image-modern-az-27-04-2021-1619510380backend

Fransanın Minsk Qrupunda həmsədrliyi qəbuledilməzdir

image-reklam_sirab_01

Fransa Senatının geniş tərkibli nümayəndə heyəti ilə Ermənistana 3 günlük səfəri başa çatdı. Senat sədri Jerar Larşenin Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşən səfəri çoxsaylı görüşlərlə və Senat sədrinin çoxsaylı suallar doğuran açıqlamaları ilə yadda qaldı.
44 günlük müharibə nəticəsində Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmaqla təslim olmasından sonra Fransa esteblişmentində 2-ci şəxsin Ermənistanda olarkən ziddiyyətli və qərəzli açıqlamaları Cənubi Qafqaz regionunda Fransa siyasətinin prioritetlərini üzə çıxarır. Belə təsəvvür yaranır ki, Ermənistanın son 30 ildə irəli sürdüyü bütün absurd ideyaların, qeyri-qanuni ərazi iddialarının və işğalçılıq siyasətinin, Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarının ilham mənbəyi məhz Fransa Respublikası və onun Cənubi Qafqaz siyasəti olub. Ölkəmizə qarşı uydurma ittihamlarla Senat sədrinə şikayətlənən Ermənistan prezidenti, baş naziri, xarici işlər naziri, katolikosu və nəhayət bir-birini didib parçalayan erməni cəmiyyəti Jerar Larşenin bölgədə gərginliyi artırmaq istiqamətindəki bütün mesajlarını məmnuniyyətlə qəbul ediblər. Minsk Qrupunun həmsədri rolunda çıxış edən dövlətin Senat sədri öz açıqlamalarında Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük hərbi əməliyyatlar zamanı həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini və gələcəkdə də hər zaman Ermənistanın yanında olacaqlarını bildirib.
Elə həmin günlərdə Fransa prezidenti Emanuel Makronun Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq guya bölgədə sülh yaratmaq məqsədilə səylərini birləşdirmək təklifi Fransa siyasətinin təzadlı mahiyyətini büruza verir.
10 noyabr tarixli Birgə Bəyanatla münaqişəyə son qoyulması və Fransanın münaqişənin həllindən kənarda qalması Fransanı Cənubi Qafqaz siyasətinin outsayderinə çevirib. Beynəlxalq siyasətdə öz boyunu ABŞ, Avropa İttifaqı və Rusiya ilə ölçməyə çalışan Fransa və prezident Makron bu vəziyyətlə barışmaq arzusunda deyil. Hərbi əməliyyatlar zamanı Makronun Azərbaycana qarşı səsləndirdiyi qərəzli və qeyri-peşəkar bəyanatları isə onun bölgə ilə hərtərəfli birbaşa təmaslarını qeyri-mümkün edib. Ona görə də hər hansı bir şəkildə Minsk Qrupunun fəaliyyətini canlandırmaq və öz dövlətini yenidən siyasi proseslərin mərkəzinə gətirmək üçün prezident Makron Putinə üz tutub. Makronun öz dövlətini “sülh göyərçini” qismində təqdim etməyə səy göstərdiyi günlərdə Senat sədrinin Ermənistanda bölgədə yaranməş yeni reallıqları qəbul etmədiyini nümayiş etdirməsi Fransanın Cənubi Qafqaz siyasətinin çox pis pərdələnmiş ikiüzlü mahiyyətini ifşa edir.
Belə bir durum Fransa siyasətçilərinin də diqqətindən yayınmayıb. Fransa Senatının üzvü Natali Qule Fransanın Avropa və Xarici işlər nazirinə “Minsk Qrupu tərkibində Fransanın neytrallığının pozulması haqqında” sualla müraciət edib və senatorun sualı Xarici İşlər Nazirliyində 22571 nömrəli sorğu kimi qeydiyyata alınıb. Senator Natali Qulenin sorğusunda yazılır:
“Uzun illərdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur. Münaqişənin həll olunması məqsədilə ATƏT Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə məlum Minsk Qrupunu yaradıb. Lakin son aylarda Minsk Qrupunun həmsədri kimi elementar neytrallıq prinsiplərini pozmaqla Fransa qətiyyətlə və ardıcıl olaraq Ermənistanı dəstələdiyini nümayiş etdirir. Əvvəllər heç zaman prezidentin və ya hökümətin bölgəyə səfəri tək Ermənistanla məhdudlaşmayıb və Fransa höküməti münasibətlərdə balansı qorumaq məqsədilə hər dəfə Ermənistana səfər edəndə bir neçə saatlıq da olsa Azərbaycanda da səfərdə olub. Əvvəllər heç zaman yüksək səviyyəli parlament diplomatiyası fransız diplomatiyasının rəsmi mövqeyinə zidd mövqe sərgiləməyib…”
Göründüyü kimi, Fransanın prezidenti ilə Senat sədrinin bölgəmizlə açıqlamalarının bir-birinə zidd olması Fransa senatorunun diqqətindən yayınmayıb. Sorğunun sonunda senator Qule hökümətdən belə bir suala cavab verilməsini tələb edir: “Minsk Qrupunun həımsədri mövqeyindən çıxış edərək Fransa hökümətinin Azərbaycana və Ermənistana münasibətlərdə balansı və özünün neytrallığını bərpa etmək niyyəti varmı və əgər belə bir niyyət yoxdursa, öz tərəfkeşliyini nəzərə alaraq Fransa Minsk Qrupunun həmsədrlik kreslosunu tərk etməyə hazırdırmı ?”
Xatırlatmaq istərdim ki, Natali Qule 25 noyabr 2020-ci ildə Fransa Senatında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” təklifi ilə bağlı Qətnamənin əleyhinə səs verən yeganə senator olmuşdu.
Münaqişənin davam etdiyi bütün illərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş onlarla fransız siyasətçilərindən və ictimai xadimlərindən birinin haqlı və birbaşa açıq sualına Fransa hökümətinin də cavabı açıq və birmənalı olmalıdır. Amma Fransa Xarici işlər nazirinin bir tərəfdən, Ermənistanı dəstəkləməkdə davam edəcəklərini və digər tərəfdən, Minsk Qrupunun həmsədri kimi “balanslı və neytral” mövqe tutmaq iddiasını necə uzlaşdıra biləcəyi olduqca maraqlıdır. Ona görə Xarici İşlər naziri İv Lö – Drianın senatora cavabını izləyəcəyik. Amma istənilən halda, Fransa dövlətinin Cənubi Qafqaz siyasətində dərin ziddiyyətlərin mövcudluğu və Fransanın bu bölgədə sülhün və sabitliyin qorunmasında maraqlı olmadığı isbata ehtiyacı olmayan reallıqdır. Bu reallığın mənzərəsində Minsk Qrupunun həmsədrliyində Fransanın iştirakı bölgədə gərginliyin artmasına xidmət edir və qəbuledilməzdir.

Cavanşir Feyziyev

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image