Avqustun 8-9-da Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində gənclər üçün Vikipediya təlimləri keçirilib. Təlimlər “İrs – Gənclərin Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Vikipediyada Azərbaycanın milli irs məzmununun gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Tədbirin təşkilinə Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi də dəstək göstərib.
İki gün davam edən təlimlərdə rayonun fəal gəncləri iştirak ediblər. Təlimlər Vikimedia Azərbaycan İstifadəçi Qrupunun İdarə Heyətinin sədr müavini, Azərbaycanca vikipediyanın patrulu Aida Aslanova və inzibatçısı, bürokratı Toğrul Rəhimli tərəfindən keçirilib.
Təlimlər zamanı iştirakçılara Vikipediyanın fəaliyyət prinsipləri, ensiklopedik məqalələrin hazırlanması qaydaları, etibarlı mənbələrdən istifadə, müəllif hüquqları, məlumatların yoxlanılması və açıq biliklərin inkişafında könüllülərin rolu barədə ətraflı məlumat verilib. Gənclər Vikipediyada hesab yaratmaq, məqalə redaktə etmək, istinadlardan düzgün istifadə etmək və yeni məzmun əlavə etmək üzrə praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimçilər Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi ilə bağlı məlumatların Vikipediyada zənginləşdirilməsininəhəmiyyətindən bəhs edərək iştirakçıları açıq biliklərin inkişafına töhfə verməyə çağırıblar. Təlimlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb, Vikipediyada fəaliyyət imkanları və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Layihənin əsas məqsədi gənclərin rəqəmsal savadlılığınıartırmaq, onların açıq bilik platformalarında fəal iştirakını təşviq etmək və Azərbaycanın milli-mədəni irsinin internet məkanında daha geniş təbliğinə töhfə verməkdir.
Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatların təqdimatı zamanı gənclərin əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağı vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur.


























