image-ekberbackend

İNSAN VƏ FİKİR…

image-reklam_sirab_01

Türk şeirinin enlikürək klassiki Nəcib Fazil Qısakürək ” Sakarya turküsü”ndə deyir:
“Hər şey axar: su, tarix, yıldız, insan və fikir,
Oluklar cüt: birindən nur axar, birindən kir”…
Bir də Cabir Novruzun sözləri var: “Sağlığında qiymət verin insanlara”… Daha bir də Söhrab Tahirin sözləri yada düşür: “Qızıl toxum dənəsidir yaxşılıq”. – İlk baxışdan “bu üç poetik misalın bir-biri ilə nə bağlantısı var?” sualı yarana bilər. Deyim. Biz toplum olaraq (hələ-hələ əli qələmli, önü bilgisayarlı, telefonu internetli, mikrofonu açıqlar…) millətin xeyirxah insanlarının “Axilles daban”ını gəzməməliyik. – Xarakterik xeyirxahlıqları, danılmaz yaxşılıqları sorğulamamalıyıq. Daha doğrusu, belə sərzənişləri önplanda tutmaqdansa, xeyirxahlığı təşviq etməli, xeyirxahları məzmunsuz, əsassız “e-linc”dən qorumalıyıq. Bugünlərdə sözün həqiqi anlamında Millət vəkili, sözün həqiqi anlamında ziyalı, alim, türkoloq, xeyirxah insan Cavanşir Feyziyevin adının bəzi yeni media resurslarında gərəksiz tənqidə (tənqid olsa, eybi yox, az qala təhdidə) tuş gəldiyini görməkdəyik. Nəymiş? – London məhkəməsində bir maliyyə dəqiqləşdirməsi olayı keçmiş və bu bəzi əli mikrofonlu, interneti açıqların acıq çıxmasına vəsilə olmuş… Pəki, nəyin acığı? Bəyəm, kiminsə imkansızlığı hansısa imkanlını, şöhrətlini düsmən gözündə görməyə əsasmı verir? Əgər kimsə maddi imkanlarını xalqın qanını soraraq, vəzifə yetkisindən sui-istifadə edərək gercəkləşdiribsə, haramxorluq edibsə, sözum yox!.. Axı azacıq bilgisi olanlar bilir ki, Feyziyev soyadı Millət vəkilliyindən öncələrdən iş dunyasında sayğın olub. Özü də, ilkin qazancın önəmli bölümü ölkə xaricində qazanılıb, sonra o qazanc ölkəyə yatırılıb, uğurlar əldə edilib və biznesləri böyüdülüb. İndi Millət vəkili olan insan daha öncə qazandıqlarına yaxud ailə uzvlərinin uğurlu biznesinə görə nifrət ünvanımı olmalıdır? Üstəlik, mətbuata yetərincə açıq olan, özü Mətbuat Şurası İdarə Heyətinin üzvü olan bir ziyalıya müraciət imkanları varkən, bulanıq suda balıq tutmaq sevdası da nəmənədir? O sular balıq olmayan sulardı, ölü göldür, balıq bəsləmir…
Budur, Millət vəkili açıqlama da verdi, aydınlıq da gətirdi. Olmazdımı, onun üstünə haray-həşirlə qaramat yağdıranlar məhz aydınlıqda maraqlı olaydı? Yoxsa, qaranlıq aydınlıqdan daha cazibdir də, bizmi bilmirik?..
Bu sətirlərin müəllifi Şəkili deyil, Feyziyevlərin qurucusu, rəhbəri olduğu kollektivlərin üzvü olmayıb, ancaq həqiqətləri, gercəkləri bilmə imkanı olub. Feyziyevlərin qurucusu olduğu müəssisələr haqqında ən umumi fikir belədir: əgər sənin isgüzarlığın,iş ədəbin, yetənəyin varsa, bu, sənin müəssisə daxilində inkişafına zəmanətdir. – Oralarda “tapış-mapış” yoxdur, ləyaqətli insan münasibətləri var. Bu, öz yerində.

Cavanşir Feyziyev klassiklərin, yaşayan ədəbiyyat, elm xadimlərinin kitablarının nəşrinə xərclədiyi öz halal vəsaiti ilə ən güclü ictimai müdafiəni haqq edir. Bura, öz müəllifi olduğu qiymətli kitabları, özəlliklə “Türk dövlətləri birliyi”, “Türk dünyası” çoxcildliyini əlavə etsək, Cavanşir müəllimə qarşı yönəlmış hərzə-hədyanlar, onun oxucularına, onun səmərəli milli maarifçilik yoluna qarşı yönəlmiş akt olaraq da, alqılana bilər. Cavanşir Feyziyev Milli Məclisdə təmsil etdiyi Şəkidən olan neçə-neçə tələbənin, şagirdin, imkansız ailə mənsubunun keyfiyyətli təhsili, iş imkanı üçün neçə illər içində və nə qədər yardım edib. Elə yalnız bu faktın özü (yaradıcılığı ilə bir yerdə) onun maarif, təhsil, elm mövzusunda nə qədər sabitqədəm olduğunu ifadə edir. Bu, qaranlıq qəlblərə aydın cavabdır. O da xüsusi bir cavabdır ki, yaralı qazilərimiz, şəhid ailələrimiz öz Millət vəkillərinin isti əlini, yanar ürəyini necə hiss edib, necə tanıq olublar…
Cavanşir müəllim yalnız Şəki və yalnız Azərbaycanla yetinmir, onun dəstək verdiyi xeyirxah layihələrin miqyası ən azı Türk dünyası ismarıcında, sevdasında, yolunda və məzmunundadır… Onun kitabları qardaş türkcələrə uyğunlaşdırılır, təqdimatları keçirilir, yayılır, istinad olunur. Ən azı pandemiyaya qədər özüm şəxsən tanıq olmuşam: Millət vəkili Azərbaycana gələn çoxsaylı Türk dünyası yeni nəsil aydınlarını qonaq edib, qayğıları ilə yaxından maraqlanıb. (Mən “qonaq edib” deyərkən, ilk növbədə könül süfrəsini nəzərdə tuturam). O, qonaqlarla bir başqa cür ilgilənir, onları hal əhli olaraq anlayır – sanki şəxsi qonağıymış kimi, öz evində ağırlayırmış kimi… Bu, ancaq uca könüllərə xas özəllikdir. Türk ölkə və topluluqlarına gedərkən şəxsən məndən soruşulan azsaylı adlar içində Cavanşir müəllimin adı mütləq keçir. Biri xatirə hədiyyəsini göstərir, biri kitabından danışır, biri Cavanşir müəllimin bağışladığı “Xarıbülbül” qalstukunu, digəri “Xarıbülbül” kəlağayısını ən əziz günlərdə taxdığını söyləyir… “Sizin əliniz çatan, ününüz yetən belə kübar, xeyirxah Millət vəkiliniz var, qədrini bilin” deyirlər.
Bilirsiz, Cavanşir Feyziyevin Türk dünyasından ölkəmizə gələn yeni nəsil yazarlarına yüksək diqqət-qayğısı mənim özümdə də qibtə hissi doğurub: o, qonaqlardan heç bir yaxın- uzaq şəxsi istəkdə bulunmaz və ən əsası, bilgisi daxilindəsə, xahiş gözləmədən, özü Türk dünyasından qonağı olanlarla, gələnlərlə əlaqə yaradar, iltifat göstərər. (Xahişdən sonra dəstək duranlar sayğıya layiqkən, xahiş gözləmədən, könüllü şəkildə əlini daşın altına qoymaq, ayrı bir gözəllikdir). Uzun sözün qısası, belə uca könüllülüyün cavabsız qalmadığını da deməliyəm. Tovuz döyüşləri, 44 günlük müharibə vaxtı Türk dünyası yeni nəsil yazarlarının Azərbaycana açıq dəstəyini xatırlayırsızmı? – Bax, o, dostları, qardaşları biz birgə qazanmışıq. Millət vəkili bizimlə söhbətlərində bir düstur irəli sürərdi: siz ölkəmizə dəvət etdiklərinizi yönləndirməyə çalışmayın, siz ölkəmizin həqiqətlərini, mədəniyyətimizin ucalığını niyəsiz, necəsiz göstərin, özləri vurulacaq, sevəcəklər. O, dövlət bayrağımızın, o bayrağı yaratmıs, ucaltmıs maarifci babalarımızın irsinin bir universal yol göstərici olduğunu, ali dövlət rəhbərliyinin xarici siyasətinin cağdaş örnək təşkil etdiyini təlqin edir, vurğulayır.
Mənim vaxtilə basqanı olduğum DGTYB-nin “Gəldik, gördük, yazdıq” məzmunlu layihələri məhz bu fəlsəfi yanaşmaya uyğun gəlir. O dostları ki, biz qazanmışıq, onlar bizim xahişimiz olsa geri çevirməz, sorğulamazlar. Necə deyərlər, biz də, dost-qardaşlarımızla eyni könül, eyni düşüncə alqoritmindənik: onların ölkəsi ilə bağlı heç nəyə biganə qalmırıq. Beləcə, güvən, məsuliyyət həlledici faktora cevrilir.
İnsani yaxlaşımlar, təmənnasız könül bağları sevgi selinə donüşür, boyüyür! Bax, Cavanşir müəllimin ailə üzvlərinin hansısa maliyyə uğursuzluğunu dördgözlə gözləyənlər, bir azca da, biz deyənlərə diqqət etsələr, peşman olmazlar.
Sevgi seli axan oluklar (novlar, novalçalar) varkən, adam niyə çirk axan olukdan içsin ki?..
Keşkə, insanları yaxşılıqlarına peşman eləməyək. Sağlığında qiymət verək insanlara… Əgər kimsə bizimlə eyni siyasi düşüncəni paylaşmırsa, dövlətə, dövlətçiliyə, xeyirxahlığa sadiqliyindən və öz prinsiplərindən, məğrurluğundan taviz vermirsə, bəhanə, “ilisgənə” axtarmayaq. Bihudədir. Amma YAXŞILIQ QIZIL TOXUM DƏNƏSİDİR.
Qoy, su, tarix yıldız, insan və fikir yaxşılıqla… axsın. Axınımız alxışımızla süslənsin. Heç quşqusuz, könlüdarlar qaramatı, genişürəklər üfüqötəsini bulacaqdır…
BİLƏNLƏRƏ SALAM OLSUN!

Əkbər Qoşalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image