image-fb_img_1687346857251backend

Azərbaycanın sovet işğalı altında olduğu dövrdə milis-xalq qarşıdurması-Keçili üsyanı

image-reklam_sirab_01

1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü. Orta əsr feodal qaydalarına uyğun şəkildə bu ərazilər üzərində yaşayan azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı.

Buna etiraz edənləri qaçaq adı altında qələmə verən bolşeviklər əhaliyə amansız divan tutur, zorla onların ailələrini sürgün edir, boşalan ərazilərə isə erməni ailələrini köçürürdülər. Azərbaycanda sovet rejiminə qarşı milli müqavimət hərəkatının əsas formalarından biri də qaçaqçılıq hərəkatı deyilən, lakin əslində ermənilərə və onlara havadarlıq edən bolşeviklərə qarşı baş verən üsyanlardan biri də Naxçıvanın Şahbuz rayonunda başlanan “Keçili dəstəsi” adlı 25 yaşlı Qaçaq Quşdan hərakatı idi. Qeyd edim ki, 21 yaşında mübarizə yoluna düşən Quşdan 7 il sərasər Keçilini dövrələyən dağlarda yaşayıb. Hökumətin xəbərdarlıqları, hədə-qorxuları onu yolundan, əqidəsindən döndərə bilməyib. Ancaq 1932-ci ildə evinə, ailəsilə görüşə gəldiyi gün Quşdanın kənddə olduğunu hökumət orqanlarına çatdırıblar və onlar da dan üzü təzəcə söküləndə Quşdanın evini mühasirəyə alıblar. Silahı yerə qoymaq, təslim olmaq təklifini Quşdan rədd eləyib, qeyri-bərabər döyüşə başlayıb, sonuncu gülləsini isə özünə saxlayıb – onda Quşdanın 28 yaşı var idi. Qaçaq Quşdan isə Keçilinin mərd mübariz oğullarından olmuş, bir müddət Keçili üsyanında vuruşmuşdu. Keçili üsyanı haqqında ilk dəfə olaraq arxiv sənədləri əsasında “Gecikmiş qələbə” adlı roman yazılıb.
Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir. Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili Kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir.
Keçili kəndində o illərdə 6 tayfa yaşayırdı. Hacılı tayfası – 40 ailəni, Əşkaflı tayfası – 30 ailəni, Sofulu tayfası – 20 ailəni, Alməmmədli tayfası – 30 ailəni, Zeynalxanlı tayfası – 17 ailəni, Qızıllı tayfası – 12 ailəni birləşdirirdi.
Keçili kəndi ümumiyyətlə tarixə nəzər salsaq heç kimə boyun əyməyən insanların yaşadığı bir yer idi. Hələ Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina etmişdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş 250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə əlbəyaxa olmuş, ona silah qaldırmışdılar.
1930 – cu ilin fevral ayında Naxçıvan MSSR – də sovet hakimiyyəti əleyhinə üsyan qalxdı. Bu üsyanda ən fəal üzvlər Keçili və Nahaçir dəstələrindən idi. Nahacir dəstəsi Naxçıvan mahalında ordunun olmamasından istifadə edərək üsyana qonşu Sirab, Ərazin, Əbrəkinis kəndlərini də cəlb etmişdi. Keçili – Şahbuz üsyançı dəstələri də onlarla birləşmişdi.
Hərakatın başlanmasına təkan verən səbəb isə NKVD əməkdaşı erməni Orbelyanın Naxçıvan kəndlərinə kütləvi erməni ailələrini köçürməsi, onları silahlandırması və qaçaq adı altında yerli əhaliyə divan tutuması idi. Bu həmin Orbelyandır ki, Xızı rayonunun Ağdərə kəndində qanlı izlər qoyub getmiş, onun rəhbərliyi ilə bu kənddə 1931-ci ildə onlarla sakin günahsız güllələnmişdir. 1940-cı il, 145-205-ci siyahı, P-4768, iş №3-adlı arxiv sənədində yazılır ki, Orbelyan Ermənistana gedərək oradan Keçili və ətraf kəndlərdə yaşayan ermənilər üçün adambaşı Fransa tüfəngi və 200 patron gətirmiş, yerli azərbaycanlıların isə bütün silahlarını müsadirə etmişdir. Ona etiraz edənlər divan tutmuşdur.Təkcə Keçili kəndindən isə 70 nəfər güllələnmişdi. Onların 80 faizi yaşlı ağsaqqalar idilər ki, erməniləri əraziyə buraxmağın tərəfində deyildilər. Əhalinin etirazlarını görən Orbelyan Naxçıvan MR-nın Daxili İşlər xalq komissarı Aydəmirovu inandıraraq Sovet üsul-idarəsinə müxalif adı altında aşağıdakı şəxsləri 1930-cu il 22 senyabrda çıxarılan qərarı ilə cəzalandırmışlar; Keçili kəndindən Məmmədəli Cəfərəli oğlu, Salam İsmayıl oğlu, 240 Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn oğlu, Müslüm Gülməli oğlu, Şahbuz kəndində Məmmədhüseyn Mazan oğlu, Paşa Hüseynəli oğlu əmlakları müsadirəmedilməklə güllələndilər. Ümumiyyətlə, üçlüyün 1930-cu il 22 və 23 sentyabr tarixli qərarı ilə Keçili kəndindən 10 nəfər, Kükü kəndindən 5 nəfər, Beçənək kəndindən 4 nəfər, Ərəfsə kəndindən 9 nəfər, Ləkətağ kəndindən 3 nəfər, Nahacir kəndindən 12 nəfər, Göynük kəndindən 6 nəfər, Dizə və Teyvaz kəndlərinin hər birindən bir nəfər güllələnmə cəzasına məhkum edilmişdilər.
Üsyançı dəstədə 200-dək adam birləşmişdi. Onlar xaricdə olan Kəlbalı xanın dəstələri ilə birləşib Naxçıvanda Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa zidd siyasətindən narazı olanların hamısı – varlılar, ortabablar, hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri və milis üsyanı yatıra bilmədi. Buraya ordunun xüsusi səhra qoşun hissələri çağırıldı. Üsyançılar bir neçə həftə ordu və milis hissələri ilə qəhrəmancasına döyüşdülər. Qeyri-bərabər döyüşlərdə 100 nəfər üsyançı şəhid oldu və 120 nəfər həbs edildi. Lakin hökumət qüvvələri üsyançı dəstələri tam məhv edə bilmədi. 30-40 nəfər üsyançı dağlara çəkildi. Onlar camaatı yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onu məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna kömək edə bilməmişdi. Lakin 1932-ci ilin aprelində üsyançı dəstə Sarı dağın ətəyində mühasirəyə alındı və ələ keçdi.
“Keçili işi” adlanan həmin qiyamın istintaqı sonra elə erməni mənşəli NKVD əməkdaşı A. Orbelyana tapşırıldı. Dindirmə prosesində Orbelyan tərəfindən qəsdən bir tayfa digəri üzərinə qaldırılırdı. Onları məcbur edirdi ki, digər tayfalar barəsində mənfi söz söyləsinlər. Xalis rus dilində aparılan dindirmə protokollarında isə elə şeylər yazırdılar ki, savadsız kəndlilər ağıllarına belə gətirmir və şübhələnmirdilər ki, Orbelyan bu dindirməni onların uşaqları, nəvələri arasında qəsdən daimi düşmənçiliyə çevirir.
Burada istefada olan polis polkovniki Sadıq Sadıqovun “Tarixin qan yaddaşı” adlı üç cildlik əsərinə müraciət edək. Müəllif yazır: “Üsyançılar hökümət qüvvələri tərəfindən məğlub edildikdə onların ailə üzvləri və yüzə yaxın insan Kolanıya qaçmış, sonradan isə İrana keçmişdilər. Üsyanda iştirak edən Kolanıların ailə üzvləri isə Sibirə sürgün olunmuşdur”

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki