Vətəninfo.az xəbər verir ki, Türkiyənin cənubunda yerləşən qədim Aspendos şəhəri yaxınlığında arxeoloqlar təxminən 2400 il əvvəl dəfn edilmiş kişinin məzarını aşkarlayıblar. Qalıqların peşəkar güləşçiyə aid ola biləcəyi ehtimal edilir.
“Live Science”ın məlumatına görə, məzar qədim şəhərin kənarında yerləşən qəbiristanlıqda üzə çıxarılıb. Daş lövhələrdən hazırlanmış sarkofaqda aşkar edilən dəfnin eramızdan əvvəl 475–300-cü illərə aid olduğu bildirilir.
Mərhumun güləşçi ola biləcəyinə dair əsas ipuclarından biri məzarda tapılan gümüş sikkələr və digər arxeoloji materiallardır. Sikkələrin üzərində güləşçilərin təsvirləri əks olunub.
Bununla belə, mütəxəssislər bu faktın həmin şəxsin güləşçi olduğunu təsdiqləmək üçün kifayət etmədiyini bildirirlər. Qazıntılarda iştirak etməyən Ayova Universitetinin tarixçisi Sara Bond qeyd edib ki, iki güləşçinin təsvir olunduğu sikkələr Aspendosda geniş yayılmışdı və şəhərin bütün sakinləri tərəfindən istifadə edilirdi.
Alimlərin fikrincə, kişinin idmanla məşğul olub-olmadığını müəyyənləşdirmək üçün skelet qalıqlarının əlavə araşdırılması vacibdir. Xüsusilə burun sümüyünün sınması və sonradan sağalması kimi xəsarətlər onun güləşlə məşğul olduğuna dair mühüm sübut ola bilər.
Qeyd edək ki, Aspendos qədim dövrdə Türkiyənin cənub-qərbində yerləşən mühüm yunan-Roma şəhərlərindən biri olub. Güləş şəhərin tarixində xüsusi yer tutub. Burada iki güləşçinin təsvir edildiyi gümüş sikkələr zərb edilib. Eramızın II əsrində isə şəhərdə təxminən 8 min tamaşaçı tutumu olan stadion inşa olunub. Arenada qaçış, nizə atma və güləş yarışlarının keçirildiyi bildirilir.
Hazırda aşkarlanan qəbiristanlıqda arxeoloji qazıntılar davam etdirilir. Mütəxəssislərin aparacağı əlavə tədqiqatların məzarda dəfn olunan şəxsin kimliyi və onun mümkün idman fəaliyyəti barədə daha dəqiq məlumat verəcəyi gözlənilir.


























