Oktyabrın 22-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev E.Cəfərov adına 118 №-li tam orta məktəbdə Hövsan qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, səyyar görüşlərin keçirilməsinin əsas məqsədi vətəndaşların müraciətlərini dinləmək, onların sosial-məişət məsələlərinin yerində araşdırılaraq həlli üçün operativ tədbirlərin görülməsidir.
RİH başçısı görüş zamanı çıxış edərək bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün regionlarla yanaşı, Bakı şəhərinin rayonlarında da əhalinin rifah halının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib. Bu istiqamətdə qəbul olunan dövlət proqramları haqqında məlumat verən Adil Əliyev sakinləri proseslərdə fəallığa, icra orqanları ilə əməkdaşlığa və vətəndaş həmrəyliyinə çağırıb.
Səyyar görüşdə sakinlər tərəfindən kommunal xidmətlərin təkmilləşdirilməsi, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı A.Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






