image-1backend

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

image-reklam_sirab_01

Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirilib.

Əvvəlcə konqres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.

AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan elmi konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə Türk dünyasının nüfuzlu elm xadimlərinin, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini bildirib və qonaqları Azərbaycanda, Akademiyada görməkdən məmnun olduğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İsa Həbibbəyli vurğulayıb ki, biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, alimləri bir-birinə yaxınlaşdırmaq, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir. Bu mənada, bu gün keçirilən konfrans həmin böyük idealın həyata keçirilməsi istiqamətində atılmış mühüm addım kimi də böyük əhəmiyyətə malikdir”
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda Türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illliyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin hazırki geoloji mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.
Tədbirdə Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqazlar Daire Başkanı Ali Özgün Öztürk, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyat İnstitutunun direktoru professor Abdulselam Arvas, Türkiyə Hacəttəpə Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay, Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Milli Məclisin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib, tədbirin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə özünün töhfəsini verəcəyini vurğulayıb, bu xüsusda elm xadimlərinin üzərində böyük məsuliyyətin düşdüyünü bildiriblər.

Konfransla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Feyziyev III Beynəlxalq Türkoloji Konqresin məhz AMEA-nın Rəyasət heyətinin binasında  keçirilməsinin tarixi-simvolik əhəmiyyətini xüsusi vurğulamışdır. 1926-cı fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultayın Akademiyanın məhz bu gün tədbir keçirilən  böyük akt zalında baş tutduğunu xatırladan Cavanşir Feyziyev 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu bildirmiş və qeyd etmişdir ki, son illərdə  Şimali Kipr Türk Respublikası və Macarıstanın da iştirakı ilə Birliyimiz daha da möhkəmlənməkdədir.
Konqresə qatılan Türk dünyasına xidmət etmiş görkəmli alimlərin əməyini yüksək qiymətləndirən millət vəkili tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə böyük töhfə verəcəyini söyləyib.
Konfransda “Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği” mövzusunda çıxış edən millət vəkili Cavanşir Feyziyev bildirib ki: “Ortaq tarix, mədəniyyət və ortaq dəyərlərlə birləşən türk xalqları əsrlər boyu bir-biri ilə sıx münasibətdə olmuş, bir yerdə yaşamış, sevinclərini, kədərlərini bölüşmüşlər. Bu xalqların üzərinə zaman-zaman qaranlıq küləklər əssə də, heç bir iradənin bu birliyi pozmağa gücü çatmadı. Bir-birlərindən ayrılsalar da, mənəvi bağları heç vaxt sarsılmadı.
Bütün dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir vaxtda türk dövlətləri uğurla inkişaf edir. Bunun səbəbi türk xalqının ən böyük uğuru və sərvəti olan bu ölkələrdə mövcud olan sabitlikdir. Bu gün bu xalqların hər biri bu sərvəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün birgə fəaliyyətə böyük önəm verir. Ortaq dəyərlərimizi və türk mədəni irsini qorumaq və dünyaya tanıtmaq məqsədilə “XXI əsr türk dünyasının əsri olmalıdır!” Bütün müsbət meyilləri gücləndirmək və birlikdə çalışmaq ideyası ilə hər bir türk milləti öz adına töhfə verir.”- deyə Cavanşır Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Böyük İpək Yolu bu gün türk xalqlarının birləşməsinin simvolu kimi qələmə verilir və onun əhəmiyyəti getdikcə artır.

image-2
“Biz bunu təkcə müasir formatda bərpa olunduğuna görə deyil, həm də bu xalqların şüurunda tarix və mədəniyyətin ümumiliyi haqqında təsəvvür yaratdığına görə deyə bilərik. Deyilənə görə, ümumi mədəni sərvətlərin qorunmasında, tədqiqində və yayılmasında insan münasibətləri mühüm amillərdən biridir. Türk xalqlarının ortaq bayramı olan Novruzun hər il birlikdə qeyd olunması türk xalqımızın birliyinin sübutudur. Təbii ki, bu tədbirin birgə keçirilməsi regionda sülhün, həmrəyliyin yaranmasına xidmət edir. Mədəni-humanitar əməkdaşlıq çərçivəsində hər il mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər təşkil edilir, klassiklərin ədəbi-fəlsəfi irsi araşdırılaraq tərcümə edilir. Türk xalqları arasında əlaqələrin möhkəmlənməsində bir çox qurumların mühüm rolu var. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin türk mədəni irsinin tədqiqində, maddi və mənəvi dəyərlərin dünya miqyasında təbliğində mühüm rol oynayır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası da bu istiqamətdə uğurla fəaliyyət göstərir. Yaxın tarixə nəzər saldıqda görürük ki, türk xalqları arasında əlaqələr Orta Asiyada yeni müstəqil dövlətlərin yaranmasının ilk aylarında formalaşmağa başlayıb. O zaman bu xalqlar daha geniş türk dünyasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək iradə və əzmlərini nümayiş etdirərək Ankara Bəyannaməsini imzaladılar. Türkdilli ölkələrin prezidentləri Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstanda müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçiriblər. 2009-cu ildə Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bu əlaqələr yeni, daha düşünülmüş və praqmatik mərhələyə qədəm qoydu. Burada qəbul edilən sənəd, əsasən, türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətinin gələcəkdə keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması üçün əsaslar üzərində qurulmuşdur.
Türk sivilizasiyasının dərin kökləri var. Qloballaşma və dövrün çağırışları qarşısında öz gücünü qoruyan sivilizasiyalarımız gənc nəsli bəşəri dəyərlər ruhunda yetişdirməklə tərəqqi edir. Bütün bunların fonunda real nəticə verən görüşlər, sammit görüşləri, tədbirlər və s. bütün bunlar, şübhəsiz ki, türk dövlətləri arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə, yaxınlaşmasına zəmin yaradacaqdır. Bütün bu mənəvi yaxınlıqlar türk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə əməkdaşlığı gücləndirəcək.” – deyə Cavanşir Feyziyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image