image-1backend

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perespektivləri nə vəd edir? –ŞƏRH  

image-reklam_sirab_01

Dünya siyasətində baş verən dəyişikliklər enerji məsələsini böyük güclər arasındakı hesablaşmaların əsas mövzusuna çevirir. Son zamanlar Avropanın enerjiyə artan tələbatı, Rusiya qazından tam şəkildə imtina etmə və Ukraynada davam edən müharibənin yaratdığı problemlər “Qoca qitə”nin builki qış mövsümünü ağır keçirəcəyindən xəbər verir.

“Fransanın anti-Azərbaycan siyasəti və bəzi Qərb təşkilatlarının ölkəmizlə bağlı qərəzli sənədlər qəbul etməsi faktiki, Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığını da risk altında qoyur. COP29 Bakı konfransında bir çox Avropa ölkələri liderlərinin iştiraka maraq göstərmədiyi fonunda enerji diplomatiyasında ciddi böhranın yaşana biləcəyini öncədən söyləmək olar. Təbii ki, ittifaqın yeni komandası sələflərinin ölkəmizə qarşı yürütdükləri qeyri-obyektiv mövqedən geri çəkilməzsə nə baş verəcəyi maraqlıdır.” -bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycan hər zaman verdiyi vədlərə sadiq qalır və imzaladığı sənədlərə məsuliyyətlə yanaşır.

“Bu baxımdan qarşı tərəfin də oxşar mövqe sərgilməsini gözləməyə mənəvi haqqımız var.

-TAP kəmərinin ötürücülük qabiliyyətinin artırılması;
-TANAP-ın genişləndirilməsi planları;
-Avropaya nəql olunan enerji həcmini artırmaq üçün enerji mənbələrinin diversifikasiyası;
-interkonnektorların sayının artması;
-alternativ enerji dəhlizinin yaradılması

istiqamətində atılan addımlar ölkəmizin “Qoca qitə” üçün vazkeçilməz tərəfdaş olduğunun faktoloji təsdiqidir. Prezident İlham Əliyevin rəhbərliyi altında hər il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları zamanı müəyyən edilən strateji xətt rəsmi Bakının götürdüyü öhdəliklər çərçivəsində enerji missiyasını layiqincə yerinə yetirdiyini sübuta yetirir.” -deyə millət vəkili əlavə edib.
“Ancaq Qərbin iyerarxik strukturlarında çeşidli qalaqurmalar, Avropa cəmiyyətlərində sürətlənən mənəvi deqradasiya, islamofobiya və faşizmə meyillənən siyasi partiyaların həm ayrı-ayrı ölkələrdə, həm də Avropa qurumlarında hakim mövqeləri ələ keçirmələri Qərbin enerji diplomatiyasında da dərin izlər buraxır və öncədən imzalanmış strateji sənədlərin taleyini sual altında qoyur. Siyasi ambisiyaların iqtisadi maraqların önünə sürülməsi bəzi Qərb mərkəzlərinin beynəlxalq əməkdaşlıq üçün fundamental əsas sayılan meyarlardan uzaqlaşmasına rəvac verir. Hazırda Avropa İttifaqı belə bir mərhələdən keçir. İttifaqın bütün strukturlarının Fransanın təsiri altında olduğu səbəbindən təşkilat çərçivəsində qəbul edilən qərarlar daha çox siyasi sifarişlərə köklənir. Azərbaycan əleyhinə Avropa Parlamentində qəbul edilən bir çox qətnamələr, Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayenin Bakı COP-unu iqnor etməsi, Fransa prezidentinin “biz Azərbaycandan qaz almırıq” anormal tezisi, Avropa maliyyə institutlarının ölkəmizin yeni enerji layihələrinə dəstəkdən boyun qaçırmaları birmənalı olaraq siyasi motivlidir. Əgər bu tendensiya Avropa İttifaqına seçilən yeni komissarların fəaliyyət dönəmində də dəyişməsə, o zaman növbəti illərdə Qərbin enerji təhlükəsizliyi sistemi ilə bağlı ciddi narahatlıqlar ortaya çıxacaq.
Beləliklə, 2024-cü il dekabrın 1-dən etibarən yeni postlarda fəaliyyətə başlayan və bu fəliyyəti 2029-cu il oktyabrın 31-ə qədər davam etdirəcək ittifaq liderlərinin baxışları Avropanın gələcəyini müəyyən edəcək. Seçilən yeni tərkib Şarl Mişel və Cozep Borrel dəst-xəttinə daha aqressiv elementlərin əlavə olunacağına bəzi şübhələrə yol açır.” -deyə Əlibala Məhərrəmzadə bildirib.

Millət vəkili hesab edir ki, Avropa İttifaqının xarici siyasətindən sorumlu şəxs – Estoniyanın keçmiş baş naziri Kaya Kallasın qatı antirus mövqeyində olduğunu nəzərə alsaq, onun qarşıdakı dövrdə Rusiya ilə münasibətləri səmimi tərəfdaşlıq üzərindən quran ölkələrə münasibətdə obyektivliyini qoruya biləcəyi az inandırıcı görünür.

“Sadəcə, ittifaqın yeni komandasının düzgün qərarlar verməsini şərtləndirə biləcək bəzi statistik məlumatara diqqət edək.

-Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 2023-cü ildə 24 milyard 821 milyon dollar təşkil edib;
-ötən il Azərbaycandan ittifaq ölkələrinə 21 milyard 821 milyon dollar dəyərində ixrac, 3 milyard 84 min dollar dəyərində idxal əməliyyatları həyata keçirilib;
-2023-cü il qitə ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib;
-Azərbaycanın ən çox ticarət dövriyyəsi həyata keçirdiyi ölkələr sırasında ilk pillələrdə İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya yer alır.” deyə millət vəkili qeyd edib.

Əlibala Məhərrmzadə bildirib ki,  ölkəmizin hazırda ticarət əlaqələrinin 50 faizindən çoxu məhz ittifaq üzvlərinin payına düşür.

“Uğurla reallaşdırılan enerji siyasəti Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri statusuna daşıyır. Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığının ilk akkordları kimi 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu və 2011-ci ildə qüvvəyə minən Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərmək olar.
Cari il ərzində dövriyyəyə daxil edilən kontentlərdən biri məhz Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və təşkilatın üzvlərindən birinə çevrilmə perspektividir. Xüsusilə, Qərbyönümlü hakimiyyət nümayəndələri və siyasi partiyalar Rusiya ilə əlaqələrə nöqtə qoyub Avropa şineli altına keçməyin yeganə çıxış yolu olduğunu bildirirlər. Ancaq burada ticarətin “qızıl qanunu”nu unutmaq olmaz: Ermənistan Avropa rezervuarlarına çıxış imkanı qazanmaq üçün Qərbə iqtisadi potensialını təqdim etməlidir. Halbuki, qonşu respublikanın belə bir potensialı ümumiyyətlə, yoxdur. Ermənistanın 30 illik işğal dövründə məhz Azərbaycana məxsus təbii sərvətləri talamaq hesabına iqtisadi rəqəmlərlə bəzi manipulyasiyalara getdiyini faktlar da təsdiq edir. Hazırda isə məğlub ölkə daha bir çirkin oyun apararaq Avropadan gizli yollarla aldığı məhsulları Rusiyaya re-ixrac etməklə özünün yüksək iqtisadi artım tempi barədə illüziyalara qapılır. Reallıqda isə vəziyyət belədir.

-2017-ci ildə Avropa ittifaqının Ermənistanın xarici ticarətindəki payı 24,3 faiz;
-Rusiyanın payı isə 26,7 faiz təşkil edib;
-2024-cü ildə Avropa İttifaqının payı 7,2 faizə düşdüyü halda;
-Rusiyanın payı 41,1 faizə yüksəlib;
-bu ilin birinci yarısının rəqəmlərinə görə, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi 8,3 milyard dolları keçir;
-bu, 2023-cü ildəki rəqəmi 7,4 milyard dollar üstələyir.
Rusiya tərəfi həmin rəqəmi ilin sonuna qədər 14-16 milyard dollara çatdırmağı hədəfləyir. Təbii ki, burada əsas “inkişaf drayveri” rolunda Ermənistanın real iqtisadiyyatı və daxili istehsal deyil, Rusiyaya həyata keçirilən re-ixrac çıxış edir. İrəvanın Qərbin Rusiyaya tətbiq etdiyi indiki sanksiyalar fonunda həyata keçirdiyi qanunsuz ticarət, təbii, Avropa İttifaqı ilə gücləndirməyə çalışdığı tərəfdaşlıq münasibətlərinə açıq zərbədir. Azərbaycan isə bütün platformalarda etibarlı tərəfdaş imicini qoruyub saxlayır və beynəlxalq hüquq normalarına əməl edir. Bu isə ölkəmizə olan inamı artırır və Azərbaycanın sürətlə qlobal aktorlar sırasında layiqli yerini almasına şərait yaradır.”- deyə millət vəkili əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image