“Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaqdır. Həmçinin, bu sahədə qanunvericilik bazası da mövcuddur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Ölkəmiz bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir. Artıq bu ərazilərdə bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyət göstərir.
Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və digər bazarlara da çıxacaq. Azərbaycanın güclü siyasi iradəsi və fəaliyyətinin uğurlu tarixi bunu deməyə əsas verir. Ölkəmizin müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Tam əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri da eyni uğurla həyata keçəcəkdir. Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirdi ki, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir, baxmayaraq ki, bu, müəyyən investisiya və vaxt tələb edir.
Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan son illər Avropaya “mavi yanacaq” ixracını genişləndirib. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının ixrac tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Dövlət başçımız çıxışında çox mühüm bir məsələyə də toxunaraq bildirdi ki, qaz layihələri anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Azərbaycanın da yaşıl keçidə getdiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz və heç kəs bu faktı yaddan çıxarmamalıdır. Buna görə də Azərbaycan qazının Avropaya nəqlini artırmaq üçün əlavə investisiyalara ehtiyac var. Həyata keçirilən mühüm, nəhəng layihələr Azərbaycan dövlətinin gücünün, qüdrətinin, potensial imkanlarının göstəricisidir. Hər bir sahə üzrə konkret proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi enerjiyə olan tələbatı da artırır və hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələb daha da çoxalır. Azərbaycan hökuməti ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın enerji güclərinin bir neçə dəfə artmasına nail olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.
Metin Hüseynov – siyasi sərhçi, politoloq