image-1backend

Ermənilər Azərbaycan təyyarəsini vurub -35 illik sirrin əsl təfərrüatı

image-reklam_sirab_01

Spitak zəlzələsindən sonra Azərbaycandan Ermənistana köməyə gedən təyyarənin qəzaya uğramasından 35 il ötür.

11 dekabr 1988-ci il. İl-76 təyyarəsində 9 heyət üzvü və 69 sərnişin vardı. Sərnişinlər zəlzələ ilə əlaqədar ehtiyatdan çağırılmış hərbi mükəlləfiyyətlilər idi. Təyyarə Bakıdan səhər saat 6-ya işləmiş qalxdı. 06:10-da, 5400 metr hündürlükdə və 400 km/saat sürətlə uçarkən Leninakan limanının hava məkanına daxil oldu.
Uçuş çətin hava şəraitində keçirdi. Dağlıq ərazidə hələ qaranlıq idi (şəfəq 06:47-də açılacaqdı). Üfüqü görünüş həddi 5 km idi.

Dispetçerin göstərişi ilə aşağı enməyə başlayan təyyarə saat 06:22-də yerlə toqquşdu. 78 nəfərdən 77-i həlak oldu. Yalnız 1 nəfər, baqajdakı Kamazın yük yerində döşəklərin üstündə uzanan Fəxrəddin Babayev ağır yaralanaraq sağ qaldı. I qrup əlil olan Babayev 2010-cu ildə 52 yaşında vəfat edib.

Təyyarənin “Stinger” raketi ilə vurulması deyilir. Amma bu, ağlabatan deyil. “Stinger” istədiyin zaman istədiyin yerdə alacağın silah deyil. Digər tərəfdən, Turan İA-nin saytından götürülən bu şəkil əgər gerçəkdən həmin qəzadandırsa (başqa bir saytda da gördüm), təyyarənin yer səthi ilə toqquşma nəticəsində qəzaya uğraması şübhə doğurmur. Havada raketlə vurulan təyyarə daha geniş əraziyə səpələnməli idi.
Digər versiyaya görə, erməni dispetçer bilərəkdən yanlış koordinatlar verib.

Rəsmi versiyaya görə isə qəzaya səbəb heyətin səhvi olub. Dispetçerin altimetri 634 mm Hg quraşdırmaq göstərişi müqabilində kapitan 734 mm Hg quraşdrıb. Bu da təyyarəni gerçəkdə olduğundan 1100 metr hündürlükdə göstərib. Nəticədə, cihazlar 1425 metr göstərdiyi halda təyyarə 325 metr hündürlükdə imiş və dağın yamacına toxunub.
Heyətin belə kobud səhv buraxmasının səbəbi kimi isə sutka ərzində xeyli uçuşlar həyata keçirməsi və son uçuş öncəsi gərəkən qədər istirahət etməməsi göstərilir.

Materialı hazırlayanda maraq üçün erməni vikipediyasına baxdım. Azərbaycanlıların köməyə getməsinin əhəmiyyətini kiçiltmək üçün həlak olanların etnik mənsubiyyəti qabardılır və aşağıdakı ardıcıllıqla verilir: ruslar, tatarlar, azərbaycanlılar, ləzgilər, yəhudi və erməni. Bunu oxuyanda rusların daha çox olması təəssüratı yaranır. Halbuki təyyarədə 50 azərbaycanlı, 13 ləzgi, 11 rus (9-u heyət üzvü), 2 tatar, 1 yəhudi və 1 erməni olub. Ümumilikdə isə, heyət üzvlərini çıxmaq şərti ilə hamısı Azərbaycan sakini olub.

Təəssüf ki, həlak olan 78 nəfərin xatirəsi Azərbaycanda əbədiləşdirilməyib. Onlara bir abidə ucaldılaması xatirələrinə ehtiramdan əlavə – bəlkə sinik səslənəcək, – həm də siyasi məqsədlər üçün önəmli olardı.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki