Bu gün 2008-ci ilin avqust müharibəsinin başlamasından 18 il ötür. 08.08.08 hadisələri Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm dönüş nöqtəsinə çevrilərək Gürcüstanın ərazi bütövlüyü və bütövlükdə regional sabitlik baxımından uzunmüddətli nəticələr doğurdu. Lakin bu münaqişə 2008-ci ildə başlamayıb: hərbi əməliyyatlar 1992–1993-cü illərdə Rusiya yönümlü silahlı qrupların Gürcüstanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrində fəaliyyəti nəticəsində başlamışdı.
Xüsusilə bu, 1990-cı illərin əvvəllərindən müstəqilliyə can atan Cənubi Osetiyaya aid idi. Müxalifət yönümlü «Gürcüstan naminə» partiyasının deputatı B. Liluashvili 2008-ci ildə müharibənin başlama tarixi ilə bağlı danışarkən bu məsələnin müharibəni kimin başladığı ilə bağlı faktları və gürcü cəmiyyətindəki mövcud yanaşmaları yenidən nəzərdən keçirməyə yönəlmiş «spekulyasiya» olduğunu bildirmişdi.
Gürcüstanın siyasi elitaları Rusiyanın nəzarətində olan Gürcüstan ərazilərinin 20 faizinin işğal altında qalması, rus qoşunlarının münaqişənin başlanmasından əvvəl tutduqları mövqelərə çəkilməsi və nəticə etibarilə yüz minə yaxın məcburi köçkünün mərhələli şəkildə geri qayıtması məsələsində prinsipial mövqedə qalırlar.
Lakin son iki il ərzində Gürcüstanın siyasi konfiqurasiyasının özü əhəmiyyətli dərəcədə dəyişib. 2024-cü ilin dekabrında Mixeil Kavelaşvili ölkə prezidenti oldu, «Gürcü Arzusu» isə baş nazir İrakli Kobaxidzenin rəhbərliyi altında daxili və xarici siyasətin müəyyənləşdirilməsi baxımından daha geniş imkanlar əldə etdi. 2024-cü il parlament seçkilərindən, kütləvi etirazlardan və hökumətin Aİ-yə üzvlüklə bağlı danışıqların açılmasını 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra Tbilisi ilə Brüssel arasında münasibətlər ciddi şəkildə pisləşdi.
Beləliklə, 2026-cı ildə Gürcüstanın siyasi elitasında ölkənin ərazi bütövlüyünün bərpası üçün hansı xarici siyasət kursunun daha effektiv olması məsələsində ciddi fikir ayrılığı mövcuddur. Əvvəlki dövrdə, xüsusilə Mixeil Saakaşvilinin hakimiyyəti zamanı əsas diqqət sürətli Avroatlantik inteqrasiyaya və Qərbin siyasi dəstəyinin gücləndirilməsinə yönəlmişdisə, hazırkı hakimiyyət ilk növbədə Rusiya ilə yeni hərbi qarşıdurmadan yayınmağı, iqtisadi sabitliyi və müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətləri ön plana çıxarır.
Bununla yanaşı, «Gürcü Arzusu» rəsmi olaraq ölkənin ərazi bütövlüyünü və Avropa perspektivini dəstəklədiyini bildirir və əvvəlki hakimiyyəti, eləcə də müxalifətin bir hissəsini Gürcüstanı yeni hərbi qarşıdurmaya cəlb etmək cəhdlərində ittiham edir.
Məhz burada müasir Gürcüstan siyasətinin əsas ziddiyyətlərindən biri meydana çıxır. Müxalifət hökumətin siyasətini Avropa kursundan uzaqlaşma və Moskva qarşısında həddindən artıq ehtiyatlı mövqe kimi qiymətləndirir. Hakimiyyət isə əksinə, hərbi eskalasiyadan imtinanın sülhün qorunması və gələcəkdə ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası üçün zəruri şərt olduğunu bildirir.
Bununla belə, işğal olunmuş ərazilər məsələsi son illərdə nəinki gündəmdən çıxıb, əksinə, yeni ölçü qazanıb. Rusiya ilə Sxinvali arasında müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə dair addımlar Tbilisi tərəfindən regionun faktiki ilhaqına doğru növbəti mərhələ kimi qiymətləndirilir. Bu proses göstərir ki, söhbət artıq yalnız 2008-ci ildən sonra yaranmış status-kvonun qorunmasından getmir. Rusiya Cənubi Osetiya və Abxaziyanın siyasi, iqtisadi və institusional baxımdan öz məkanına inteqrasiyasını davam etdirir.
Bundan əlavə, işğal olunmuş ərazilərdə baş verən proseslər gələcək reinteqrasiya imkanlarını obyektiv olaraq məhdudlaşdırır. Abxaziyada Moskva nəqliyyat və iqtisadi infrastruktura nəzarətini genişləndirir. Suxumi hava limanının fəaliyyətinin bərpası və Rusiyadan yeni aviareyslərin açılması, həmçinin Oçamçirə limanının istifadəsinin genişləndirilməsi regionun Rusiya ilə iqtisadi və logistika əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
İşğal olunmuş ərazilərdə bu gün baş verən proseslər kənardan müşahidəçi üçün tam əlçatan deyil. Məsələn, hazırda qondarma «Cənubi Osetiya»da gürcü məktəblərinin sayının sistemli şəkildə azaldılması prosesi gedir. Abxaziyada isə məktəblərin ləğvi prosesi artıq ötən il başa çatıb.
Orada Gürcüstanla şərti «sərhədi» pozmaqda ittiham olunan şəxslərin saxlanılması halları da davam edir. Beləliklə, işğal olunmuş ərazilərdə vəziyyət mahiyyət etibarilə dəyişmir. Rusiya Gürcüstanla hava əlaqəsini genişləndirsə və viza rejiminin sadələşdirilməsi istiqamətində addımlar atsa da, bu, əsas problemi aradan qaldırmır. Çünki Gürcüstan vətəndaşları üçün ən mühüm məsələ işğal olunmuş ərazilərin statusu və ölkənin ərazi bütövlüyüdür. Rusiya ilə keçirilən görüşlərə və ikitərəfli təmaslara baxmayaraq, bunların ərazilərin statusuna real təsiri yoxdur.
Lakin bu gün Rusiya-Gürcüstan münasibətlərini yalnız 2008-ci il müharibəsi prizmasından izah etmək artıq kifayət deyil. Son illərdə Tbilisi ilə Moskva arasında diplomatik münasibətlər olmamasına baxmayaraq, nəzərəçarpacaq iqtisadi qarşılıqlı asılılıq formalaşıb. Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və ticarət, turizm, pul köçürmələri və digər iqtisadi əlaqələr iki ölkə arasında mühüm kanallar yaratmaqda davam edir.
Bu fonda Gürcüstanın xarici siyasəti getdikcə daha çox çoxvektorlu xarakter alır. Tbilisi Rusiya ilə iqtisadi əlaqələri qorumağa, eyni zamanda Avropa perspektivindən rəsmi şəkildə imtina etməməyə, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır. Cənubi Qafqaz üçün bunun xüsusi əhəmiyyəti var. Gürcüstan Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat marşrutlarının əsas həlqələrindən biri olaraq qalır. Orta Dəhlizin əhəmiyyətinin artması isə Brüssel ilə siyasi münasibətlərin soyuduğu bir şəraitdə belə Gürcüstanın strateji əhəmiyyətini artırır.
Son 18 ildə regionda çox şey dəyişib.
Bu regionların beynəlxalq statusu əksər dövlətlər və hökumətlərarası təşkilatlar tərəfindən Gürcüstanın ayrılmaz hissəsi kimi tanınır. İşğal olunmuş ərazilərdə yaradılmış «respublikalar» geniş beynəlxalq tanınma əldə etməyib. Rusiyadan başqa onları Suriya, Nikaraqua, Venesuela və Nauru — Sakit okeanda yerləşən, əhalisi təxminən 10 min nəfər olan kiçik ada dövləti — tanıyıb.
Bununla belə, 2026-cı ildə bu məsələdə də müəyyən yeni nüanslar yaranıb. Abxaziya və Cənubi Osetiyanın beynəlxalq tanınmasının genişləndirilməsi istiqamətində bəyanatlar səslənməkdə davam etsə də, onları tanıyan dövlətlərin sayı son dərəcə məhdud olaraq qalır. Bu qurumların beynəlxalq təcridi davam edir, Rusiya isə onların siyasi və iqtisadi baxımdan özünə inteqrasiyasını ardıcıl şəkildə dərinləşdirir.
Hazırkı Gürcüstan hakimiyyəti ərazi itkilərinə və vəziyyətin ağırlaşmasına 18 il əvvəl hakimiyyətdə olmuş, Mixeil Saakaşvilinin rəhbərlik etdiyi siyasi dairələri görə məsul sayır. Öz növbəsində, müxalifət qüvvələri hazırkı hakimiyyəti fəaliyyətsizlikdə, Rusiyayönümlü siyasət yürütməkdə və 2008-ci ildə Gürcüstanın ərazilərini itirməsinə şərait yaratmaqda ittiham edir.
Lakin son iki il ərzində bu mübahisə artıq yalnız Saakaşvili və «Gürcü Arzusu» arasındakı qarşıdurma çərçivəsindən çıxıb. Bu gün söhbət faktiki olaraq Gürcüstan dövlətinin gələcək inkişaf modelindən gedir: ölkə Avropa inteqrasiyasını sürətləndirərək bunun Moskva ilə siyasi qarşıdurma riskini artırmasını qəbul edəcək, yoxsa təhlükəsizlik və iqtisadi əlaqələri Avropa inteqrasiyasının sürətindən üstün tutan ehtiyatlı praqmatizm modelini seçəcək?
2024-cü il parlament seçkilərindən və onun ardınca yaranmış siyasi böhrandan sonra bu qarşıdurma daha da dərinləşib. Hakim «Gürcü Arzusu» ölkə daxilində siyasi nəzarətini gücləndirib, müxalifət isə seçkilərin legitimliyini və hakimiyyətin xarici siyasət kursunu davamlı şəkildə tənqid edir. Eyni zamanda, müxalif siyasi qüvvələrə qarşı hüquqi təzyiqlər və siyasi proseslər ölkənin daxili siyasi mühitini daha da sərtləşdirib.
Bu, ərazi bütövlüyü məsələsinin özünə də təsir göstərir. Ərazilərini sülh yolu ilə geri qaytarmaq istəyən dövlət üçün daxili siyasi konsolidasiya müəyyən mənada resurs ola bilər. Lakin hakimiyyətin həddindən artıq mərkəzləşməsi beynəlxalq etimad baxımından əlavə risklər də yaradır. Xüsusilə Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi Tbilisinin xarici siyasi manevr imkanlarına da təsir edir.
Və əgər o zaman Gürcüstan 125 kənd üzərində nəzarəti itirsə də, Qərbin «yardımı» ilə Rusiya tanklarının qarşısını almağı və suverenliyini qorumağı bacarmışdısa, bu gün vəziyyət prinsipial olaraq fərqlidir. Rusiya Gürcüstana qarşı yeni genişmiqyaslı müharibə aparmır. Lakin Moskva işğal olunmuş ərazilərdə mövcudluğunu gücləndirməkdə və onları öz siyasi, iqtisadi və hərbi məkanına mərhələli şəkildə inteqrasiya etməkdə davam edir.
Eyni zamanda, regionun özü də dəyişib. Ukraynada müharibənin başlamasından sonra Cənubi Qafqaz artıq yalnız Rusiya-Qərb qarşıdurmasının periferik zonası deyil, Avrasiyanın yeni geosiyasi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilib. Nəqliyyat dəhlizləri, enerji layihələri, Qara dəniz, Azərbaycan və Ermənistan arasındakı münasibətlər, Avropa İttifaqının genişlənmə siyasəti və Türkiyənin artan rolu Gürcüstan üçün eyni zamanda həm yeni imkanlar, həm də yeni məhdudiyyətlər yaradır.
Bu səbəbdən 18 il sonra əsas sual artıq yalnız Abxaziya və Cənubi Osetiyaya bu gün kimin nəzarət etməsi deyil. Rusiya bu ərazilər üzərində faktiki nəzarəti saxlayır və beynəlxalq ictimaiyyət bunu tanımır. Əsas sual ondan ibarətdir ki, Gürcüstan gələcək reinteqrasiya üçün siyasi və demoqrafik imkanları qoruyub saxlaya biləcəkmi, yoxsa bu ərazilərin Gürcüstanın qalan hissəsindən institusional və demoqrafik ayrılması dönməz xarakter alacaq.
Məhz buna görə bugünkü tarix təkcə müharibəsinin ildönümü yox, həm də onu xatırladır ki, dondurulmuş münaqişə heç də dəyişməz vəziyyət demək deyil: yeni hərbi əməliyyatlar olmadan belə regionun siyasi xəritəsi və güc balansı tədricən dəyişməkdə davam edir.
Siyasi şərhçi:Elmira Talıbzadə



























