image-4jpeg-1665033853backend

CƏZASIZLIQ MÜHİTİ YENİ CİNAYƏTLƏRƏ ÇAĞIRIŞ DEMƏKDİR

image-reklam_sirab_01

Azərbaycan hakimiyyəti Vətən müharibəsindən sonra dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Ermənistanın son 30 ildə ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə və bu illər ərzində törətdiyi çoxsaylı müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirməyə və sülh müqaviləsini imzalamağa hazırdır.

Bunun üçün Ermənistan ölkəmizin beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü beş təməl prinsipini qeyd-şərtsiz qəbul etməlidir. Ermənistan məğlub edilmiş tərəf olsa da, Azərbaycan humanistlik edərək, məğlub tərəfi aşağılaya biləcək hər hansı bir təklif irəli sürmür. Təklif olunanlar isə digər dövlətlərlə münasibətdə ölkəmizin əsas tutduğu fundamental beynəlxalq prinsiplərlə eynilik təşkil edir, onlardan heç nə ilə fərqlənmir. Lakin Ermənistan sözdə sülhə hazır olduğunu bəyan etsə də, əslində, hər zaman olduğu kimi, yalnız görüntü yaratmaqla məşğuldur. Onun yeganə məqsədi vaxt qazanmaq və sülh prosesini mümkün qədər ləngitməkdir. Ermənistanın son hərbi təxribatları həm də bu məqsədi legitimləşdirməyə xidmət edir. Əgər belə olmasaydı, Ermənistan müharibə bitdikdən sonra Azərbaycan ərazilərinə 2021-ci ildə istehsal olunmuş minaların basdırılması əməliyyatından çəkinərdi. O, həqiqətən, sülh tərəfdarı olsaydı, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı gerçək məlumatı təqdim edərdi. Ermənistan bunu ona görə etmir ki, həmin məlumatlar ermənilərin özləri haqqında uydurduğu “əzabkeş millət” obrazını növbəti dəfə param-parça edəcək. Amma İlahi ədalət də öz işini görür. Bu ilin fevral və sentyabr aylarında Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan hərbçilərinə aid kütləvi məzarlıqların aşkar edilməsi bir daha sübut edir ki, xaricdəki bəzi dairələrin aldanaraq, bəzilərinin isə erməni sevdalısı olduqları üçün inandıqları “əzabkeş millət”, əslində, azərbaycanlı əsirlərə, hərbçilərimizə və mülki insanlarımıza qarşı qədim qəbilə tayfalarına xas olan qəddarlığı törədib. Onlardan bəzilərinin, hətta Ermənistan rəsmilərinin bununla bağlı öz etirafları da var. Serj Sarkisyanın Xocalı soyqırımı, Zori Balayanın isə azərbaycanlı körpəsinin dərisini diri-diri soymaqdan zövq alması ilə bağlı şəxsi etirafları ən qatı cinayətkarın da törədə biləcəyi əməl deyil. Edillidə əsgəri geyimdə kütləvi məzarlıqda basdırılmış 25 hərbçimizin sümük qalıqlarında aşkar edilən ağır işgəncə izləri yuxarıdakı etirafların, azərbaycanlılara qarşı bu illər ərzində törədilmiş amansız cinayətlərin miqyasından xəbər verir.

Bütün bunlardan sonra, Ermənistandan hələ də “sülh göyərçini”, “demokratiya mücəssiməsi”, “əzabkeş millət” düzəltməyə çalışanların bu müharibə cinayətlərinə adekvat qiymət verəcəklərinə inanmaq çox çətindir. Çünki Xocalı soyqırımını 30 il ərzində tanımayanların, indi bu cinayətə görə Ermənistanı qınayacaqlarını və ya ona qarşı sanksiya tətbiq edəcəklərini düşünmək sadəlövhlük olardı. 44 günlük Vətən müharibəsində Ermənistanın mülki əhalimizə qarşı qadağan olunmuş raketlərdən istifadə etməsi sanksiyalara və beynəlxalq qınağa səbəb olmadısa, bunun indi baş verəcəyi az inandırıcıdır. Axı, Ermənistan torpaqlarımızda apardığı qanunsuz məskunlaşdırmanı-başqa bir müharibə cinayətini Minsk qrupundakı vasitəçilərin faktaraşdırıcı missiyalarının gözü qarşısında törədirdi. İşğal dövründə ermənilər tərəfindən şəhər və kəndlərimizin yerlə-yeksan olunması, tarixi, mədəni və dini irsimizin qəsdən məhv edilməsi, məscid və qəbirlərimizin bilərəkdən təhqir olunması da keçmiş vasitəçilərin gözü qarşısında baş verirdi. Vaxtilə onlardan bəzilərinin susqunluğu və ya görməzdən gəlməsi Ermənistanı çoxsaylı müharibə çinayətlərinə həvəsləndirdiyi üçün, onların bugünkü susqunluğu, əslində, təəccüb doğurmamalıdır. Guya onlar bilmirlər ki, Ermənistan minaladığı ərazilərin gerçək xəritəsini, müharibədən iki il keçməsinə baxmayaraq, Azərbaycana qəsdən vermir? Atəşkəs dövründə bu minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həyatını və ya sağlamlığını itirib. Davam edən bu müharibə cinayətinə görə məsuliyyətin də məhz Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü, görəsən, havadarlarından kimsə ona başa salırmı və ya nə vaxtsa başa salacaqmı? Qürrələnərək düşünürük ki, bəşər tarixinin Homo Sapiens mərhələsini yaşayırıq. Ermənistanın insanlıq əleyhinə yönəlmiş cinayətlərini zəkalı insan qafasına sığışdıra bilənlər, görəsən, bunu hansı əxlaq ölçüsü ilə edirlər? Bu cinayətləri qınamayan dairələr, görəsən, bəşəri dəyərlərdən danışarkən, hansı mənəvi meyarlara söykənirlər? Nə qədər ki, müharibə cinayətini törədənlər və onlara rəvac verənlər beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb, nə qədər ki, Ermənistan kimi işğalçı ölkələr beynəlxaq təcridlə və sanksiyalarla üzləşməyib, hərbi təcavüz və qəddarlıq bundan sonra da davam edəcək. Amma artıq daha böyük və fərqli coğrafiyalarda. Çünki cəzasızlıq mühiti yeni müharibə cinayətlərinə çağırış və ya onların təşviq olunması deməkdir.

Bunun baş verməməsi üçün, ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı fundamental beynəlxalq prinsipə seçmə qaydasında deyil, ortaq dəyər kimi hamılıqla əməl olunmalıdır. İşğal və separatizmin dəstəklənməsi yeni müharibə cinayətlərinin xəbərçisi, təhlükəsiz dünya nizamına isə ciddi təhdid kimi qiymətləndirilməlidir. Kimliyindən asılı olmayaraq, buna təşəbbüs göstərən istənilən ölkə layiqli cəzasına çatdırılmalı və beynəlxaq münasibətlərdən dərhal təcrid olunmalıdır. Başqa ölkələrin xalqları da Azərbaycan kimi beynəlxalq hüququn və tarixi ədalətin bərpasını 28 il gözləməyə məhkum edilməməlidir.

Elə bütün bunlara görə, Prezident İlham Əliyev oktyabrın 5-də, ermənilərin “Qafqazın Xirosiması”na çevirdikləri Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bu bəyanatı verdi: “İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar… Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”.

Dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin, eləcə də 44 ölkənin 130-dan çox nüfuzlu təmsilçisinin, ümumilikdə isə 400-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq əhəmiyyətli bu mötəbər Forumda tarixi Zəfərin cəmiyyətimizdə yaratdığı əhval-ruhiyyəni də tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Bu, əlbəttə ki, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir, bunları siz hiss etməlisiniz. Biz bunu hiss edirik və xoşbəxtik”.

Prezident İlham Əliyev Forumun yaratdığı imkandan istifadə edərək beynəlxalq birliyin diqqətinə bir daha çatdırdı ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh müqaviləsini imzalamaq mövqeyində səmimi və israrlıdır. Ölkəmizin yeganə hədəfi genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla tamamlayaraq Böyük Qayıdışı təmin etməkdir. Dövlətimizin başçısı uğurlarımıza sevinən qardaş və dost ölkələrlə yanaşı, Ermənistana və havadarlarına bu mesajı da verdi: “Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki