image-photo-2022-05-07-11-14-27backend

İlham Əliyev : ” Zəngəzur dəhlizi tarixi nailiyyətdir.”

image-reklam_sirab_01

Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.

2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişaf modelinin yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdiirlməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir obyektiv zərurət kimi ortaya çıxmışdır. Torpaqlarımızın işğaldan azad olunmasına və faşist erməni işğalçı ordusunun darmadağın edilməsinə, Ermənistan rəhbərliyinin təslimçi sazişə imza atmasına baxmayaraq, revanşist qüvvələr və onların müxtəlif aparıcı dünya ölkələrində kök salan ikiüzlü havadarları, ikili standardları dövlət siyasətinə yeridən və özlərini guya sülh, əmin-amanlıq “mələyi” kimi aparan siyasətçilər, beynəlxalq təşkilatlar hələ də torpaqlarımızın işğaldan azad olunması ilə barışmaq istəmirlər və təxribatlara əl atmaqda davam edirlər. Belə bir şəraitdə regionun idarəetmə strukturunun təkmilləşdiirlməsi və tarixi ədalətə, faktlara söykənmiş qərarların verilməsi, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və böyük qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi bu kimi qüvvələrə və revanşistlərə ən tutarlı cavabdır.

Dövlət başçısı bu cür mürəkkəb bir şəraitdə çox mühüm bir fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etmiş və ölkə iqtisadiyyatının idarə edilməsinin strateji mexanizmlərinin yenilənməsinə start vermişdir. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuşdur. Bu fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Hesab edirik ki, bu tədbirlərin daha səmərəli təşkilində yeni iqtisadi rayonlaşmanın strateji əhəmiyyəti olacaqdır. Məlumdur ki, Qarabağ bölgəsi yarandığı dövrdən özünəməxsus xüsusiyyətləri ilə, məşğuliyyət formaları, təbii ehtiyatları, zəngin tarixi-mədəni irsi ilə daha çox yadda qalmışdır. Qarabağa tarixən onun döyünən ürəyi Şuşa ilə yanaşı, Xankəndi şəhəri, Ağcabədi və Bərdə rayonları, Ağdam, Füzuli, Tərtər, Xocavənd və Xocalı rayonları aid olmuşlar. Eyni zamanda Qarabağ bölgəsinin güclü iqtisadi potensialı da vardır. Dağ silsiləsi ilə əhatə olunmuş Zəngəzur qəzası isə 1861-ci ildə yaradılmışdır və bu bölgədə hazırda Zəngəzur mahalının Azərbaycan ərazisində yerləşən, eyni zamanda, Qarabağa bitişik olan rayonlar-Kəlbəcər, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilan yer almışlar. Bu tarixi faktlar və amillər kontekstindən yanaşmaqla, regionda iqtisadi rayonlaşma prinsiplərinin müasir reallıqlara uyğunlaşdırılması və tənzimlənməsi vacib idi. Buna görə də dövlət başçısının fərmanı bu məsələləri tənzimləməklə, iqtisadi rayonların yeni bölgüsünü yaratmaqla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına, işğaldan azad olunmuş ərazilərin milli iqtisadiyyatımıza reinteqrasiyasının sürətləndirilməsinə, planlaşdırma və proqnozlaşdırma tədbirlərinin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.

 

Qeyd edək ki, yeni iqtisadi rayonların iqtisadi aspektlərindən əvvəl qısa da olsa tarixi reallıqlara toxunmaq istərdik. Zəngəzur türk mənşəli toponimdir və onun adındakı “zəngi” leksik vahidi türk tayfalarına məxsusdur. . 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçının bir hissəsi yer almış və artıq burada XX əsrin əvvəllərində 313 türk kəndi var idi və yalnız gəlmələrdən ibarət iki erməni kəndi mövcud idi. Zəngəzur qəzasının ərazisi 7892 km2 təşkil etmişdir. Böyük Qarabağ Zəfəri nəticəsində bu ərazinin 4505,5 km2 işğaldan azad olunmuşdur və bu ərazilər Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə etmişdir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yüz ildən çoxdur ki, Zəngəzurun qərb hissəsində olan ərazilər – Qafan şəhəri, Gorus, Qarakilsə və Mehri rayonları hələ də işğal atındadırlar. Belə ki, Azərbaycan Demokratik Respublikasını süquta uğradan və Azərbaycanı işğal edən bolşeviklərin təzyiqi və 1920-ci il dekabrın ayının 1-də qəbul etdikləri qərarla Zəngəzuru Ermənistana verdilər..

Sovetlər birliyi dönəmində Zəngəzur adı ermənilər tərəfindən xəritədən silinməyə çalışıldı və onlar yeni rayonlar yaratmaqla Zəngəzuru unutdurmağa nail olduqlarına inanmaq istədilər. Amma tarixi ədalət öz yerini aldı, Azərbaycan xalqı dədə-baba torpaqlarını heç vaxt unutmamışdır və Zəngəzurun şərq hissəsini işğaldan azad etməklə, bütün dünyaya öz torpaqlarımıza və doğma yurdlarımıza sahib çıxmaq bacarığımızı nümayiş etdirdik. Buna görə də Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. İqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur.

Böyük əminliklə demək olar ki, Zəngəzurun tam olaraq işğaldan azad edilməsi və soydaşlarımızın öz əzəli yurdlarına qayıtması çox da uzaqda deyildir və ən azından yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşacağı bu ümidləri və inamı daha da artırır. Eyni zamanda, Zəngəzur dəhlizi Avrasiya məkanını bir-birinə birləşdirən çox mühüm dəhlizdir. Həm Qafqazın, həm də Mərkəzi Asiyanın qapısıdır. Zəngəzur dəhlizinin geosiyasi və geostrateji baxımdan əhəmiyyəti barəsində 31 mart 2021-ci ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir… Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

 

 

Ağayev Sehliman

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki