2025-ci ildə şərəfli tarixi və inkişaf yolu keçmiş, yetişdirdiyi görkəmli alimləri ilə ölkə və dünya elmində öz sözünü demiş Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tamam olur. Hazırda AMEA-nın 80 illik yubileyi ilə bağlı hazırlıq işləri davam edir, bu çərçivədə bir sıra mühüm nəşrlər çap ediləcək.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi qrupunun iclasında deyib.
AMEA-nın yaranma tarixi və keçdiyi inkişaf yolundan danışan akademik İsa Həbibbəyli qeyd edib ki, yüksək oktanlı benzinin kəşfi ilə İkinci Dünya müharibəsinin taleyində mühüm rol oynamış akademik Yusif Məmmədəliyevin və digər alimlərin elmi ixtiralarının əhəmiyyətini nəzərə alan SSRİ rəhbərliyi elmi-texniki tərəqqinin inkişafı üçün keçmiş ittifaq ölkələrində, o cümlədən Azərbaycanda da Elmlər Akademiyasının yaranması haqqında qərar qəbul etmişdir. Akademiyanın, eləcə də Azərbaycan alimlərinin ötən müddət ərzində bir çox uğurlara imza atdığını bildirən natiq AMEA-nın SSRİ illərində Ulu Öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunduğunu, müstəqilliyin ilk illərində, 90-cı illərdə isə Ümummilli Liderin elmə verdiyi yüksək dəyər nəticəsində bağlanmaq təhlükəsindən xilas olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Ulu Öndər hakimiyyətə yenidən qayıdışından sonra ilk görüşlərindən birini Akademiyada Azərbaycan alimləri ilə keçirib, həmçinin 90-cı illərdə durğunluq dövrünü yaşayan AMEA-nın inkişafı üçün mühüm qərarlar qəbul edib.
31 yanvar 1997-ci ildə Ümummilli Liderin Akademiya rəhbərliyi ilə görüşünün müstəqillik illərində AMEA-nın taleyində dönüş nöqtələrindən biri olduğunu, Elmlər Akademiyasının gələcək vəzifələrinin müəyyənləşdirildiyini, alimlərin sosial məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.
2022-ci ildən etibarən isə Yeniləşən Akademiyanın qurulması istiqamətində mühüm islahatlara başlanıldığını bildirən natiq ilk dəfə keçmiş Elmlər Akademiyaları sistemində AMEA-da daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradıldığını, AMEA-nın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara – Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) səsvermə hüququna malik üzvü seçildiyini diqqətə çatdırıb.
Uzun illər Azərbaycan elminin Asiya dövlətlərinin akademik qurumları ilə əməkdaşlıqdan uzaq olduğunu, elmdə bir növ Asiya boşluğunun yarandığını vurğulayan akademik İsa Həbibbəyli bu gün Asiya dövlətlərində elmi-texniki tərəqqinin yüksək səviyyədə olduğunu, bunu nəzərə alaraq AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına üzvlük üçün müraciət edərək qəbul edildiyini deyib. Həmçinin AMEA-nın bir sıra institutlarında Asiya ölkələri, xüsusilə Çinlə elmi əlaqələrin genişləndirilməsi məqsədilə yeni şöbələrin yaradıldığını, əməkdaşlıq müqavilələrinin imzalandığını, o cümlədən Nobel mükafatı laureatı, ABŞ-nin Şimali Karolina Universitetinin professoru, Türk dünyasının fəxri, Nobel mükafatı laureatı Əziz Səncərin bu istiqamətdə AMEA-da geniş məruzə ilə çıxış etdiyini söyləyib.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə elmi qarşısında qoyduğu vəzifələrdən, müstəqil Azərbaycan dövlətinin maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına 40-dan çox yeni strukturun yaradıldığını bildirib. Həmçinin AMEA-nın iki müəssisəsinin adı dəyişdirilərək AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılıb.
Yeniləşən Akademiya uğrunda aparılan islahatlar çərçivəsində yeni dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiqləndiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığında Azərbaycanın tarixi Qarabağ Zəfərinə toxunan akademik İsa Həbibbəyli dövlət suverenliyimizin tam bərpası və Dövlət Bayrağımızın bütün respublika ərazisində dalğalanması ilə ölkəmizin yeni tarixi mərhələyə qədəm qoyduğunu bildirib. Dövlət başçısının yeni tarixi mərhələdə Azərbaycanın gələcək milli ideyası ilə bağlı ziyalılarımız, alimlərimiz qarşısında vəzifələr qoyduğunu xatırladan natiq qeyd olunan tapşırığın icrası ilə əlaqədar AMEA-da humanitar və ictimai elmlər bölmələrini əhatə edən alimlərin iştirakı ilə 3 dəfə geniş müzakirələrin aparıldığını, Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin – “Daha güclü Azərbaycan, türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” nəticəsinə gəldiyini söyləyib.
Bu gün müzakirəsi keçirilən “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən geniş yeniləşmə islahatlarının tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin Akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və Elmlər Akademiyasının gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.
“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla Akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni Yol Xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, – deyən akademik İsa Həbibbəyli İşçi qrupuna uğurlar arzulayıb.