İsa Həbibbəyli
AMEA-nın prezidenti, akademik
Müasir cəmiyyətin, ölkələrin və xalqların yüksək inkişafının əsas meyarlarından birinin elm faktorundan ibarət olması dünya elmi-ictimai fikrində qəbul olunmuş qənaətdir. Hələ ki, elmi cəhətdən geri qalmış elə bir ölkə göstərmək mümkün deyildir ki, orada inkişaf və tərəqqi müşahidə olunsun. Ölkələrin elmi göstəriciləri onların ümumi inkişaf səviyyəsinin barometridir. Ona görə də elmin inkişafına diqqət və qayğı göstərmək, elmi, təhsili ön mövqeyə çəkmək inkişaf etmiş dünya dövlətlərinin prioritetləri sırasında xüsusi yer tutur. Deməli, obrazlı mənada Elm Günü sadəcə elmin, alimlərin, ziyalıların deyil, geniş mənada ölkənin və xalqın əsas bayramlarından, ən təntənəli günlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda “Elm Günü”nün təsis edilməsi haqqındakı 9 aprel 2018-ci il tarixli Sərəncamı müstəqil dövlətimizin elmin inkişafına göstərdiyi qayğının və dəstəyin əməli ifadəsidir. Elm Gününün geniş miqyasda qeyd edilməsi alimlərin, tədqiqatçıların, yeni elmi nəsillərin inkişafı ilə əlaqədar məsələlərin gündəmə gətirilməsi, alimlərin xidmətlərinin dəyərləndirilməsi, elm sahəsində keçilmiş yolun müsbət təcrübələrinin, elm sahəsində dünyada gedən proseslərin dərslərindən nəticə çıxarılması, elmi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi vəzifələri özündə cəmləşdirir. Elm Günü akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi və Günün elminin proqnozlaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Məlum olduğu kimiAzərbaycanda elmin çoxəsrlik tarixi və böyük ənənələri vardır. Qədim dövr və orta əsrlərdə Azərbaycanda həm fundamental və tətbiqi elmlər, həm də humanitar və ictimai elmlər sahəsində davamlı ənənələr formalaşmışdır. Böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin yaratdığı Darüş-Şəfa Akademiyası və Marağa Rəsədxanası öz dövrünə görə dünyanın ən qədim və inkişaf etmiş elmi mərkəzlərindən biri idi. Bu akademik elmi mərkəz Çindən – Hindistana, Misirdən – İngilistana qədər tanınmış, dünya elminə mühüm töhfələr vermişdir. Universal elmi qabiliyyətlərinə və xidmətlərinə görə Nəsirəddin Tusi türk-müsəlman dünyasının Aristoteli kimi qəbul olunmuşdur. Eyni zamanda, Əbülhəsən Bəhməniyar Azərbaycani, Xətib Təbrizi, Səfiəddin Urməvi, Əbdülqədir Marağayi, Məhəmməd Hinduşah Naxçıvani, Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov və onlarla başqalarının əsərləri və elmi ideyaları bütün Şərq dünyasında geniş yayılmış, xalqımıza və ölkəmizə şərəf-şan gətirmişdir. Bundan başqa, Avropa ölkələrindən fərqli olaraq Şərqdə, o cümlədən də Azərbaycanda elmi-nəzəri fikri bədii əsərlər, poeziya sənəti vasitəsilə də inkişaf etdirmişlər. Dövrünün qüdrətli şairləri olmuş Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi və başqaları elmi-fəlsəfi ideyalarına görə əsl mütəfəkkir şəxsiyyətlər səviyyəsinə yüksəlmiş, ədəbiyyatla yanaşı, elmin də inkişaf etdirilməsinə böyük təsir göstərmişlər. Ona görə də orta əsrlər Azərbaycan poeziyası həm də zəngin elmi ideyalar xəzinəsi funksiyasını yerinə yetirmişdir.
Bununla belə, etiraf etmək lazımdır ki, Azərbaycan elminin inkişafında XIX əsrdən başlanan maarifçilik hərəkatının böyük rolu olmuşdur. Orta əsrlərdən gələn mədrəsə təhsilinin davam etdirilməsi ilə bərabər, XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın bütün bölgələrində meydana çıxmış dünyəvi məktəblər, genişlənən ədəbi məclislər, milli teatr hərəkatının və milli mətbuatın yaranması və inkişaf etməsi sistemli elmi fikrin formalaşmasında xüsusi əhəmiyyətə malik olmuşdur. Artıq XIX əsrdə ədəbi-ictimai fikirdə ikihakimiyyətlilik yaranmağa başlamışdır. Yeni Azərbaycan ədəbiyyatının inkişafında parlaq yazıçı və şairlər kimi şöhrət qazanan sənətkarlar həm də elmi əsərləri ilə də ölkədə və onun hüdudlarından kənarda tanınmışlar. Məsələn, Abbasqulu ağa Bakıxanov “Təbriz əhlinə xitab” kimi maarifçi şeirləri, “Kitabi-Əsgəriyyə” adlı didaktik hekayəsi ilə bərabər, həm də “Gülüstani-İrəm” kimi fundamental tarix kitabı ilə də Çar Rusiyasında, Osmanlı Türkiyəsində və İranda ad qazanmışdır. Abbasqulu ağa Bakıxanovun yazdığı “Coğrafiya” kitabı Türkiyədə nəşr edilmişdir. Yaxud Azərbaycan dramaturgiyasının və realist nəsrinin banisi olan Mirzə Fətəli Axundzadə, eyni zamanda, ölkəmizdə professional ədəbi tənqidin də əsasını qoymuşdur. Tanınmış maarifçi şair və pedaqoq Məhəmməd Tağı Sidqi həm də “Nümuneyi-əxlaqi”, “Töhfeyi-bənat, yaxud qızlara hədiyyə”, “Coğrafiya” kimi elmi-populyar xarakterli dərsliklərin də müəllifi idi. Bu baxımdan XIX əsrin sonu və XX əsrin əvvəllərində meydana çıxmış Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq, Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət, Hüseyn Cavid və başqalarının dərslikləri həm də dövrün elmi-maarifçi əsərləri kimi qəbul olunmuşdur. Beləliklə, Azərbaycanda elm məktəb dərsliklərindən keçərək müstəqil elmi təlim səviyyəsinə yüksəlmişdir.
Bütün bunlarla bərabər, Azərbaycanda elmin inkişafında elmi təşkilatların yaranması xüsusi əhəmiyyət kəsb edir. Bu cəhətdən 1923-cü ildə təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti çoxəsrlik elm tariximizə ilk elmi qurum kimi daxil olmuşdur. Tədqiq və Tətəbbö Cəmiyyətinin nümunəvi strukturu gələcək akademik qurumların modelinə çevrilmişdir. Tədqiq və Tətəbbö Cəmiyyətinin – Azərbaycanı Öyrənmə Yolu Cəmiyyətinin beş ildən çox keçdiyi yol Azərbaycanda daha əsaslı şəkildə təşkilatlanmış akademik qurumlara yol açmışdır. Həmçinin Tədqiq və Tətəbbö Cəmiyyətinin ətrafında cəmlənmiş və ya bu zəmində formalaşmış alimlər gələcək elmi təşkilatların qurucuları və əsas elmi heyəti kimi çıxış etmişlər. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Azərbaycan Elmlər Akademiyası arasında körpü funksiyasını yerinə yetirmişdir. Nəhayət, 1932-ci ilin 29 dekabrında təsis edilmiş SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması ilə respublikamızda ilk akademik elmi təşkilatın yaranması baş tutmuşdur. Az sonra, 1935-ci ildə həmin akademik qurumun SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı statusunda fəaliyyətini davam etdirməsi ilə ölkəmizin müstəqil akademik təşkilatının qurulması üçün zəruri olan addım atılmışdır. Bütün bunların əsasında 27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaranması ilə ölkə elminin davamlı və sistemli şəkildə inkişafı təmin edilmişdir. Milli Elmlər Akademiyasının keçdiyi 80 ilə yaxın məsuliyyətli və şərəfli inkişaf yolu Azərbaycan elminin çoxəsrlik inkişafı tarixinin xüsusi bir mərhələsidir. Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etmiş Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə və başqaları öz dövrlərinə görə ölkəmizdə fundamental tədqiqatların və tətbiqi elmin inkişaf etdirilməsi üçün məqsədyönlü islahatlar həyata keçirmiş, irəliyə doğru əhəmiyyətli addımlar atmışlar. Nəticədə Milli Elmlər Akademiyası zəminində Azərbaycanda müxtəlif istiqamətlər üzrə elmi məktəblər yaranmışdır. Azərbaycan keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda neft kimyası, neft geologiyası, yarımkeçiricilər fizikası, paleontologiya, idarəetmə sistemləri, fotosintez və seleksiya və sair kimi elm sahələri üzrə əsas elmi mərkəz kimi tanınmışdır. Elmlər Akademiyası həmçinin ölkəmizdə həmişə ümummilli ideayaların, milli dövlətçilik ideologiyasının, milli-mənəvi dəyərlərin əsas inkişaf mərkəzlərindən biri olmaq funksiyasını da şərəflə yerinə yetirmişdir.
Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi, elmin də inkişaf etdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna dərəcədə böyük xidmətləri olmuşdur. Məhz Azərbaycan Sovet Respublikasının rəhbəri Heydər Əliyevin xidmətləri sayəsində ölkə elminin baş qərargahı olan Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılmışdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində humanitar və ictimai elmlərin azərbaycançılıq istiqamətində inkişaf etdirilməsi, Azərbaycan dilinin və milli mədəniyyətin tədqiqi və təbliğinə xüsusi diqqət yetirilməsi xalqımızın gələcək dövlət müstəqilliyinə hazırlanmasına uğurla xidmət göstərmişdir. Sonralar Azərbaycanda müstəqillik uğrunda mübarizə hərəkatında və dövlət müstəqilliyi quruculuğunda alimlərin, yaradıcı ziyalıların aparıcı mövqe qazanmasının əsası görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi illərdə qoyulmuşdur. Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadov, akademik Fəraməz Maqsudov, AMEA-nın müxbir üzvləri Abbas Zamanov, Xudu Məmmədov, tanınmış professorlar Murtuz Ələsgərov, Yəhya Məmmədov, xalq yazıçıları Anar, Elçin, Yusif Səmədoğlu, xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqaları Azərbaycan tarixinin Heydər Əliyev epoxasının görkəmli milli ziyalıları, böyük mübariz vətəndaşlarıdırlar. Azərbaycanın yeni vətənpərvər nəsilləri ölkəmizin milli ruhlu adlı-sanlı vətəndaş alimlərinin və şairlərinin ideyalarının işığında yetişib formalaşmışlar.
Ölkəmiz müstəqillik qazandıqdan sonra da yeni tarixi epoxasının lideri olan Heydər Əliyev Azərbaycan elmini inkişaf etdirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi elmimizin keçmiş sovet imperiyasının təsirindən xilas edilərək, xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik mənafelərinə doğru istiqamətləndirilməsi sahəsində atılmış əhəmiyyətli addımdır. Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik dövrünə aid Heydər Əliyev tərəfindən təsdiq edilmiş ilk Nizamnaməsinin qəbul edilməsi də ölkə elminin müstəqil dövlət quruculuğuna və bəşəri dəyərlərə doğru inkişafında xüsusi rol oynamışdır. Azərbaycan alimlərinin yubileylərinin keçirilməsi, yüksək dövlət mükafatları ilə təltif olunması, yeni elmi nəslin nümayəndələrinin irəli çəkilməsi Heydər Əliyev ideallarının işığında elmimizin tarixinə yazılmış mühüm hadisələrdir. Azərbaycan Elmlər Akademiyasının 1975-ci ildə keçmiş SSRİ-nin ən yüksək mükafatlarından biri olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunması da Heydər Əliyev epoxasında qazanılmış tarixi nailiyyətdir.
Yeni tarixi epoxada Azərbaycan elmi ölkəmizin rəhbəri İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi ölkəmizin inkişaf strategiyasında və milli prioritetlər sırasında elmə dair müddəaların yer alması elmin rolunun daha da artırılması ilə bərabər, həm də cəmiyyət həyatının inkişafına doğru qəti dönüşünün təmin edilməsinə həlledici təsir göstərmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin Prezident İlham Əliyev tərəfindən 13 dekabr 2014-cü ildə təsdiq olunması Azərbaycan elminin yeni mərhələsinin məsul vəzifələrinin inkişafına doğru istiqamətləndirilməsinə hüquqi təminat vermişdir. Müstəqillik dövrü Azərbaycan elminin inkişafında müstəsna dərəcədə böyük rolu olan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin salınması, Yüksək Texnologiyalar Parkının yaradılması, AMEA Gəncə Bölməsinin, Lənkəran Regional Elmi Mərkəzinin təşkili, AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətə başlaması, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yeniləşdirilməsi, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsaslı şəkildə yenidən qurulması kimi dövlət əhəmiyyətli addımlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər kimi əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”kı 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələ başlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 3 noyabr 2023-cü il tarixdə təsdiq edilmiş yeni Nizamnaməsi Akademiyanın və ümumiyyətlə elmi fəaliyyətin ölkəmizin inkişafında başlanmış yeni epoxanın tələblərinə uyğun şəkildə yenidən qurulmasına geniş meydan açır. Son illərdə yenidən təşkilatlanma və müasir idarəetmə ilə əlaqədar Milli Elmlər Akademiyasında həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan elminin ölkəmizin inkişafına, müasir dövrün məsul vəzifələrinə doğru inkişaf etdirilməsinə təminat verir. Milli Elmlər Akademiyasında Azərbaycançılıq ideyasının ön mövqeyə çıxarılması, yeni tarixi dövrün milli ideologiyasının müəyyən edilməsi istiqamətindəki araşdırmalar elmimizin milli dövlətçilik maraqlarına və milli-mənəvi dəyərlərimizin tədqiq edilərək yeni nəsillərə çatdırılmasına hesablanmış tədbirlərdir. Azərbaycanın ədəbiyyatı və tarixinin, habelə milli mədəniyyətimizin yeni dövrləşdirilmə konsepsiyasının hazırlanması, çoxəsrlik inkişaf mərhələlərinin müəyyən edilməsi, milli fəlsəfi təlimlərin formalaşdırılması sahəsində aparılan müzakirələr və əldə edilən yekun qənaətlər xalqımızın tarixinin müstəqillik işığında yenidən yazılmasına, ədəbiyyat və mədəniyyət tariximizin azərbaycançılıq əsasında mərhələlər üzrə təsnifləndirilməsinə əsas verir. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 10 cildindən 7 cildinin yeni konsepsiya əsasında yazılıb başa çatdırılması, Azərbaycan tarixinin 15 cilddə yenidən yazılması üçün elmi konsepsiyanın və plan-prospektin müəyyən edilməsi, çoxcildlik milli fəlsəfi təlimlər kitabə seriyasının davam etdirilməsi yeni tarixi mərhələnin elmdəki əks-sədasının əməli təzahürüdür. Nəsimi adına Dilçilik İnstitutunda repressiya qurbanı olmuş özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin 1935-1937-ci illərdə ərəbcədən dilimizə tərcümə edilmiş “Divani-lüğat-it-türk” kitabının 86 ildən sonra üzə çıxarılması və 3 cilddə müqəddimə, giriş məqaləsi və şərhlərlə birlikdə nəşr edilməsi yeni tarixi mərhələnin mühüm elmi naliyyətlərindən biri kimi qiymətləndirilməyə layiqdir. “Qarabağın və Şərqi Zəngəzurun Dialektoloji Atlası”nın hazırlanıb nəşr edilməsi günün elminin əhəmiyyətli nailiyyətlərindən biridir. Humnaitar və İctimai Elmlər Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutlarında aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitabların əsasında Akademiyanın yeni Qarabağnamələr silsiləsi yaradılmışdır. Arxeologiya və Antropologiya İnstitutunun Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi qazıntılar həm bu diyarın qədim tarixinin və həm də I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin üzə çıxarılmasını təmin etmişdir. Bu il işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatların və qazıntıların əhatə dairəsi daha da genişləndirilərək bütün Qarabağı və Şərqi Zəngəzuru əhatə edəcəkdir.
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Heydər Əliyev İli”ndə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin, böyük ideallarının tədqiq edilib öyrənilməsi sahəsində böyük uğurlara imza atılmışdır. Artıq Akademiyanın alimləri tərəfindən 2 cildlik “Heydər Əliyev ensiklopediyası”nın hazırlanması üçün ilkin sözlük bazası üzərində iş başa çatdırılmışdır. “Heydər Əliyev İli”ndə Azərbaycan elmində Ulu Öndərin həyatı və fəaliyyətinin tanıdılmasından və təbliğ edilməsindən fundamental tədqiqatlar əsasında araşdırılıb ümumiləşdirilməsinə keçidi əks etdirən bir kitabxanalıq qədər monoqrafik tədqiqatlar hazırlanıb nəşr olunmuşdur. Akademiyanın Ümumi yığıncağının Xüsusi iclasında, təşkil olunmuş beynəlxalq və respublika miqyaslı konfranslarda dinlənilmiş mərzuzələr, aparılan müzakirələr XX əsrin böyük dahi rəhbəri Heydər Əliyevin şəxsiyyəti, xidmətləri və ideallarının xalqımıza və dünyaya çatdırılmasına uğurla xidmət edir. Eynilə “Nizami Gəncəvi İli”ndə də Milli Elmlər Akademiyası Azərbaycan Nizamişünaslığının azərbaycançılıq meyarları ilə yeni elmi əsaslarının yaradılmasına əhəmiyyətli elmi töhfələr vermişdir. Azərbaycanda və xarici ölkələrdə ana dilimizdə və beynəlxalq miqyasda nəşr edilmiş monoqrafik əsərlər və nüfuzlu jurnallarda çap olunmuş məqalələr böyük Azəırbaycan şairi Nizami Gəncəvi dühasının sənət qüdrətinə, ölməz şairin milli kimliyinə, nəsil şəcərəsinə, onun dünya şöhrətinə gur işıq salan yeni araşdırmaların ana xətlərini müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış ideyasının elmi əsaslarını formalaşdırmaq üçün də Akademiyada bir sıra əhəmiyyətli tədbirlər keçirilmişdir. Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının iclaslarında bu məsələ ilə əlaqədar əməli və konseptual məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. Artıq “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyü üzərində iş başa çatdırılmış, Qərbi Azərbaycana həsr edilmiş elmi əsərlərin biblioqrafiyası hazırlanaraq kitab halında nəşr edilmişdir. Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda yaradılmış Qərbi Azərbaycan Tarixi, Folklor İnstitutundakı Qərbi Azərbaycan Folkloru, Dilçilik İnstitutundakı Toponimika şəbələrində arxiv sənədləri və dövri mətbuat materialları əsasında fundamental tədqiqatların yaradılması sahəsində işlər uğurla davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycana dair yaradılan şöbələr və aparılan tədqiqatlar Ermənistan Elmlər Akademiyasında ciddi narahatlıq doğurmuş və bun agörə qonşu ölkənin akademik təşkilatının rəhbəri ölkəsinin Təhlükəsizlik Şurasına müraciət edərək, özlərində də bizə qarşı tədqiqat və təbliğat aparmaq üçün əlavə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu ilə Atatürk Kültür, Dil və Tarix Qurumunun Türk Tarix Qurumu ilə birlikdə 29 noyabr 2023-cü ildə “Rəvandan – İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq elmi konfrans keçirməklə Qərbi Azərbaycan tədqiqatlarının miqyasını daha da genişləndirmişdir.
Akademiyada aparılan islahatlar sırasında Elektron hərəkat xüsusi yer tutur. Akademik fəaliyyətin elmmetrik qiymətləndirilməsi, Akademiya alimlərinin əsərlərinə elmi istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulması, elmi-tədqiqat institutlarında Elektron xidmətlər şöbəsinin təşkili Akademiya elektron hərəkatının yeni elmi addımlarıdır. MDB Elmlər Akademiyaları məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Virtual Elektron Resurslar Sisteminin yaradılması mühüm elmi hadisədir. Türk dövlətləri içərisində Türkiyə Cümhuriyyətindən sonra ilk dəfə olaraq AMEA-da elmi jurnalların Dərgi Park Şəbəkəsinin təşkili də əhəmiyyətli elmi yenilikdir. Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyətinin dünyada böyük nüfuz qazanmış TÜBİTAK akademik təşkilatı ilə 28 fevral 2024-cü il tarixdə imzaladığı qarşılıqlı əməkdaşlıq haqqında müqavilə qardaş ölkənin elmi qurumu ilə birlikdə ölkəmizin TÜBİTAK-ının yaradılmasına hədəflənmişdir. Hazırda Elektron Akademiyaçılar sadə elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyaları modeli yaratmaq üzərində hazırlıq işləri aparırlar. Eyni zamanda, 2024-cü ildə AMEA-da “Süni intellekt və rəqəmsallaşdırma: imkanlar və risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində elektron hərəkatın nəzəri dərkinə və praktik əhəmiyyətinə diqqətin daha da artırılmasına səbəb olmuşdur.
Günün elmi haqqında danışarkən Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyası sahəsində atdığı addımları da ayrıca qeyd etməyə ehtiyac vardır. Belə ki, Akademiyanın tarixində ilk dəfə olaraq, 2023-2024-cü illərdə Milli Elmlər Akademiyası 3 beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edilmişdir. Hazırda AMEA Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assisiasiyası və Avrasiya Universitetlər Birliyində tam səsvermə hüququna malik olan akademik qurum statusu qazanmışdır. Son illərdə Türkiyə, Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro Elmlər Akademiyaları ilə bağlnmış müqavilələr, əldə edilmiş razılaşmalar Milli Elmlər Akademiyasının üfüqlərini daha da genişləndirmişdir. Milli Elmlər Akademiyası əməkdaşlarının Çin Xalq Respublikasının Honkonq Elmlər Akademiyasının, Qazaxıstan və Gürcüstan Elmlər akademiyalarının Fəxri üzvü seçilmələri, Nobel mükafatı laureatı Əziz Sancarın AMEA-nın fəxri üzvlüyünə qəbul edilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətində təmsil olunmaları Akademiyanın dünya elmi meridianlarındakı yeni səhifələridir. Eyni zamanda, AMEA-da 17 noyabr 2023-cü il tarixdə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda Azərbaycan alimlərinin sağlam rəqabət əsasında beynəlxalq elmi səviyyəyə çıxmaq imkanlarına iddialı olmalarını təşviq etməyə hesablanmışdır. Bu günlərdə Nobel Sülh Mükafatı laureatı banqladeşli Məhəmməd Yunusun Milli Elmlər Akademiyasında olması və aparılan müzakirələrdə beynəlxalq elmi əməkdaşlığın üfüqlərinin genişləndirilməsinə doğru yeni addımların atılması zərurətinin diqqətə çatdırılması bu sahədə yeni hədəflərin müəyyən edilməsinə meydan açır. İlk dəfə olaraq Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Türk Dil Qurumu ilə birlikdə 2023-cü ilin 26 sentyabrında Azərbayxan Milli Elmlər Akademiyasında Türk Dili Bayramının qeyd edilməsi Humanitar Elmlər Bölməsinin institutları ilə qardaş ölkənin eyni profilli qurumlarının əlaqələrinin daha da genişləndirilməsinə səbəb olmuşdur. Bunun ardınca Türk Dil Qurumunun nəşr etdiyi 420 kitabı Nəsimi adına Dilçilik İnstitutuna hədiyyə etməsi səmərəli elmi əməkdaşlığın nəticəsidir. Bu ilin mart ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda təşkil olunmuş Novruz bayramının Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyasının, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumu ilə birlikdə qeyd etməsi də qarşılıqlı əməkdaşlığımızın yadda qalan hadisəsidir. Qardaş Türkiyə Cümhuriyyətinin elmi qurumları ilə qarşılıqlı əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsi Azərbaycan Milli Elmlər Akademiyasının 2023-cü ildə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun və Türk Dil Qurumunun “Türk dilinə xidmət” beynəlxalq mükafatı ilə təltif olunmasında öz əksini tapmışdır.
Struktur islahatları sahəsində həyata keçirilmiş islahatlar Azərbaycan Milli Elmlər Akademiyasındakı yeniləşmə proseslərinin mühüm hadisəsidir. Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkili bu istiqamətlərdə tədqiqatların və tədbirlərin də miqyasının dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edir. Eyni zamanda, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının tərkibində zamanın müasir tələblərinə uyğun olaraq”Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Xəzərin arxeologiyası”, “Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı”, “İdrak nəzəriyyəsi və məntiqi”, “Türk xalqlarının əlyazmaları”, “Musiqi folkloru” şöbələrinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy türk ədəbiyyatı Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan elminin yeniləşmə imkanlarının daha da genişləndirilməsinə şərait yaradır.
Azərbaycan Milli Elmlər Akademiyası Elm Gününə hesabat verərkən qarşıda duran məsul vəzifələri də diqqətlə və məsuliyyət hissi ilə nəzərdən keçirərək irəliyə doğru addımlayır. Azərbaycançılıq istiqamətində tədqiqatların mükəmməl elmi sisteminin yaradılması, türk dünyası ilə elmi əlaqələrin daha da genişləndirilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiq edilməsi, yeni elmi nəslin hazırlanmasına diqqətin artırılması, daha optimal idarəetmə sistemlərinin qurulması, elektron sənəd dövriyyəsinin müasir səviyyəyə qaldırılması, süni intellektin humanitar və ictimai elm sahələrinə tətbiq olunması və ən başlıcası isə müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində Azərbaycan elminin rolunun artırılması Akademiyanın gələcəyə doğru hədəflərində mühüm yer tutur. Artıq Azərbaycan Milli Elmlər Akademiyasının embleminin dəyişdirilməsi və yeni loqotipinin yaradılması üçün keçirilmiş müsabiqənin başa çatmaqda olması da yeniləşmə proseslərinin detallarından birinin də gündəmə daxil olmasından xəbər verir. Məlumat üçün qeyd edək ki, AMEA-nın yeni loqotipinin yaradılması üçün təşkil olunmuş müsabiqəyə 23 Akademiya əməkdaşının çəkdiyi 57 layihə təqdim olunmuş, 27 mart 2024-cü il tarixdə keçirilən Elm Günü tədbirləri çərçivəsində həmin eskiz layihələrinə ictimai baxışı təmin etmək üçün ilk sərgi təşkil olunmuşdur. Tərkibində görkəmli rəssamların da olduğu müsabiqə komissiyasının qiymətləndirilməsindən sonra həmin eskiz layihələri içərisindən AMEA-nın loqosu üçün seçilmiş iş qəbul ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixdəki Andiçmə mərasimində irəli sürdüyü çağırışlar Milli Elmlər Akademiyası kollektivinin, alimlərimizin qarşısında daha mühüm vəzifələr qoyur. Azərbaycan alimləri müstəqil dövlətimizin inkişafına xidmət etməyi müqəddəs borc kimi qəbul edərək, daha böyük elmi hədəflərə doğru inamla addımlamağı şərəf işi hesab edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının elmi heyəti bu akademik təşkilatın təsis edilməsinin 80-ci ilinin başlanğıcında Elm Gününü bu əhval-ruhiyyələrlə qeyd edirlər. Alimlərin peşə bayramı olan Elm Günü mahiyyəti etibarilə Günün elminin vəzifələrinə, öhdəliklərinə və çağırışlarına işıq salır.