image-meshurbackend

Məşhur Məmmədov: “Bu gün dövlət sərhəddində baş verənlər deməyə əsas verir ki, sülh sazişinin imzalanması üçün Paşinyan güclü siyasi iradə nümayiş etdirməlidir”-MÜSAHİBƏ

image-reklam_sirab_01

Ermənistan ordusunun Azərbaycanın dövlət sərhəddində təxribat törətməsindən sonra bölgədə vəziyyət gərginləşib. Bu da öz növbəsində, Azərbaycanla Ermənistan arasında cari ilin sonuna qədər reallaşması gözlənilən sülh prosesinə ciddi zərbə vurub. Millət vəkili Məşhur Məmmədov baş verən hadisələrin səbəbləri və gözlənilən nəticələri ilə bağlı “Veteninfo.az”ın suallarını cavablandırıb:

Məşhur müəllim, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də Brüsseldə keçirilmiş görüşündən sonra iki ölkə arsında sülhün təmin edilməsi ilə bağlı konkret addımlar atılmağa başladı. Hətta bu ilin sonunadək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalancağına dair xəbərlərin yayıldığı bir vaxtda rəsmi İrəvan sərhəddə nə üçün irimiqyaslı hərbi təxribata əl atdı?
– Ermənistanın təxribatlardan istifadə edərək sülh danışıqlarını pozması birinci dəfə deyil. Son 30 ildə sülhün əldə olunmamasının əsas səbəblərindən biri Ermənistanın pozucu fəaliyyəti olub. Yəni bu, ermənilərin siyasi taktikası olmaqla yanaşı, həm də bir millət kimi xislətindən qaynaqlanır. Ancaq Ermənistan son vaxtlar bölgədə yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur olduğunu da anlayır. İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğal altındakı əraziləri azad etməsi vəziyyəti tamamilə dəyişib. Azərbaycan bölgədə geosiyasi şərtləri diqtə edən lider dövlətə çevrilib. Ona görə də tərəflər arasında sülh sazişi Azərbaycanın təqdim etdiyi beş bəndlik prinsip əsasında hazırlanmalıdır. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında avqustun 31-də Brüsseldə keçirilmiş görüşdən sonra Nikol Paşinyanın verdityi açıqlamalar onun beş bəndlik prinsipi imzalamağa hazır olduğunu göstərdi. Çünki Ermənistanın xilası yalnız Azərbaycanın şərtlərini qəbul etməkdən keçir. Bu şərtlər Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq, kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizininin açılmasına dair öhdəlikləri yerinə yetirmək və sərhədlərin delimitasiyasına başlamaqdan ibarətdir. Əgər Ermənistan bu tələblərə əməl etməzsə, blokada şəraitində qalmaqda və iqtisadi problemləri artmaqda davam edəcək. Regional kommunikasiyaların açılması və sabitliyin bərpası bölgədə strateji marağı olan Rusiya, Türkiyə və digər dövlətlərin, Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Ona görə də Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Ermənistana xaricdən də təzyiqlər artır. Bu baxımdan, Brüssel görüşü Azərbaycan diplomatiyasının qələbəsi idi. Paşinyanın Vladivostok şəhərində erməni diasporunun nümayəndələri ilə görüşdə də bildirdi ki, Ermənistanda qiymətlərin bahalaşmanın səbəbi kommunikasiyaların bağlı olmasıdır. Ona görə də Ermənistanın Baş naziri qiymət artımının qarşısını almaq üçün Gürcüstanla və İranla olduğu kimi, Azərbaycan və Türkiyə ilə də nəqliyyat əlaqələrinin bərpasının vacibliyini qeyd etdi. Bütün bunlar göstərir ki, Paşinyan hökuməti sərhədlərin və kommunikasiyaların bağlı qalmasının Ermənistanı iqtisadi uçuruma apardığını dərk edir. Bu səbəbdən, sülh prosesini əngəlləyən istənilən təxribat Ermənistanın özünə ziyan vuracaq.
Ermənistanın rəhbərliyi bunları dərk etdiyi halda qarşıdurma yaratmaqla nəyə nail olmaq istəyir?
– Təxribatların səbəbinə aydınlıq gətirmək üçün prosesə başdan nəzər salmaq lazımdır. Azərbaycan dövlət sərhəddində mövqelərimizin atəşə tutulması Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra daha intensiv hal aldı. Paşinyan Brüsseldən qayıtdıqdan sonra hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə Dilicanda keçirilən görüşündə bu ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini bildirib. Daha sonra Paşinyan noyabr ayında sülh müqaviləsinin ilkin mətninin noyabr ayında hazırlanması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə tapşırıq verib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın“İl Sole 24 Ore” qəzetinə müsahibəsində bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana biləcəyini deyib. Eyni zamanda, Azərbaycan tərəfi humanizm nümayiş etdirərək 5 nəfər diversantı Ermənistana qaytardı. Bütün bunlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün kifayət qədər siyasi zəminin formalaşmasından xəbər verir. Amma sonradan təxribatların sayının artaraq qanlı döyüşlər səviyyəsinə çatması sülh prosesinin pozulmasında bir sıra qüvvələrin maraqlı olmadığını göstərir. Yəni bu ilin sonunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq üçün hər iki ölkəni münaqişəyə təhrik etmək səylərinin şahidi oluruq. Burada həm Ermənistan daxilində, həm də xaricindəki dairələrin rolunun olduğunu deyə bilərik. Bir məqama da xüsusi diqqət yetirmək istərdim. Avqustun 30-da cinayətkar rejimin silahlı terror dəstələrinin başçısı Mikayel Arzumanyan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Avqustun 31-də isə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü keçirilib və sülhə ümid verən pozitiv nəticələr əldə olunub. Sentyabrın 2-də Arzumanyanın sələfi Cəlal Arutunyan həbs edilib. Bunun ardınca qondarma rejimin terror başçıları olan zabitlər və Ermənistan müxalifəti Paşinyanı həm həbslərə, həm də Azərbaycanla sülhə getdiyinə görə xəyanətdə ittiham edir. Eyni zamanda, Kəlbəcər və Laçın iqtiqamətində atəşkəsin pozulması intensiv xarakter alır. Hadisələrin xronologiyası Ermənistanda Baş nazirlə revanşist qüvvələr arasında qarşıdurmanın artdığını əks etdirir. Ordu prosesi pozmaqla Paşinyana təzyiq göstərir. Xankəndidəki qanunsuz rejim də bu məsələdə Paşinyana qarşı çıxır. Paşinyanın isə Ermənistan ordusunda mövqeləri zəifdir. Bir sıra zabitlər hələ də ona itaət göstərmir və radikal dairələrlə işbirliyindədir. Ona görə də istənilən vaxt hərbi elita sülh prosesini pozmaq üçün geniş təxribatlar törədə bilir. Paşinyanın özü isə bir siyasətçi kimi zəif fiqurdur. O, həm daxili, həm də xarici qüvvələrin təzyiqi qarşısında tez geri çəkilir və hakimiyyətini qorumaq üçün manevrlər edir. Əslində, bu onun qeyri-sabit olması ilə bağlıdır. Bu gün dövlət sərhəddində baş verənlər deməyə əsas verir ki, sülh sazişinin imzalanması üçün Paşinyan güclü siyasi iradə nümayiş etdirməlidir. Biz hələ bunu görmürük. Əgər belədirsə, o zaman Azərbaycan ordusu, Ali Baş komandanın “dəmir yumruğu” yenidən müharibə xəyalına düşənləri sakitləşdirməyə qadirdir. Onu da deyim ki, Ermənistanda təxribata əl atanlar yalnız hərbçilər, yaxud radikal müxalifətlə yekunlaşmır. Hakimiyyətin özünün də daxilində bir qrup var ki, onlar gərginlik yaratmaqla Qarabağ ermənilərinin təhlükəsizliyi və statusu məsələsini gündəmə gətirməyə çalışır. Ancaq onlar Azərbaycan Prezidentinin bir ifadəsini unutmamalıdır: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.
Sülh sazişinin imzalanmasında Avropa Birliyi və Rusiya vasitəçi tərəflər kimi çıxış etsə də, ümumilikdıə Qərbin və Moskvanın mövqeyi üst-üstə düşmür. Qərb, xüsusilə də ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı görünmür və münaqişənin bitmədiyinə dair iddilarla çıxış edir. Rusiya isə sülhməramlı kontingentin ərazidə qalmasında və idarəolunan sülhün formalaşmasında maraqlıdır. Sərhəddəki toqquşmalar Avropa İtifaqının vasitəçiliyi ilə sülh təşəbbüsünün əldə olunduğu, ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə səfiri Filip Rikerin bölgəyə səfər etdiyi və Nikol Paşinyanın Rusiya Prezidenti ilə görüşündən dərhal sonraya təsadüf edir. Ukraynada və Cənubi Qafqazda Qərb-Rusiya rəqabətin artması fonunda bu gün Azərbaycanın dövlət sərhəddində baş verən təxribatların geosiyasi amillərdən qaynaqlandığı açıq görünür.

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki