varkən işlər niyə gecikdirilir və Rusiya hərbçiləri qəfildən “səhnəyə” çıxır?
Azərbaycan Prezidenti hələ keçən ilin avqustunda ABŞ-də olarkən xəbərdarlıq etmişdi ki, gecikmək lazım deyil! Çətin coğrafi relyefi olan ərazilərdə yağışda, qarda işləmək beləmi rahatdır? Hər halda, 2020-ci ilin 10 noyabrında imzaladığı kapitulyasiya aktının 9-cu bəndini pozan Paşinyanın 8 avqust 2025-ci il Vaşinqton razılaşmasının da arxasından qaçmayacağını əminliklə demək olmur.
Özü də birincidə Rusiyanın təşəbbüsü ilə imzalamışdı, sonrakı sənəd Vaşinqtonda razılaşdırılıb və Kremli çox əsəbləşdirib. Bütövlükdə Nikol Paşinyanla bağlı romantik yanaşmalara ehtiyac yoxdur. Nə Ermənistan demokratiya sınağından uğurla çıxa bilib, nə də Paşinyan Azərbaycanın qarşısında götürdüyü öhdəliklərə qətiyyətlə əməl edən siyasətçi təsiri bağışlayır. Cəmi 42 km-lik Zəngəzur dəhlizində daşı-daş üstə qoymayan bu ölkənin sülhü imzalaması belə heç nəyi dəyişməyəcək, çünki konstitusiya dəyişməlidir! Həm konstitusiya, həm sülh sənədi isə parlamentdə ratifikasiya olunmalıdır. Sonda yenə də Rusiyanın Ermənistan və Paşinyanın qarşısında qurduğu bənd yada düşür.
Şübhəsiz ki, rəsmi Bakı bir azdan Paşinyan və komandasının, bütövlükdə Ermənistanın yaddaşını təzələməli olacaq. Əvvəl seçki bəhanələri var idi, o da bitdi, EV TAPŞIRIQLARINI yerinə yetirsinlər, səbrimizi daşırmasınlar! Bu gün Paşinyan daha çox Türkiyə – Ermənistan dəmir yollarına, əlaqələrə diqqət çəkməyə çalışır. Başa düşmür ki, Bakı ilə anlaşmadan Ankarayla anlaşma əldə olunmayacaq!
Elşad PAŞASOY


























