image-photo-2021-11-26-15-43-17backend

Müqəddəs Yurdumuzun can parçası, qayıdışın mübarək!

image-reklam_sirab_01

Zəfərimizin qayıdış yolunu tamamlayan müqəddəs torpaq — Laçın rayonu 1930-cu ildə yaranmışdır. Vətənimizin əsrarəngiz torpağı olan Laçın rayonu bol su ehtiyatlarına malikdir. Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur. Rayonun ümumi sahəsi 1824 kvadrat kilometr olub, ən hündür dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir.
Laçın rayonunun 1 şəhər, 1 qəsəbə, 124 kəndi, zəngin faydalı qazıntıları, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları vardır. Burada senaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Azərbaycanın maddi, mənəvi sərvət xəzinəsi olan bu torpaqlar 18 May 1992-ci ildə erməni vandalları tərəfindən misli görülməmiş vəhşiliklə işğal edilmişdir. Rayonun işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Digər işğala məruz qalan doğma torpaqlarımız kimi Laçın rayonunun əhalisi də etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğaldan sonra laçınlı soydaşlarımız 70.1 min nəfər olmaqla ölkəmizin 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
Erməni vandalları Laçını işğal edərək 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisələri talan və məhv etmişlər. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Laçının Zəfər qığılcımları 9 noyabr 2020-ci ildə gəlməyə başladı ki, həmin tarixdə Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan xalqının qəhrəman əsgər və zabitləri beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətənimizin qəhrəman keşikçiləri Vətən müharibəsindəki qələbəsi ilə düşmənə diz çökdürdü və imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də (2020) Laçın rayonu Azərbaycana təhvil verildi. Digər doğma torpaqlar kimi Laçın da Azərbaycan əsgərinin isti nəfəsinə qovuşdu.
Prezident İlham Əliyevin sərəncamı ilə 26 noyabr 2020-ci ildə “Laçının azad olunmasına görə” medalı təsis edildi. Laçının işğaldan azad edilməsində şəxsi şücaət və igidlik göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.
Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Biz bu gün təqvimə nəzər saldıqda hüznlə 18 maya deyil, qürurla 1 dekabr tarixinə baxırıq. Çünki artıq heç birimiz Laçının işğal tarixinin nisgilini yaşamırıq, hər birimiz müqəddəs torpağın qayıdışını 1 dekabr tarixində bayram kimi qeyd edirik. Müqəddəs Yurdumuzun can parçası, qayıdışın mübarək!

Bakı Slavyan Universiteti
Aypara Babayeva

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki