Diplomatik münasibətlərdə səslənən bəyanatlar təkcə siyasi mövqe ifadəsi deyil, həm də beynəlxalq hüquq normaları və dövlətlərarası etiket baxımından qiymətləndirilən ciddi mesajlar kimi qəbul olunur. Bu kontekstdə İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndin Azərbaycanın paytaxtı ilə bağlı səsləndirdiyi sərt fikirlər də geniş rezonans doğuraraq müzakirə predmetinə çevrilib.
Maraqlıdır, son dövrlər İran rəsmi şəxsləri və siyasətçiləri tərəfindən Azərbaycana qarşı sərt ritorikanın intensivləşməsi nə ilə bağlıdır? Bu cür çıxışlar daha çox daxili auditoriyaya hesablanmış siyasi gedişdir, yoxsa Tehran bununla regiona və Bakıya müəyyən siyasi mesajlar verməyə çalışır?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib.
Deputat qeyd edib ki, İranlı deputat Əbülfəz Zöhrəvəndi birinci dəfə deyil ki, Azərbaycana qarşı qeyri- adekvat fikirlər səsləndirir. Amma hələ anlamır ki, onun dövləti özü “olum” və “ölüm” dilemması qarşısında xəritədə qalmaq uğrunda çarpışır:
“50 ilə yaxın aparılan qəddar və irticaçı siyasətin sayəsində bu gün İran siyasət meydanında tək qalıb. Coğrafi cəhətdən bir bölgədə yerləşdiyi körfəz dövlətləri də İranı “ şər ölkəsi” adlandıran ABŞ, Avropa və İsraillə iş birliyinə giriblər. Bölgəmizdə yalnız Türkiyə və Azərbaycan İrana qarşı təzyiqlərə və xüsusilə savaş açılmasına qarşı çıxıb. Buna baxmayaraq İran hərbiçiləri Azərbaycanın Naxçıvan şəhərindəki hava limanını hədəf aldılar və infrastruktura ciddi zərər vurdular. Bunu nankorluq və ya manqurtluq da adlandırmaq olar.
Belə olan halda Əbülfəz Zöhrəvəndin sayıqlamasını da İrana hörmətlə yanaşan tək- tük dövlətlərə və xalqlara qarşı növbəti nankorluq və ya xəyanət hesab edə bilərik. İlk dəfə deyil ki, İran tərəfindən ölkəmizə və xalqımıza qarşı xəyanətin şahidi oluruq. Bir sıra İran rəsmiləri uzun müddət torpaqlarımızı işğal etmiş ermənilərə dəstək verməklə artıq xəyanətkar xislətini göstəriblər. Bütün bunlar tarixi birliyimizə və qan qardaşlığımıza kölgə salmağa çalışan Əbülfəz Zöhrəvəndi kimi radikal şovinistlərin İranın rəsmi dairələrində yer almasının nəticəsində baş verib.
İran dövləti isə öz növbəsində Azərbaycanla mehriban qonşuluq və dostluq siyasəti yürütdüyünü bəyan edir. Bu gün İran ətrafında baş verənlər həqiqətin nədən ibarət olduğunu göstərəcək və o zaman Əbülfəz Zöhrəvəndi kimi manqurtlar öz xalqı tərəfindən lənətlənəcəklər”.


























