image-photo-2021-12-18-09-19-17-1backend

Azərbaycan- Avropa İttifaqı münasibətləri

image-reklam_sirab_01

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə siyasi və iqtisadi məqsədlər üçün tərəfdaşlıq etmişdir. İlk olaraq, 24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti “Xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmiş, 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir.

Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Tərəfdaşlığın əsas və prioritet məqsədləri aşağıdakılardır;

-Qurumların gücləndirilməsi və yaxşı idarəçilik

-İqtisadi inkişaf və bazar imkanları

-Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti

-Yerdəyişmə və insanlar arasında əlaqələr

Aİ və Azərbaycan arasında imzalanmış ikitərəfli müqavilələrə misal olaraq Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS), Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Azərbaycan Respublikasının Aİ proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu, Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri, Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannaməni misal göstərmək olar.

                                                              Hüseyxanova Sevinc (Bakı Dövlət Universiteti)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki