image-1245b239475fbcd58c7b482dd043d3451480569616backend

Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri V yazı

image-reklam_sirab_01

Məzən olsun ay Hüsü dayı. Sən nə imişsən?.. Sən başdan ayağa ensiklopediyasan e, a kişi… Sənin duzlu-məzəli, ciddi, tərbiyəvi, başqalarına görk ola biləcək söhbətlərin bitməz-tükənməzmiş ki… Dediklərin də ki, yaddaşımıza elə həkk olub, elə daşlaşıb ki, unutmaq sadəcə mümkün deyil…
…Günəşli yaz günlərinin birində Hüsü kişi yenə adəti üzrə söhbət boxçasının ağzını açmışdı. Həmişə olduğu kimi qonum-qonşunu da toplamışdı başına. Hüsü dayı elə gülürdü, elə gülürdü, kənardan baxan deyərdi başına hava gəlib, nədi? Öz-özünə gülür, ətrafdakılar isə onun gülüşünə tamaşa edirdi. Çünki Hüsü dayı hələm-hələm belə qəşş eləyib gülən deyildi. Heç kim söhbətin nədən gedəcəyini bilmirdi. Amma bircə onu bilirdilər ki, nədirsə maraqlı mövzudu…
Nə isə… Hüsü kişi gülüş mərasimini başa çatdırıb boğazını arıtladı:
– Əzizlərim, bu hadisəni mənə bir dostum söyləyib. Amma buna bənzər bir hadisəyə hansısa bir kitabda da rast gəlmişdim. Dostumun yaşadığı rayonda uzun müddət yüksək vəzifələrdə çalışan bir kişi varmış. Qəribə adı vardı yadımdan çıxıb. Amma el arasında ona Dodu deyərmişlər. Bu onun ayaması idi. Dodunun qarşısına da başqa bir ayama qoşublarmış – üzdəniraq heyvanın adını. Dodu tabeliyində çalışan işçilərə qan uddururmuş. Ömründə bir nəfər də ondan xeyirxahlıq görməyib. Xeyirdə-şərdə heç vaxt iştirak etməz, yanına gələni dinləmədən söyüb qovarmış. İnsanlara pislik etmək, şər-böhtan atmaq elə bil Dodunun boy-buxununa biçilibmiş. Amma bu adama “gözün üstə qaşın var” deyən yox imiş. Sifət qəlbin aynasıdır deyərlər ha, bax bu məsəl də Dodunun boyuna biçilibmiş elə bil: Xoşagəlməz, yekəxana yeriş, kələ-kötür görkəm, əyri burun, keçəl baş… Onu tanıyan da, tanımayan da lənət yağdırırmış ünvanına. Amma qorxudan heç kəs Dodunun üzünə bir söz deyə bilmirmış. Hər kəsin Dodu ilə bağlı ümumi bir təəssüratı varmış: evyıxandı, şərəfsizdi, vicdansızdı, ağıldankəmdi…
…Gün gəlir Dodunun canında ağrılar başlayır. Yeməyi ayamasına uyğun yeyən Dodunun iştahı da kəsilir. Həkimə müraciət etməli olur. Rayonda çox böyük hörmət-izzət sahibi olan bir həkimin yanına gedir. Yoxlanmasını istəyir. Bu “eybəcər varlığı”n dabbağda gönünə bələd olan həkim ona layıq tibbi avadanlığın olmadığına görə iki gün sonra gəlməsini xahiş edir.
…Dodu iki gün sonra həkim deyən vaxt onun yanında olur. Həkim xəstənin yan otağa keçib soyunmağını tapşırır. Dodu soyunub alt paltarında həkimi gözləyir. Bir necə dəqiqədən sonra həkim əlində uzun bir qamış içəri girir. Qamışı Dodunun boyuna tutur və onun boyu olçüsündə qamışı kəsir. Dodu qapqara rəng alır:
– Bu nədi belə, məni dolamısan?
– Yox, ay Dodu, darıxma, səni dədə-baba qaydası ilə müalicə edəcəm…
Həkim cibindən bir ip çıxardıb xəstənin ayağını ölçür. Sonra az qala özündən bir metr qabağa cıxan qarnını ölçür.
– Dodu, başını bir az aşağı əy!
– Ay doxdur, başımı neynirsən?
– İndi deyəcəm sənə.
Dodu başını aşağı əyir, həkim onun başının da ölçüsünü alır.
– Hə, Dodu, ayağınla bağının ölçüsü eynidir. Belə olanda vəziyyət bir az ağır olur, müalicə almalısan. İndi sənə dərman yazacam! Amma bu dərmanlar çox az tapılır. Siyahını apararsan aptek Həmidin yanına, olsa-olsa bu dərmanlar onda olacaq.
Həkim dərman siyahısını ona uzadır:
1. Adamin
2. İnsamin
3. Vicdamin
4. Qanacagen
5. Menevitagen
6. Aqlium
Həkim reseptin altına səliqəli xəttlə bu sözləri yazır:
“Bu dərmanları bir stəkan eşşək südü ilə qarışdırıb hər gün içmək lazımdır. Beş dəqiqə keçdikdən sonra dilin üzərinə bir qaşıq bal qoyub bütün günü saxlamaq vacibdir. Bu müalicə ömür boyu davam etməlidir!”
Həkim yazdığı kağızı Doduya verib yola salır. Dərhal aptek Həmidə zəng vuraraq vəziyyətin nə yerdə olduğunu başa salır. Rayondakı bütün aptekləri də xəbərdar edir.
…Dodu aptek Həmidə də bir vaxtlar çox pisliklər etmişdi. Araları yox idi, danışmırdılar. Ona görə fikirləşir ki, başqa apteklərə baş çəksin. Amma hara gedirsə eyni cavabı alir:
– Bu dərmanlar tapılmır. Bəlkə aptek Həmiddə olar…
… Dodu kor-peşmən “suyu süzülə-süzülə” məcbur olub həkim dediyi ünvana üz tutur. Həmid onu görcək sir-sifətini turşudaraq soruşdu:
– Dodu, sənin burda nə işin var? İndi hansı mərdimazarlığa hazırlaşırsan?
Dodu xəcalətli adamlar kimi başını aşağı salıb, Həmidə yalvarır:
– Həmid, boynum sənin yanında qıldan incədir, vura da bilərsən vurmaya da… Qapına köməyə gəlmişəm. Kömək əlini məndən əsirgəmə. Həkimin verdiyi kağızı uzadıb – bu dərmanları tapmağı səndən xahiş edirəm, yalvarıram.
– Həmid ürəyində “ belə olarsan ay…” – deyib kağızı alır. Reseptə baxdıqdan sonra bu məxluqun nə qədər nadan olduğuna bir daha inanır:
– Vay-vay, Dodu müəllim, sən nə gündəsən. Sənin xəstəliyinin dərmanı çox müşkül məsələdir. Bu əlacı olmayan və sağalmaz bir dərddir…
Dodunun rəngi ağappaq ağarır, yalvarmağa başlayır:
– Bəs onda mən nə edim?
Aptek Həmid:
– Mən indi səni başa salaram, özün nəticə çıxararsan. Deyirəm, qulaq as:
Adamin – adamlığı olmayanlar üçündür.
İnsamin – insanlığı olmayanlara aiddir.
Vijdamin – vicdansızlara
Qanacagen – qanacaqsızlara
Menevitagen – mənəviyyatsızlara
Aqlium – ağılsızlara
Gör səndə nə qədər sağalmaz xəstəliklər var. Gerisini özün fikirləş. Həmid danışdıqca . Dodunun gözləri bərələ qalır…
Hüsü kişi bu söhbəti eliyərkən sözünü bitirər-bitirməz yenidən qəşş eləyib gülmüşdü…

Akif Təvəkküloğlu
Əməkdar jurnalist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image