Zaqatala 14 saylı Yol İdarəsinin rəhbərliyi dəyişdikdən sonra müəssisədə bir sıra qanun pozuntularına yol verildiyi iddia olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə adekvat.az yazıb. İddialara görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Zaqatala 14 saylı Yol İdarəsinin rəisi Süleyman Süleymanov vəzifəyə təyin olunduqdan sonra çoxsaylı əməkdaş işdən çıxarılıb. Təqdim olunduğu bildirilən səs yazılarında isə onun “Mən sizinlə işləmək istəmirəm, vəssalam!” dediyi iddia edilir.
Müraciətdə həmçinin qeyd olunur ki, Süleyman Süleymanov sahə rəisi Ceyhun Barxalova göstəriş verərək idarəyə məxsus texnikalardan şəxsi məqsədlər üçün istifadə etdirir. İddia müəllifinin sözlərinə görə, texnikaların üzərindəki loqolar çıxarılıb və bununla bağlı fotolar mövcuddur.
Daha bir iddiaya əsasən, Süleyman Süleymanovun “Şans” adlı özəl şirkəti var və həmin şirkətlə AAYDA-nın Zaqatala 14 saylı Yol İdarəsi arasında müqavilə bağlanıb. Bildirilir ki, bu müqavilə çərçivəsində idarənin texnikası çaylarda bəndlərin tikintisində istifadə olunur. Həmçinin şənbə və bazar günləri texnika və işçilərin şəxsi işlərə cəlb edildiyi iddia edilir.
Müraciətdə qeyd olunur ki, müqavilə araşdırılarsa, cüzi məbləğ müqabilində idarənin texnikası ilə iri həcmli işlərin görüldüyü üzə çıxa bilər. İddialara görə, sahə rəisi Ceyhun Barxalov yaxın günlərdə Balakən rayonunun Kortala kəndində 100 ton asfalt döşənməsi işini həyata keçirib.
İddialarda adı keçən digər şəxs Şəfəq Yunusovadır. Bildirilir ki, sənədlərdə fəhlə kimi göstərilsə də, faktiki olaraq mühasibat işlərini o aparır. Müraciətdə maaşların kartlara fərqli məbləğdə köçürüldüyü, hər işçidən 2-3 manat tutularaq onun kartına yönəldildiyi iddia olunur. Məsələ üzə çıxdıqdan sonra isə bu praktikanın dayandırıldığı bildirilir. Bundan başqa, Şəfəq Yunusovanın 67 yaşında olmasına baxmayaraq, təqaüdə göndərilmədiyi də qeyd edilir.
Müraciətdə kadrlar şöbəsinin müdiri Mirvari İskəndərovanın səhhətində ciddi problemlər olan oğlu Fərid Rəcəblini idarədə fəhlə kimi işə götürdüyü də iddia olunur. Bildirilir ki, o, işə gəlsə də, səhhətinə görə fəhlə işlərini yerinə yetirə bilmir.
İddialara əsasən, Ceyhun Barxalov idarə müdirini müvəqqəti əvəz etdiyi dövrdə öz oğlunu da işə qəbul edib. Sonradan bununla bağlı şikayətlərdən sonra onun işdən çıxarıldığı bildirilir.
Müraciətdə Hidayət Əminov və Ömər Hüseynovun çilingər ştatında çalışsalar da, əsasən şəxsi işləri ilə məşğul olduqları iddia edilir. Bildirilir ki, onlardan biri çayxana işlədir, digəri isə başqa şəxsi fəaliyyət göstərir.
İddia müəllifi həmçinin bildirir ki, idarənin ləğv ediləcəyi ilə bağlı söhbətlər yayıldıqdan sonra müəssisəyə məxsus texnikalar gecə-gündüz şəxsi işlərdə istifadə olunur və loqoların çıxarılması bu halların diqqətdən kənarda qalmasına xidmət edir.
Müraciətdə vurğulanır ki, Zaqatala 14 saylı Yol İdarəsinin son bir illik fəaliyyəti araşdırılarsa, çoxsaylı qanun pozuntuları üzə çıxa bilər. Həmçinin iddia olunur ki, idarə rəisi Süleyman Süleymanov hazırda zavod rəisi Samir Ramazanovla birlikdə qanunsuz fəaliyyət göstərir və bununla bağlı əlavə faktların yaxın günlərdə təqdim ediləcəyi bildirilir.
Məsələyə aydınlıq gətirmək üçün Zaqatala 14 saylı Yol İdarəsinin rəisi Süleyman Süleymanovla əlaqə saxladıq. O, Publika.az-a açıqlamasında səsləndirilən iddiaları təkzib etdi.
“Bütün bunlar yalan və böhtandır. Heç bir texnikanın üzərindən loqo çıxarılmayıb. Loqosuz olan yalnız istismardan çıxarılmış, işləməyən bir-iki texnikadır. İdarəyə məxsus texnikalardan heç vaxt şəxsi məqsədlər üçün istifadə edilməyib. Görülən bütün işlər müqavilə və müvafiq sənədlər əsasında həyata keçirilib. Bu iddiaları səsləndirən iki nəfərdir və onlar uzun müddətdir şər-böhtanla məşğuldurlar”.
İşçilərin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı iddialara da münasibət bildirən S.Süleymanov bunların həqiqəti əks etdirmədiyini vurğuladı:
“Mən bu vəzifəyə gələndə idarədə neçə nəfər əməkdaş var idisə, indi də eyni sayda işçi çalışır. Bir nəfər də olsun işdən çıxarılmayıb.”


























