Microsoft-un həmtəsisçisi Bill Geyts ABŞ Konqresində verdiyi ifadədə mərhum maliyyəçi və məhkum cinsi cinayətkar Ceffri Epşteynin onun şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə edərək təzyiq göstərməyə çalışdığını bildirib.
Reuters-in məlumatına görə, Geyts ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsində qapalı keçirilən dinləmələr zamanı Epşteynlə əlaqələri barədə sualları cavablandırıb.
Vətəninfo.az xəbər verir ki, milyarder iş adamı bildirib ki, Epşteyn onun nikahdankənar münasibətləri barədə məlumatlara malik idi və həmin məlumatlardan istifadə edərək onunla əlaqələri davam etdirməyə çalışıb.
“Bu məsələlərin Epşteynlə münasibətlərimlə heç bir əlaqəsi yox idi, lakin ailəm üçün ağrılı bir dövr idi. Epşteyn şəxsi həyatımla bağlı məlumatlardan və müxtəlif yalan iddialardan istifadə edərək mənə təsir göstərməyə çalışırdı”, – deyə Geyts ifadəsində qeyd edib.
Bill Geyts həmçinin vurğulayıb ki, Epşteynlə görüşləri zamanı onun hər hansı cinayət xarakterli fəaliyyətinin şahidi olmayıb və həmin dövrdə Epşteynin törətdiyi cinayətlərin miqyasını tam anlamadığını bildirib.
ABŞ Konqresinin araşdırması Ceffri Epşteyn işi üzrə hüquq-mühafizə orqanlarının fəaliyyəti, məhkəmə prosesləri, istintaqın gedişi və hökumət sənədlərinin açıqlanması ilə bağlı məsələləri əhatə edir.
Bu ilin əvvəlində ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə Bill Geytsin Epşteynlə 2008-ci ildəki həbs cəzasından sonra da bir neçə dəfə görüşdüyü qeyd olunub. Həmin sənədlər həmçinin Epşteynlə Geyts Fondunun bəzi əməkdaşları arasında əlaqələrin mövcud olduğunu göstərib.
Geyts daha əvvəl Epşteynlə münasibətlərinin əsasən xeyriyyəçilik layihələri və fond fəaliyyətləri ilə bağlı olduğunu bildirmiş və onunla görüşməsini səhv qərar kimi qiymətləndirmişdi.
Qeyd edək ki, Ceffri Epşteyn 2008-ci ildə fahişəliyə cəlbetmə ilə bağlı ittiham üzrə məhkum olunmuş, 2019-cu ildə isə yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı ilə bağlı yeni ittihamlarla həbs edilmişdi. O, həmin il məhkəmə prosesi başlamazdan əvvəl həbsxanada ölü tapılmışdı.
Hazırda ABŞ Konqresi Epşteyn işi ilə bağlı dövlət qurumlarının fəaliyyəti, yüksək vəzifəli şəxslərlə əlaqələr və istintaq prosesində yol verilmiş mümkün nöqsanları araşdırır.


























