image-1backend

Azərbaycan regionda dayanıqlı sülh arzulayır

image-reklam_sirab_01

Dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha 30 illik işğal dövrünün reallıqları fonunda hazırkı mərhələnin çağırışlarını diqqətə çatdırdı. Qeyd edldi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa heç bir nəticə əldə edilmədi.
Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən ilk olaraq göz önünə qalibiyyətimiz, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı gəlir. Səbirlsizliklə gözlədiyimiz bu anların 30 il uzanmasına səbəb olan amillər də diqqətdən kənarda qalmır. Bu, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi kimi qeyd olunur.
Dövlət başçısı İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. «Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan tərəfi torpaqları işğal altında olan zaman haqlı olaraq Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Dövlət başçısı onu da vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Reallıq budur ki, İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan təxribatlara əl atır, mülki şəxsləri atəşə tutur, dağıntılar yaradırdı. Sentyabrın 27-dən bugünədək təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, əksinə dünya birliyi Ermənistanın yürütdüyü faşizm ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır.
Ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki müsahibələrində Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu.
Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Azərbaycan tərəfinin şərtləri bundan ibarət idi ki, Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyimizi bəyan etdik.
Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqa bir daha birgünlük antiterror tədbirlərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanı üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədi, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdi.
Prezident İlham Əliyev Parlamettlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Azərbaycanın Ermənitsana sülh təklifindən, qarşı tərəfdən hələ də konkret addımlar atmaq barədə düşünməməsindən danışdı. «44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi» bildirən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki