Bu sözləri “Yeni Sabah”a tarixçi Əkbər Nəcəf deyib.
O, bir neçə gün öncə öz “Facebook” səhifəsində paylaşdığı və Şəki xanı Cəfərqulu xana aid olduğu deyilən məzarın ətrafında daha bir neçə qəbrin olduğunu vurğulayıb:
“Bu qəbrin yanında hətta Cəfərqulu xanın atasına aid olduğu deyilən məzar var. Sadəcə onlar baxımsız vəziyyətdədir. Şəkililər inanır ki, Cəfərqulu xanın və digər bir neçə ailə üzvünün qəbri Kərbəladadır. Amma bu rəvayətdir. Abbasqulu Ağa Bakıxanov yazır ki, Cəfərqulu xanın Kərbəla ziyarətinə getdiyi vaxt problem yaranıb və səfər baş tutmayıb. Digər tərəfdən, kim gedib Kərbəlada Cəfərqulu xanın qəbrini tapıb ortaya çıxarıb ki? Bununla belə, Şəkidə yaşayan insanlar bu rəvayətə inanırlar”.

Tarixçi əlavə edib ki, Cəfərqulu xanın məzarının əmanət qəbir olması ehtimalı istisna deyil:
“Cəfərqulu xanın və digər Şəki xanlarının şəcərəsi Xoydan gəlir. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən Fətəli Xan Xoyski də həmin nəsildəndir. Cəfərqulu xanın qəbrinin əmanət qəbir olma ehtimalı da var. Azərbaycanın müxtəlif ərazilərində əmanət qəbirlərə rast gəlinir. Amma nəzərə alınmalıdır ki, coğrafi olaraq, Kərbəla, Məşhəd, Məkkə, Mədinə kimi yerlər çox uzaqdadır. Qəbirin oralara aparılması üçün xeyli maddi vəsaitə, resursa ehtiyac olub. Buna görə də, deyilən əmanət qəbirlərin böyük bir hissəsinin müqəddəs məkanlara gedib çıxmadığına inanmaq üçün əsaslar var”.
Qeyd edək ki, Cəfərqulu xan Xoyski (Dünbili) (1763-1814) 1806–1814-cü illərdə Şəki xanı, ondan əvvəl isə Xoy xanlığının hakimi olmuş hərbi və dövlət xadimidir. 1806-cı ildə Rus-Qacar müharibəsi dövründə Səlim xanın Rusiyaya qarşı üsyan etməsindən sonra general Qudoviç onu Şəkiyə xan təyin edib. Bir çox Cəfərqulu xanın 51 yaşında vəfat etdiyi və Şəki xanlarının məqbərəsində dəfn olunduğu qeyd olunur.


























