image-1618390914_akifbackend

Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri

image-reklam_sirab_01

Akif Təvəkküloğlu
əməkdar jurnalist

I yazı

Adı Hüseynqulu idi. Uşaqlıqdan ata-anası onu Hüsü- deyə çağırmışdı. Ona görə də qohum-qonşu da Hüseynquluya Hüsü deyərdi. Əsl adının Hüseynqulu olduğunu heç çoxları bilmirdi, deyəsən bunu elə Hüsü dayı özü də unutmuşdu…
Hüsü kişi dünya görmüş, ağıllı, təmkinli, dünyanın gərdişinə özünəməxsus məntiqlə yanaşan bir insan idi. Çox məzəli söhbətləri var idi. Öyüd-nəsihət verməyi xoşlayırdı. İnsanların yaxşı işinə öz işi qədər sevinər, kədərini özününkü bilib şərik olmağa çalışardı. Məsləhətlərini söhbət əsasında elə ustalıqla deyərdi ki, heç kəsin ruhu da inciməzdi, eşidən, dinləyən ondan ancaq dərs götürərdi. Dünyanın çox aşırımlarını aşmışdı. Yaşadığı illərdə rast gəldiyi, şahidi olduğu hadisələri danışmağı çox sevirdi. Danışdıqları, söylədikləri başdan ayağa həyat məktəbi idi. Onun “iştahla” danışdıqlarınabiz də eyni “iştahla” qulaq asardıq, maqnitafon lenti kimi yaddaşımıza köçürürdük.
Hüsü dayı böyük-kiçik məsələlərinə çox həssaslıqla yanaşardı. Həmişə ilk sözü bu olardı ki, ağsaqqal-ağbirçək sözünə mütləq qulaq asmaq lazımdır, Hətta onlar müasir dövrün ab-havası ilə ayaqlaşa bilməsələr belə. Çünki onlar böyük həyat məktəbi keçiblər. Bildiyi, eşitdiyi, gördüyü hadisə və əhvalatları yeniyetmələrə, gənclərə danışarkənmütləq şəxsi qənaətindən yaranan fikirləri, öyüd-nəsihəti də sonuna “bərkidərdi”.
Deyir – günlərin birində gənc bir oğlan Hüsü dayıya yaxınlaşır. Üzləşdiyi ailə problemini ona söyləyir və çıxış yolu göstərməsini istəyir. Hörmət sahibi olan ağsaqqal oğlana məsləhətlərini verir, yol göstərir. “Dediklərimi qulaqlarında sırğa elə və mütləq yerinə yetir” – deyib gəncə uğurlar arzulayir. Oğlan məmnun halda qocadan ayrılır… Bir neçə gündən sonra cavan yenidən bu müdrik ağsaqqalın yanına gəlir. Hüsü dayı onun üzündəki pərişanlıq ifadəsinin səbəbini soruşanda oğlan qocanın dedikləriniyerinə yetirmədiyini söyləyib, vəziyyətin daha da gərginləşdiyini bildirir. Ağsaqqal yorulmadan, usanmadan yenidən oğlana “həyat dərsi” keçir. Xoşbəxt olmaq və yaxşı yaşamağın yollarını bir daha ona başa salır. Cavan söz verir ki, bu dəfə mütləq verilən məsləhətlərə əməl edəcək. Amma iradəsizlik yenə gəncə qalib gəlir, öz bildiyi kimi həyatına davam edir. Hadisəbu minvalla bu bir neçə dəfə təkrar olunur. Nəhayət oğlan öz əli ilə həyatını puç edir. Ailə dağılır. O, ağsaqqalın yanına gələrək tutduğu yolun yalnış olduğunu bilə-bilə müdrik qocanın məsləhətlərinə qulaq asmadığını və bunun “cəzasını” çəkdiyinisöyləyir…
Hüsü kişi söhbətini bitirən kimi üzünü bizə – yeniyetmə və gənclərə tutub sual edirdi: “Siz bilirsinizmi, belə yerdə atalarımız nə deyib? Hamı mattım-mattım Hüsü kişinin üzünə baxdı… “Bax uşaqlar belə yerdə atalarımız deyir ki, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Sonrakı peşmançılıq fayda verməz”…Mən də sizə tövsiyə edirəm, biz qocaları nə qədər zəmanədən geri qalmış hesab etsəniz də məsləhətlərimiz ancaq fayda verə bilər. Bu, sizin gələcəyiniz üçün lazımdır…
P.S. Hüsü kişinin eşitdikləri, gördükləri və bildikləri ilə yolumuza davam edəcəyik. Nağıllarda deyilmişkən ardı var…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image