image-whatsapp-image-2021-08-19-at-14-55-41backend

Kəlbəcər və Laçının bərpası mühüm əhəmiyyət kəsb edir-İsrafil Kərimov yazır

image-reklam_sirab_01

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Bununla da ölkə başçısı ötən ilin sonundan bəri azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib.

Bu səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verib, həmçinin azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir.
Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində bildirmişdir ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib. Bu da əsas vəzifələrdən biridir.

image-whatsapp-image-2021-08-19-at-14-55-43-1
Bu gün keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti vardır və cəmi altı ay ərzində bu yarımstansiya istifadəyə verilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi aparılır. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaqdır.
Ölkə Prezidenti qeyd etmişdir ki, iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Sərəncama uyğun olaraq 14 iqtisadi rayon yaradılıb. Onların arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm tarixə, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır.

image-whatsapp-image-2021-08-19-at-14-55-43
Prezident İlham Əliyevin qeyd olunan nitqində də vurğuladığı kimi, hazırda qarşıda dayanan ən ümdə məsələ Qələbənin nəticələrinin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Odur ki, işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması günün tələbləri sırasında oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən ərazilərimiz sənaye, turizm, aqrar sektorda böyük potensiala malikdir.
2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Əldə edilmiş tarixi Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.
Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi, Azərbaycan torpaqlarının tarixi adlarının bərpası bir sıra ciddi siyasi mesajların verilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Atılan bu kimi addımlar “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarının növbəti rəsmi ifadəsi hesab edilə bilər. İqtisadi rayonların yeni bölgüsü ermənilərin “status” məsələsini birdəfəlik dəfn etdi. Prezident İlham Əliyev istər Vətən müharibəsi dövründə xalqa müraciətlərində, xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də postmünaqişə dövründə çıxışlarında, yerli və xarici KİV-lərə müsahibələrində status məsələsinə birdəfəlik son qoymuşdur.

image-whatsapp-image-2021-08-19-at-14-55-41

«Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur» söyləyən dövlət başçısı bildirir ki, mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image