İtaliyanın məşhur xizək kurortlarından biri olan “Rokkaraso” “TikTok”da yayılan görüntülərdən sonra bir gündə təxminən on min turist qarşılayıb.
Vətəninfo.az xəbər verir ki, bu, sosial media fenomeni Rita De Kreskenzonun paylaşımlarından sonra, kurortun endirimlər tətbiq etməsi ilə baş verib.
Təxminən 220 avtobusla “Rokkaraso”ya gələn ziyarətçilər xizək qaydalarına riayət etməməkdə ittiham ediliblər. Turistlərin açıq yerlərdə manqal hazırlaması, zibilləri əraziyə atması reaksiyalara səbəb olub.
“Rokkaraso” meri Françesko di Donato icazəsiz avtobusların qəsəbəyə daxil olmasının böyük təhlükəsizlik riski yaratdığını bildirib. Nəticədə təhlükəsizlik qüvvələri tədbir görməli olub. Yerli hökumət sıxlığa nəzarət etmək üçün avtobusların girişini məhdudlaşdırıb.
Səlahiyyətlilər, həmçinin gələn həftə sonu üçün tur rezervasiyalarının iki dəfə artdığını qeyd edib.