image-20210429_185135backend

Azərbaycanın ekspert bəlası (replika)

image-reklam_sirab_01

Azərbaycanın informasiya məkanına baxanda belə bir təəssürat yaranır ki, dünyada politoloqların sayına görə ölkəmiz birinci yerdədir.  Orta təhsili birtəhər başa vuran, ali təhsili yola verən, Biləcəridən o tərəfə keçməyən kəslər müxtəlif rəsmi və sosial mediada ölkə rəhbərliyinin və digər dünya siyasətçilərinin qərar və addımları müzakirə edir, təklif və tövsiyələr verirlər. Bəzilərinin isə ən böyük nailiyyəti müxtəlif bəhanələrlə ölkəni tərk edib digər ölkələrdə məskunlaşmaq olub.  Vətənləri, torpaqları, xalqı üçün heç bir əməli iş görməyən “qaçarlar” hərəsi bir youtube kanal açıb və gün ərzində çörək qazanmaq üçün naməlum fəaliyyətlərlə məşğul olub, axşamlar “Siyasi Əjdahalara” dönüb Bayden və Putinin strategiyasını “alt üst” edirlər. Və bu “qəhramanlığı” tək yox, hələ də Azərbaycandan özlərini xaricdə ümumiyyətlə lazımsız olduqlarını gözəl başa düşən və yalnız bu səbəbdən hələ burdan qaçmayan “ağıl vulkanlarını”  qoşmaqla edirlər.  Əslində Azərbaycanın televiziya kanallarında göstərilən düşük şou proqramlarındakı qeybət və həyasızlıqdan geri qalmayan bu “siyasi müzakirələr” yüz nəfərdən çox izləyici yığanda isə, o qədər ruhlanılar ki, az qala özlərini Nobel mükafatçısı kimi  hiss etməyə başlayırlar. Bu ekspertlərə baxanda insanın  lap «Əyri Güzgülər Krallığı” povestində ki məşhur ifadə düşür: “Kaş  özünüzə kənardan baxardınız…”.

Bəziləri deyər ki, dünyadakı prosesləri izləmək və təhlil etmək üçün artıq internet kifayət edir. Amma şübhəsiz ki, istənilən nəzəri biliklər yalnız praktiki biliklərlə dəstəklənəndə reallığı daha düzgün əks etdirir. Yəni məsələn Türkiyədə heç vaxt olmayan şəxs Türk xalqının oradakı proseslərə münasibətini tam həcmdə dərk edə bilməz. Və yaxud ABŞ-da olmayan şəxs Amerikada hələ də mövcud olan irqçiliyin miqyasını bilə bilməz.  Aydın məsələdir ki, belə səfərlər hər bir şəxsə qismət olmur, amma dinləyicilər hər hansı bir şəxsin fikirlərini ciddiyə qəbul etmədən öncə, həmin şəxsin fikir söylədiyi sahə üzrə hansı nəzəri və yaxud praktiki biliklərə malik olduğunu özünə yaxşı təsəvvür etməlidir.

Digərləri deyər ki, mətbuat yalnız fikrini bildirmək istəyən şəxsləri cəlb edə bilir, və ola bilsin ki, məsələ üzrə mükəmməl nəzəri və praktiki biliklərə malik olan şəxs fikirlərini bölüşməkdən imtina etsin və sadəcə maraqlı olmasın. O halda, mətbu orqanlar yalnız kobud desək “bazarda” olan “aşağı” keyfiyyətli ekspertlərdən istifadə edirlər. Bu ekspertlər isə, özlərinin bilik kasadlığını internetdən məlumatlar əldə etməklə zənginləşdirməyə çalışırlar. Və nəzərə alsaq ki, Azərbaycan dilində internetdə resurs son dərəcə azdır, o halda bu kimilərin nə qədər aciz durumda olduqları aydın olur. Digər tərəfdən isə hətta xarici dilləri bilənlərin internetdən istifadə etmək imkanları geniş olsa belə, onlar hər məsələ üzrə yalnız üzdə olan məlumatları əldə etməklə kifayətlənir, məsələlərin tarixi səbəblərini araşdırmağa çalışmırlar. Və beləliklə,  fundamental biliklər faktiki olaraq fraqmentar biliklərlə əvəz olunur ki, buda öz növbəsində verilən informasiyaların dolğunluğun aşağı səviyyədə olmasına gətirib çıxarır.

Və bu vəziyyətdə ən böyük yük məhz jurnalistlərin üzərinə düşür. Məhz jurnalistlər bu kimi üçüncü və daha aşağı növ  ekspertlərin rəyini öyrənməkdənsə, ya həqiqətən işıqlandırılan məsələlərə dair həm nəzəri həm praktiki biliklərə malik olan şəxsləri cəlb etməyi bacarmalı, əks təqdirdə isə özləri yazdıqları məsələni tam ətraflı öyrənib, araşdırıb  oxucunun diqqətinə çatdırmalıdırlar. Yalnız bu halda geniş oxucu kütləsinin ölkədə və dünyada baş verən prosesləri düzgün qiymətləndirmək imkanları xeyli genişlənəcək və insanlar baş verən proseslərə daha düzgün prizmadan yanaşıb, daha düz  mövqe nümayiş etdirəcəklər.

Aydınoğli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image