image-1backend

Günəş və külək enerjisi layihələri üzrə Azərbaycanla əməkdaşlıq edən xarici şirkətlərin sayı artır

image-reklam_sirab_01

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Bu il Bakıda keçirilən toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Martın 1-də Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Toplantıdakı çıxışında ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi tamamilə yeni bir marşrutdur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı keçən il baş verən vacib hadisələrdən biri olub. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı ölkəmizin gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcəkdir.
“Abşeron” layihəsinin həyta keçirilməsinin ilk fazasında burada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Qeyd edildiyi kimi, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda gücü 230 meqavat olan ilk böyük Günəş Elektrik Stansiyasının açılışı keçirilib. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək ölkəmizdə 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır.
Qeyd edilib ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb.
Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında da əməkdaşlıq sənədi imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki