Millət vəkili Elnur Allahverdiyev gördüyü işlərin hesabatını təqdim edib. Vətəninfo.az xəbər verir ki, millət vəkili sosial şəbəkə hesabından 6 ay ərzində gördüyü işlərlə bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik.
“Hörmətli seçicilərim!
İyul və dekabr aylarında ilin ilk 6 ayı və yekununa dair fəaliyyət hesabatımızın paylaşılması ənənə halını alıb. Hesabatda parlamentdəki fəaliyyət, seçicilərlə ünsiyyət, siyasi və ictimai əhəmiyyətli tədbirlərdə iştirak, mediada çıxışlar və millət vəkili fəaliyyəti ilə əlaqədar xarici səfərlərə dair ilin ilk yarısının statistik göstəriciləri əks olunur.
2023-cü ilin geridə buraxdığımız altı ayı kifayət qədər aktiv iş rejimi və dinamik hadisələrlə yadda qaldı. Milli Məclisdə müasir tariximizin ən böyük büdcəsinin icrası ilə bağlı dinləmələrdə iştirak etdik, ilk rübün yüksək iqtisadi göstəricilərindən çıxış edərək əsas maliyyə sənədinin daha da böyüməsinə səs verdik.
Ötən yarım ildə parlament diplomatiyası çərçivəsində bir sıra xarici ölkələrə səfərlərimiz baş tutdu. Eyni zamanda, rəhbəri olduğum Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun xətti ilə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı müxtəlif tədbirlərin iştirakçısı olduq. Bakıya və Ağdama səfər etmiş çexiyalı həmkarlarımızı müşayət etdik.
Deputatlıq fəaliyyətinin mühüm istiqaməti seçicilərlə daimi ünsiyyətin olmasıdır. Bu istiqamətdə həm fərdi görüşlər, həm seçici qəbulları reallaşdırdıq, rayonumuzun İcra Hakimiyyəti strukturları ilə birgə təşkil olunmuş səyyar görüşlərdə iştirak etdik. Ötən illərdə olduğu kimi, 2023-cü ilin ilk yarısında da dairəmizin ərazisində imkansız ailələr və ehtiyac duyan seçicilərimizi əhatə edən sosial aksiyalar gerçəkləşdirdik. Hesab edirəm ki, dövlətimiz və sosial tərəfdaşlarımızın dəstəyi ilə bu aksiyalarımız qarşıdakı dövrlərdə də davam edəcək.
Azərbaycan özünün ən dinamik və sürətli inkişaf dövrünü yaşayır. Bu ümummilli prosesdə qanunverici orqanın – Milli Məclisin özünəməxsus rolu və yeri var. Qarşıdakı ikinci yarımildə də həm bu, həm də seçicilərlə əlaqələr istiqamətində işimizi davam etdirəcəyik!”