Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.


























