Çeçenistanın rəhbəri Ramzan Kadırovun əmisi oğlu Dubayda muxtar respublikanın “qeyri-rəsmi səfirliyi” kimi istifadə etdiyi dəbdəbəli villa alıb.
BƏƏ-də Ramzan Kadırova bağlı elit daşınmaz əmlak aşkarlanıb. Xarici medianın nəşrinin məlumatına görə, dəbdəbəli villanı onun əmisi oğlu Şahruddi Edilgiriyev əldə edib.
Sahəsi 1026 kv.m olan malikanə süni “Palm Jumeirah” adasında, nüfuzlu “Zabeel Saray” otel kompleksində yerləşir. Alqı-satqı əməliyyatı 2022-ci ilin dekabrında baş tutub və əmlakın dəyəri 14,4 milyon dollar qiymətləndirilir.
“Ukrayinskaya pravda”nın jurnalistlərinə görə, Kadırov 2014-cü ildən Dubaydakı villasından “Çeçenistanın qeyri-rəsmi təmsilçisi” kimi istifadə edir. 2017-ci ildə burada yerli iş adamları ilə görüşlər keçirilib və Kadırov əfsanəvi boksçu Mayk Taysonu da qəbul edib.
Bundan əlavə, bildirilir ki, Edilgiriev 19 oktyabr 2023-cü ildə ümumi dəyəri təxminən 6 milyon dollar olan daha üç villa alıb.