image-photo-2021-12-18-09-08-56backend

Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü

image-reklam_sirab_01

Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. NATO 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılıb. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulub. 1997-ci ildə NATO keçmiş sosialist düşərgəsinin üzvü olan Macarıstan, Çexiya və Polşanın da onun sıralarına daxil olması haqqında qərar qəbul edib və bu qərar 1999-cu ildə həyata keçirilib. Bir neçə il sonra isə – 2004-cü ildə Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya və keçmiş sovet respublikaları – Litva, Latviya və Estoniya da bloka qoşulub. Bununla da alyans üzvlərinin sayı 26-ya çatıb. Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının əsas tələblərindəndir. Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib. Azərbaycanla NATO arasında da ikitərəfli əlaqələr mövcuddur. 2022-ci ildə Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü olacaq. Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb. Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum Prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub.Azərbaycanın xarici siyasətində də əsas istiqamətlərdən biri Alyansa inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalanıb. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün ölkəmiz SNT-nin Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin 1997-ci il 12 noyabr tarixli fərmanına əsasən, NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Alyans daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. 2006-cı il noyabr 28-29-da Riqada keçirilən Şimali Atlantika Alyansının toplantısında, 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən NATO/EAPC və ISAF, 2009-cu il aprelin 3-4-də Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi. NATO Vətən müharibəsi zamanı bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə, danışıqlara çağırıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Bu ilin iyununda NATO-nun Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu onu göstərir ki, Alyans münaqişəni bitmiş sayır. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib. O, işgüzar səfəri çərçivəsində dekabrın 14-də Şimali Atlantika Alyansının iclasında iştirak edəcək. Qurumun mənzil-qərargahında Prezidentlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident İlham Əliyevin NATO-da keçirəcəyi bu görüş əvvəlkilərdən fərqlənir. Odur ki, dövlət başçısı ilə baş katib arasında danışıqlarda artıq keçmiş münaqişədən bəhs edilməyəcəyini ehtimal etmək olar. Regiondakı yeni şərait fonunda Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verə biləcəyi töhfələrin görüşdə müzakirə olunacağı gözlənilir. Bütün bunlar Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdiyini təsdiqləyən amillərdir.  Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra tərəflər arasında əməkdaşlıq daha da inkişaf edib, genişlənəcək və yeni mərhələyə keçəcək.

Rəhimova Fəridə – Azərbaycan Dövlət İqtisad Universiteti

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki