image-1619586850_179378955_1000778683789414_2805489479979666576_nbackend

Naxçıvan tranzit nəqliyyat dəhlizi və logistik mərkəz funksiyasını yerinə yetirməyə hazırdırmı?

image-reklam_sirab_01

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Mincivan qəsəbəsində də olub, buradakı dəmir yolu stansiyasının yerləşdiyi əraziyə baxıb. Dövlət başçısı bölgənin strateji əhəmiyyətini vurğulayaraq Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərə bir daha diqqət çəkib: “Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır”.

Bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi həm də Asiyanı Avropa ilə birləşdirən dəhliz olacaq. Dəhlizin açılmasından sonra Türkiyə ilə quru məsafəsi 400 kilometr qısalacaqdır. Bu strateji layihənin reallaşdırılmasından sonra Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verəcək. Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə vasitəsilə Avropanın bəzi ölkələri Şərqdə 3 milyardlıq dollarlıq bir bazar tapacaqdır. Layihə nəinki bu regionun, bütövlükdə, dünyanın nəliyyat xəritəsini yenidən formalaşdıracaqdır.

Zəngəzur dəhlizinin mühüm strateji əhəmiyyətindən biri də Şərqi və Qərbi Zəngəzurun simvolik olsa da birləşməsi, 30 ildir, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılmasıdır. Ona görə də dövlət başçısı bu dəhlizin açılmasında israrlıdır və bunun üçün nə lazımdırsa edəcəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini vurğulayıb: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Bildiyimiz kimi, 1920-ci ildə Zəngəzurun zorla Ermənistana birləşdirilməsindən sonra Naxçıvan blokadaya salınıb, Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur edilib. Naxçıvanlılar 30 ildən çoxdur ki, öz həyatlarında blokadanın çətinliklərini hiss edirlər. 1990-cı illərin əvvəllərində Naxçıvanda yaşayanlar blokadanın nə demək olduğunu yaxşı bilir. Həmin dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda olması muxtar respublikanı blokada məngənəsində boğulmaqdan xilas edib.
Qüdrətli dövlətimiz naxçıvanlılara hər nə qədər blokadanın çətinliklərini hiss etdirməməyə çalışsa da, ömründə bircə dəfə İran ərazisindən keçib Bakıya gələn muxtar respublika sakinləri,  yaxud əzizinin dəfnində iştirak etmək üçün Naxçıvana təyyarə bileti tapa bilməyənlər blokadanın ağrı-acısını iliklərinə qədər hiss ediblər. Ona görə də Zəngəzur dəhlizi Naxçıvan üçün nəfəslikdir.

Zəngəzur dəhlizinin yaradılması Naxçıvanı təkcə blokadadan çıxarmayacaqdır. Bu nəqliyyat dəhlizinin açılmasından sonra muxtar respublika logistik mərkəzə çevriləcəkdir. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaqdır.

Bəs Naxçıvan Muxtar Respublikası Azərbaycanın Zəngəzur dəhlizindən gözləntilərinin reallaşdırılmasına, regionda ölkəmizin logistik mərkəzi funksiyasını yerinə yetirməyə hazırdırmı?

Prezident İlham Əliyevin Naxçıvana illərdir, xüsusi diqqətinin, həssas münasibətinin nəticəsidir ki, indi biz bu suala birmənalı cavab verə bilirik. Müəyyən çatışmazlıqları nəzərə almasaq, muxtar respublika bu funksiyanı yerinə yetirməyə hazırdır.

Son 20 ildə muxtar respublikada Naxçıvan-Sədərək, Naxçıvan-Culfa, Culfa-Ordubad magistral yollarının yenidən qurulması, dəmir yolunun qorunub saxlanılması, dəmir yolu vağzallarının təmir edilməsi, Beynəlxalq Hava Limanının yaradılması, bütövlükdə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi bugünkü dövrə hesablanmış tədbirlərdəndir.

Muxtar respublikada 3, 4 və 5 ulduzlu otellərin, müasir ticarət mərkəzlərinin, restoran şəbəkələrinin yaradılması Naxçıvanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin edəcək amillər sırasındadır.

Müasir dövrdə hər hansısa bir bölgənin logistik mərkəz ola bilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tələb edilən səviyyədə inkişafı da əsas məsələlərdəndir. Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvanda bu istiqamətdə də mühüm işlər görülüb. Hazırda ölkəmizdəki mobil operatorların Naxçıvan ərazisində fəaliyyəti təmin edilib, muxtar respublikanın özünün “Naxtel” mobil operatoru yaradılıb. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə edib, muxtar respublikada internetə çıxış imkanları yaxşılaşdırılıb.

Sədərəkdən Ordubada qədər uzanan magistral yolların kənarında yanacaqdoldurma məntəqələri, Naxçıvan şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları, avtomobil təmiri mərkəzləri istifadəyə verilib.  Bunlar Naxçıvandan tranzit kimi istifadə edəcək yük və minik avtomobillərinin sürücülərinə 24 saat xidmət göstərəcəkdir.

Naxçıvanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün müasir gömrük sistemi də olmalıdır. Ona görə ki, beynəlxalq ticarətin davamlılığının təmin edilməsində, asanlaşdırılmasında gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Prezident İlham Əliyevin tapşırığı, daimi nəzarəti ilə Naxçıvan bu məslənin də həllinə nail olub. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün qurulan  gömrük kompleksləri, gömrük laboratoriyası, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün istismara verilən inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün tikilib istifadəyə verilən yeni inzibati bina və anbar kompleksi ən yüksək standartlara cavab verir. Hazırda inşası davam etdirilən Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleks istifadəyə verildikdən sonra muxtar respublikanın gömrük orqanlarının tamamilə müasirləşdirilməsi prosesi başa çatdırılacaqdır.

Göründüyü kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının nəqliyyat-logistik mərkəzə çevrilə bilməsi üçün əvvəlcədən bütün lazımi tədbirlər həyata keçirilibdir. Buna baxmayaraq, hesab edirik ki,  hələ də görüləsi işlər vardır. Məsələn, Şərur, Culfa və Ordubad şəhərlərində ən azı hostel tipli qonaqlama məntəqələrinə gələcəkdə ciddi ehtiyac olacaqdır. Bundan başqa, Sədərəkdən Ordubada qədər uzanan magistral yolun kənarlarında kiçik kafelərin, restoranların tikilməsi də məqsədəuyğundur.

Heç şübhə yoxdur ki, çox cüzi çatışmazlıqlar Zəngəzur dəhlizi açılana qədər öz həllini tapacaqdır. Və yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikası nəinki ölkəmizin, bötövlükdə, regionun inkişaf etmiş bölgəsinə, nəqliyyat-logistik mərkəzinə çevriləcəkdir.

Tural Səfərov

İstinad: Moderator.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image