image-6105_1738240972backend

AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

image-reklam_sirab_01

Yanvarın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada elektron xidmətlər sahəsində 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirilib.

Müşavirədə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi yeniləşən Akademiyanın başlıca prioritetlərindən biridir və 2024-cü il ərzində də bu istiqamətində mühüm addımlar atılıb, səmərəli fəaliyyət davam etdirilib. Qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bizləri də bu istiqamətə yönəlməyə vadar edir və bu yöndə Akademiyada həyata keçirilən fəaliyyət Azərbaycan elminin dünyaya çıxmasına kömək edir.

AMEA prezidenti elmi nəşrlərin elektron versiyalarının və bazalarının yaradılmasının, nəşrlərin beynəlxalq səviyyəyə yüksəldilməsinin, məqalələrə DOİ identifikatorunun verilməsinin, alimlərin akademik sosial şəbəkələrdən istifadəsinin genişləndirilməsinin, “Vikipediya” Virtual Ensiklopediyasında əlavə olunan və redaktə edilən məqalələrin sayının artırılmasının bu istiqamətdə həyata keçirilən başlıca tədbirlər olduğunu deyib. Vurğulayıb ki, nəşrlərin elektron versiyalarının yaradılması və məqalələrə DOİ identifikatorunun verilməsi alimlərimizin tədqiqatlarının beynəlxalq müstəviyə çıxmasına və onların elmmetrik göstəricilərinin artmasına təkan verəcək.

Akademik İsa Həbibbəyli bildirib ki, atılan bu addımlar Azərbaycan elmini dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə qaldırmaq məqsədi daşıyır və son illərdə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işlər nəticəsində bir çox uğurlar əldə olunub.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda məruzə ilə çıxış edib.

AMEA əməkdaşlarının könüllü qruplarının “Vikipediya” Virtual Ensiklopediyasında fəaliyyəti barədə məlumat verən F.İmranov ötən il ərzində 2207 yeni məqalənin yaradıldığını, 1500 məqalənin əsaslı redaktə olunduğunu söyləyib. Bundan əlavə, “Elektron Akademiya” şöbəsinin əməkdaşının bilavasitə iştirakı ilə “Vikipediya”da Azərbaycan dilində 504, ingilis dilində 123, türk dilində 77, rus dilində 60, fars dilində 11, alman dilində 9 və özbək dilində isə 7 məqalə (cəmi 791 məqalə) yaradılıb. Səmərəli fəaliyyət nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) 51-ə yüksəlib.

F.İmranov, həmçinin “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən Akademiyanın nəşrlərinə AMEA (ANAS) adı altında rəqəmsal obyekt identifikatorunun (DOI) təsis edildiyini bildirib. Qeyd edib ki, 2024-cü il ərzində AMEA-nın 26 elmi jurnalının, 47 nömrəsində dərc olunmuş 1009 məqalə və 17 konfrans materialı DOİ identifikatoru ilə təmin olunub. O, AMEA DOI identifikatoru təmin edilmiş jurnallar, jurnal məqalələri və konfrans materiallarının arxivləşdirildiyini də diqqətə çatdırıb.

Bundan əlavə, 2024-cü il ərzində AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə AMEA arasında birgə əməkdaşlıq sayəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AMEA əməkdaşlarının 140-dan artıq kursda iştirak edərək, ümumilikdə 881 “Coursera” sertifikatı aldıqlarını söyləyib.

Eyni zamanda bildirib ki, ölkə başçısının “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” fərmanlarının icrasının təmin edilməsi ilə əlaqar AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında AMEA-nın İnternet şəbəkəsinin, kompüterlərin texniki imkanlarının mövcud durumunun dəyərləndirilməsi məqsədi ilə texniki baxış keçirilib, təhlillər aparılıb və müvafiq təkliflər hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunub. Nəticədə AMEA Rəyasət Heyətinin internet şəbəkəsi yenilənib və hazırda şəbəkə qiqabaytlıq sürətlə işləmək imkanına malikdir və bu şəbəkə üzərindən AMEA Elektron Sənəd Dövriyyəsi Sisteminin fəaliyyəti təmin edilir.

F.İmranov bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdim etdiyi qaydalar çərçivəsində AMEA-nın saytlarının fəaliyyəti yenilənir. Akademiyanın 4 elmi bölməsinin və AMEA DOİ-nin saytları yaradılıb, hazırda istifadə olunur. Həmçinin dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər planında AMEA-nın icraçı olduğu bəndlərdə nəzərdə tutulmuş tədbirlər tam icra olunub.

Bundan əlavə, Akademiyanın 18 elmi jurnalının saytı yaradılıb, domen və hostinqlə təmin edilərək AMEA Dərgi Parkına daxil edilib: “Bu il AMEA Dərgi Parkına daxil olan 3 jurnal – “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqayisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkına daxil edilib, Türkiyədə yayımlanır və baza tərəfindən xülasələndirilir. AMEA Dərgi Parkına daxil olunan jurnallarda dərc edilən məqalələr “Google Scholar”a inteqrasiya olunur və 2-4 gün ərzində indeksləşdirilir. AMEA Dərgi Parkına və TÜBİTAK ULAKBİM DergiParkına daxil olan jurnalların sayının artırılması üçün zəruri tədbirlər görülür. Bundan əlavə, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalının Scopus bazasına daxil olunmasına baxılmaq məqsədilə AMEA Dərgi Parkı tərəfindən müvafiq qaydada təqdim edilib”.

Məruzəçi “Elektron Akademiya” şöbəsi tərəfindən AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası – AMEA İREMB-nin yaradılaraq istifadəyə verildiyini söyləyib. Bazada ümumilikdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmmetrik göstəriciləri qeydə alınır, təhlil olunur, ranqlaşdırılır, strukturlaşdırılır və vizual nümayiş etdirilir. AMEA İREMB-in fəaliyyəti TÜBİTAK ULAKBİM əməkdaşları tərəfindən təhlil edilib, mahiyyətinin özünəməxsusluğu yüksək dəyərləndirilib və birgə əməkdaşlıq layihəsi çərçivəsində daha da genişləndirilməsi tövsiyə olunub. F.İmranov bildirib ki, AMEA Dərgi Parkı-na daxil olan jurnalların AMEA Rəqəmsal Elmi İnformasiya Sisteminə (AMEA REİRS) inteqrasiya olunması nəzərdə tutulur.

2024-cü il ərzində “Microsoft” şirkəti tərəfindən AMEA-nın fəaliyyətinin monitorinq edildiyini və şirkət tərəfindən akademik tədqiqat qurumu qismində qeydə alındığını deyən F.İmranov Akademiyanın nəticə etibarilə “Microsoft” tərəfindən akademik qurumların fəaliyyətinin dəstəklənməsi layihələrinə qoşulmaq imkanı əldə etdiyini söyləyib. Bildirib ki, anas.az domeni üzərindən AMEA əməkdaşları korporativ e-mail ünvanları ilə təmin edilib, korporativ e-mail ünvanlarının üzərindən lisenziyalı “Microsoft Ofis” və digər proqram təminatına çıxış əldə olunub, lisenziyalı “Teams” və digər komunikasiya vasitələrinin istifadə imkanı yaranıb.

O, hazırda “Microsoft Teams”də Azərbaycan dilinin transkripsiya üçün dəstəklənən dillər siyahısına daxil edilməsi istiqamətində işlər görüldüyünü söyləyib.

Bundan əlavə, çıxışında AMEA-nın elmi tədqiqat müəssisələrində Rəqəmsal Elmi İnformasiya Resursları Sisteminin (AMEA REİRS) işlənilməsi və Robot texnologiyaları sahəsində görülmüş işləri də təqdim edib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işləri yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli 2025-ci il ərzində AMEA-da işıq üzü görən bütün nəşrlərin elektron bazasının yaradılması və AMEA Dərgi Parkına daxil edilməsi, jurnalların təkmilləşdirilərək Scopus bazasında nüsxələnməsi üçün təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.

AMEA prezidenti, həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarındakı “Elektron Akademiya” şöbələrinin əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi, eləcə də kibertəhlükəsizliklə bağlı tədbirlərin genişləndirilməsi istiqamətində tapşırıqlarını diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image