image-photo-2021-12-18-09-08-55backend

Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Azərbaycan

image-reklam_sirab_01

Şərq Tərəfdaşlığı Avropa İttifaqı, ona üzv ölkələr və altı şərq qonşusu – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Proqramda tərəflər arasında əlaqələr aydın təsvir edilir və iqtisadi tənəzzülə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq sahəsini yenidən diqqət mərkəzinə çevirməklə ona çoxtərəfli istiqamət verir. Bununla yanaşı, proqrama əsasən, Avropa İttifaqı tərəfdaş ölkələrdə aparılan islahat və müasirləşdirmə prosesini dəstəkləmək və tərəfdaşların müstəqilliyi və onların sabitliyinə töhfə vermək üçün qonşularına sərmayə qoymağı öz üzərinə götürür.
Azərbaycan Respublikası 2009-cu ildə Praqada keçirilən zirvə görüşündə “Şərq tərəfdaşlığı” proqramına qoşulmuşdur. Hazırda Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafına xüsusi maraq göstərir və “Şərq tərəfdaşlığı” proqramı buna zəmin yaradır. “Şərq tərəfdaşlığı” proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. Şərq Tərəfdaşlığı çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Avropa İttifaqının maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, Avropa İttifaqının əmək bazarına giriş, Avropa İttifaqının qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Avropa İttifaqına görə, 10 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına ən böyük sərmayalar qoymuşdur və ölkənin əsas ticarət tərəfdaşı olmuşdur. Həmçinin, Avropa İttifaqı Azərbaycan neftinin ən iri istehlakçısıdır. Avropa İttifaqı, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat xabına çevrilməsi niyyətini də tam dəstələyir, hansı ki, qonşu ölkələrlə qurulan əlaqələrin daha da möhkəmlənməsinə yönəlibdir. Enerji və nəqliyyat sahələri ilə yanaşı, Şərq Tərəfdaşlığı proqramının mövcud olduğu son 10 ildə Azərbaycanda müxtəlif istiqamətləri əhatə edən çoxsaylı kiçikhəcmli layihələr həyata keçirilmişdir.
2021-ci il dekabrın 15-də isə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Dövlətimizin başçısı İlham Əliyev də Sammitdə iştirak edib. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Cənab İlham Əliyev vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Prezident İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib. Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Biz gələcəyə baxmalıyıq.
Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Birgə bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanıb.
Bəyannamədə koronavirusa qarşı vaksinasiya məsələlərinə də toxunularaq bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunub. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə öz dəstəyini ifadə edib.
İştirakçılar daha əvvəl keçirilən sammitlərdə üzərlərinə götürdükləri öhdəlikləri və ikitərəfli razılaşmaları bir daha təsdiqləyərək onların gələcəkdə icrasına dair qətiyyət ifadə ediblər. “Bu yolda iddialı islahat proqramımız və artan əməkdaşlığımız tərəqqi və dəstək üçün zəruri şərt olaraq qalır: rifahın artırılması və regionda, xüsusən də COVID-19 pandemiyası kontekstində sülhün, sabitliyin, dözümlülüyün və möhkəmliyin gücləndirilməsi”, – bəyanammədə belə deyilir.

Nəzrin Məmmədova, Bakı Dövlət Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki