Veteninfo.az-a regional geosiyasi prosesləri dəyərləndirən Arzuman Muradlı, İran rəsmilərinin son dövrlər Azərbaycanla bağlı verdiyi təxribatçı bəyanatlara və Tehranın bu qərəzli münasibətə olan susqunluğuna münasibət bildirib.
Arzuman Muradlı vurğulayıb ki, qonşuluq münasibətləri qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində qurulmalıdır: “Müəyyən dairələrin, xüsusən də İranın rəsmi şəxslərinin ölkəmizə qarşı yürütdüyü aqressiv ritorika, həm tarixi reallıqlarla, həm də müasir beynəlxalq münasibətlər normaları ilə tamamilə ziddiyyət təşkil edir. Azərbaycan öz suverenliyini və milli maraqlarını qorumaq əzmindədir və heç bir kənar təzyiq bu iradəni sarsıda bilməz.”
Muradlının sözlərinə görə, İran parlamentindəki bəzi fiqurların Azərbaycan əleyhinə səsləndirdikləri fikirlər, həm də İranın öz milli təhlükəsizliyinə qarşı atılmış uğursuz bir addımdır: “Tarixi təcrübə göstərir ki, Azərbaycanın maraqlarına zidd olan hər hansı bir cəhd, yalnız münasibətlərin gələcəyini uçuruma aparır. Biz iki ölkə arasında tarixi-mədəni əlaqələrin mövcudluğunu qəbul edirik, lakin bu əlaqələrin gələcəyi Tehranın konstruktiv mövqe tutmasından və qonşu dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmasından birbaşa asılıdır. Azərbaycan xalqı və dövləti, ölkəmizə yönəlmiş bu cür mənasız və təhdid dolu açıqlamalara kifayət qədər qətiyyətli cavab verməyə hər zaman qadirdir.”


























