image-reklam-veteninfo
image-resize-1backend

2 məşhur şəxsin “qız ovu”: “Milisin bizə “buyurun” deməkdən savayı çarəsi qalmadı”

image-reklam-veteninfo

Akademik Rafael Hüseynov “525-ci qəzet”də mərhum aktyor, rejissor, Əməkdar incəsənət xadimi Məmməd Əlilinin böyük dramaturq, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlı ilə bağlı maraqlı xatirələrini qələmə alıb.

Vətəninfo.az xəbər verir ki, xatirələrdə “Almas” filminə aktrisa axtarışı zamanı baş verən məzəli hadisə, eləcə də filmin Moskvada təsdiqlənməsi üçün yaşanan çətinliklər və C.Cabbarlının sadəliyindən doğan maraqlı əhvalatlar yer alıb.

“Yada salırdı günortalardan birində Cəfərin onu da götürərək şəhərə qız axtarışına çıxmasını.

Əvvəl Cəfərin təklifi onu karıxdırmış, təəccüblə soruşmuşdu ki, o nə sözdür danışırsan? Cəfər ürəkdən gülübmüş ki, “Almas” filmində Yaxşı rolunda çəkilmək üçün qəşəng bir qız lazımdır.

Minirlər tramvaya, düşürlər şəhərin canına, başlayırlar dayanacaq-dayanacaq gəzməyə ki, ya qismət, bəlkə qarşılarına haradasa gözəl bir qız çıxa.

Və Cəfər “qız ovu”na növbəti çıxışlarından birində qəfilcə Əlilini dümsükləyərək qabaq cərgədə oturan qıza işarə edir: “Əsl Yaxşıdır ki, durub. Sən bir ona yaxınlaş, ünvanını öyrən. Gedək ata-anasıyla, qohum-əqrəbasıyla danışaq”.

Məmməd Əlili şövqlə qalxır, yaxınlaşır qıza, salam verir, Cəfərin tapşırdığı kimi, adını soruşur, ardınca da xəbər alır ki, harada yaşayırsınız, ünvanınızı mənə deyə bilərsinizmi?

Əlilinin yadında bura qədər olanlar qalmışdı, sonrasından xəbəri olmamışdı. Əvvəlcə yağlı bir şapalaq gəlir, ardınca təpik, sonra da şiddətli şapalaq-təpiklər başlayır bir-birini əvəz etməyə.

Sən demə, həmin qızın yanında oturan həyat yoldaşı imiş. Elə zənn edir ki, xanımına sataşırlar, qeyrət güc gəlir, qəzəblə qalxır ayağa, Əlilini bas deyincə çırpır. Cəfər dostunu qısqanc cavanın əlindən zorla qoparır.

Məmməd Əlili xatırlayırdı ki, sonralar həmin adamla dostlaşdıq da və o tramvaydakı dalaşmaq səhnəsini də həmişə qəhqəhəylə yad edərdik.

Cəfər qızın ailəsi ilə görüşüb razılığa gəlsə də, filmin rejissorları Ağarza Quliyevlə (1898–1976) Qriqori Braginski (1892–1964) məsələyə fərqli yanaşırlar, seçilmiş mümkün namizədlərdən başqasının üzərində dayanırlar, amma həmin xanım da, Əlilinin xatırlamasınca, sonralar hey təəssüflənərmiş ki, niyə “Almas”da mən çəkilmədim”.

Qəzetdə “Almas”la bağlı Məmməd Əlilinin başqa xatirələri də yer alıb:

“Qaydaya görə, filmin ssenarisi Moskvada təsdiq edilməli idi. Ona görə Cəfərlə mən təcili Moskvaya yola düşməli idik. Bunun üçünsə bizə vəsait ayrılmalı, ezamiyyət xərcləri ödənilməli idi, kinostudiyanın kassasında isə, həmişəki kimi, pul yox idi.

1933-cü ildə “Azərfilm”in direktoru Mirşüca Ağamirov (1899–1977) adlı bir nəfərmiş. O, Cəfər Cabbarlıya qəbz verərək tapşırır ki, adlı-sanlı adamsan, səni əliboş qaytarmazlar, bu sənədlə bankdan pul ala bilərsiniz.

Cəfər vaxt itirməmək üçün Əlilini biletləri almaqdan ötrü dəmiryol vağzalına göndərir, özü yollanır banka. Belə şərtləşiblərmiş ki, Əlili bileti alıb dönür Cəfərgilə, Cəfərin qayınanası Zeynəb xanımla yol üçün hazırlanmış pal-paltarı, yemək-içməyi götürərək gəlirlər vağzala, Cəfər də bankdan pulu alaraq qatarın yanında onları qarşılayır. Amma Əlili tezliklə biletləri alıb qayıtsa da, Cəfər bankdan pulu götürə bilmir. Cəfər zahirən sadə, saya görünən bir adammış, üstəlik həmin gün banka yollananda ev geyimindəymiş, ayağında da şəpik. Fikirləşibmiş ki, onsuz da buradan birbaşa perrona gedib öz kupemizə girəcəyəm, təzədən libası dəyişib ev paltarı geyinməyə ehtiyac qalmasın.

Banka çatınca sənədi göstərir ki, direktorun yanına getmək istəyirəm, buradan bizə pul verilməlidir, kinostudiyadan gəlmişəm.

Onu qarşılayan bank əməkdaşı gələnin təhər-tövrünə baxaraq qayıdır ki, direktor məşğuldur, işi çoxdur, sizi qəbul edə bilməyəcək, sabah şənbə, o biri gün bazardır, bazar ertəsi gələrsiniz.

Cəfər evə zəng vurur ki, Əliliyə çatdırın biletləri qaytarsın, çünki səfərimiz təxirə düşür, yəqin, bir neçə gün sonra yola çıxarıq, pulu ala bilmədim”.

Xatirələrdə qeyd olunub ki, bankın direktoru C.Cabbarlını şəxsən tanımırdı, ona görə də onunla görüşməyi qəbul etməmişdi:

“Əlili bu xəbəri alınca götürülür banka sarı. Deyirdi ki, özümü bankın yanına çatdıranda onu gördüm ki, Cəfər orada Azərbalıq idarəsinin şüşə vitrinləri arxasında qoyulmuş akvariumdakı balıqları seyr etməklə məşğuldur. Kəlmə kəsmədən Cəfərin qolundan tutub gətirdim bankın bağlı qapısının yanına, növbə çəkən milisə dedim ki, bu qonaq Türkmənistan bankının direktorudur, bizim bankın müdiri yoldaş Tağızadənin yaxın dostudur, onunla görüşməyə gəlib, siz də qonağı qapıda saxlamısınız!

Əlili bunları deyəndə qımışırdı ki, Cəfərin başında qulaqlı papaq, əynində noxudu köynək, ayağında da səndəl vardı, o görkəmlə Türkmənistan bankının müdiri sözləri heç cür uyuşmurdu, amma mənim geyim-kecimim nisbətən rəsmi idi, səsimə də amiranə ton vermişdim, odur ki, milisin bizə “buyurun” deməkdən savayı çarəsi qalmadı.

Məmməd Əlili girir Cəfərin qoluna, birbaşa qalxırlar bankın direktoru Tağızadənin kabinetinə.

Əlili söhbəti belə başlayır ki, aşağıdan buraxmırdılar, ona görə Türkmənistan bankının direktoru söhbətini özüm zarafatla dedim. Sizin yanınıza yazıçı Cəfər Cabbarlının xahişi ilə gəlmişik. Çünki Azərbaycanın həyatında böyük hadisə baş verəcək. “Almas” filmi çəkilir, o filmin çəkilişləri ilə bağlı Moskvaya getməliyik.

Bizim vəsaitimizi gərək təcili ödəyəsiniz ki, elə bu gecə yola çıxa bilək.

Bankın direktoru qayıdır ki, mənə bayaq o barədə dedilər, ancaq pulu almaq üçün əvvəl bir adamı göndərmişdilər. Cəfər özü gəlsəydi, düşüb onu qapıda qarşılayardım.

Məmməd Əlili qayıdır ki, elə Cəfər budur da, yanımdadır.

Bankın direktoru, söz yox, Cəfər Cabbarlının adını eşitmişdi, onu uzaqdan-uzağa tanıyırdı, yəqin, Azdramada hansısa pyeslərinə baxmışdı da. Ancaq onu şəxsən tanımırdı, çoxları kimi, yəqin, o da Cəfərə əfsanəvi şəxsiyyət kimi yanaşırdı. Onun təsəvvüründəki nəhəng surətlə qarşısındakı bu sadə, başı papaqlı, ayağı çəkməli adam necə tən gələ bilərdi?! Odur ki, heyrət içərisində qalmışdı, bir az da pərt olmuşdu və çox dərinə getmədən əlüstü işi yoluna qoyur, qəbzi alıb ödənişi aparır, gələnlərlə üzrxahlıq edə-edə xudahafizləşir.

“Almas”ın ekranlaşdırılması haqqında müsbət qərarın verilməsi, söz yox ki, Cəfər Cabbarlının həyatındakı ən əlamətdar hadisələrdən biri sayılmalı idi. Təbii, yazıçının pyesi kinoya çəkilirdisə, bu, özlüyündə ciddi uğur idi. Ancaq burulğanlı vaxtın bir para təhlükəli pərdəarxası cərəyanlarını nəzərə alarkən “Almas”ın ekranlaşdırılması haqqında hökumətin qərarı Cəfərçün sadəcə bir nailiyyət yox, ikiqat, üçqat uğur, daha artıq – xilas idi”.yenisabah.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki