image-photo-2021-12-18-09-19-17backend

ATƏT-in Minsk qrupu 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyib

image-reklam_sirab_01

1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Bu qrupun yaradılmasınınməqsədi münaqişəni həll etmək, tərəflər arasında sülhə nail olmaqdır. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də artıq heçə endirib. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.
Bununla yanaşı, müxtəlif vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə ilə bağlı digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərə yersiz müdaxilə edərək bu məsələni yalnız öz inhisarında saxlamağa çalışırdı. Müxtəlif vaxtlarda bu açıq-aşkar özünü göstərirdi. Məsələn, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən növbəti sənədlərin – yəni, AŞPA-nın 2016-cı ilin qış sessiyasında Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artmasına dair” və Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı sənədlərin qəbul olunacağı gözlənilirdi. Ancaq ATƏT-in Minsk qrupu həmsədrlərinin 2016-cı il yanvarın 22-də verdikləri bəyanatda deyilirdi: “Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”. Bütün bunlar uzun müddətdir vasitəçilik missiyasında heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun münaqişənin aradan qaldırılmasında maraqlı olmadığını bir daha göstərdi. Eyni zamanda, bu bəyanatın əsil mahiyyəti ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu həmsədrləri, işğal faktını qəbul etmək istəmirlər (?)! Onların mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşürdü. 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi açıq-aşkar təsdiqini tapdı.
Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən demişdir: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.
Bununla yanaşı, tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş lakin 28 il ərzində işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş fəaliyyətsizlik göz qabağındadır. Bu baxımdan dövlət başçısı İlham Əliyev Minsk qrupunun həmsədrlərinin diqqətinə çatdırdı ki, Azərbaycan Ermənistan ordusunu və demək olar ki, məhv etdi və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdı, nəticədə xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

 

 

Azərbaycan Dillər Universiteti- Fidan İbadova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki