image-zengezur-veteninfobackend

Qərbi Zəngəzur qəzasında Nüvədi TARİXİ

image-reklam_sirab_01

.XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır.

Heydər ƏLİYEV,
Ümummilli lider.

…o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Nüvədi kəndi Araz çayının sol sahilində, bəzi yerlərdə Arazın 15-20 metrliyindən keçən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə bağlayan  1941-ci ildə çəkilmiş Mincivan – Culfa dəmir yolu xəttinin  Şimal tərəfində təxminən 1,5-2 kilometrlik məsafədə Tütlar dibi adlanan ərazidən başlayaraq Nüvədi çayının sağ və sol sahillərində şimala uzanan  2,5-3 kilometrlik ərazidə yerləşmişdir.

Bu günə qədər insanın ilkin yaşayış məskənləri mübahisə doğursa da, Azərbaycanın Füzuli şəhərindən 14 kilometrlik şimali-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən daş dövrü insanlarının yaşayış yeri kimi məşhur, sahəsi 800 kvadratkilometr olan Azıx mağara kompleksinin 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edilməsi Cənubi Qafqazın qədim yaşayış yerləri olması haqqında dəqiq və qəti fikir söyləməyə imkan verir. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı, Azıx mağarasında bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənənin də aşkar olunması, çənə üzərində professor Dəmir Hacıyevin uzun müddət apardığı elmi- tədqiqat işləri də əvvəldə deyilənlərə bir daha sübutdur. Bütün bunlar göstərir ki, çox-çox qədimdən bu yerlərdə insanlar yaşamış, ermənilər kimi son 200 ildə bu torpaqlara köç etməmişlər.

Bu ərazilər sonrakı tarixi dövrlərdə akademik Yaqub Mahmudovun yazdığı kimi Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarilər və Qacarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq 1805-ci il mayın 14-də Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən Kürəkçay müqaviləsi, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri imzalanandan sonra Azərbaycanın digər bəzi  əraziləri də Rusiya imperiyasının tərkibinə keçmişdir. Bundan sonra ermənilər din qohumlarına güvənərək Qafqaza yavaş-yavaş ayaq açmış, köç etmişlər. Hələ başqasının torpaqlarını tutması bəs deyilmiş kimi həyasızlıq edən erməni millətçiləri  yerlərini bərkitdikdən sonra azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımlar, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmişlər.

Ulu babalarımızın ötürə-ötürə dediklərindən və atası kənddə məşhur olan, hamının xeyir-şərinə yarayan usta Vəlinin dediklərini qələmə alıb nəşr etdirən 1940-cı ildə sənətkar usta Vəlinin ailəsində dünyaya göz açan, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib uzun illər jurnalist və Nüvədi kənd orta məktəbində müəllim işləmiş Əli Vəlioğlunun yazdığı (Əli Vəlioğlu “Halal çörək” povest, Bakı, 2020, 222 s.) povestinə görə Nüvədi kəndi indi yerləşdiyi ərazidən 5-6 kilometr Şimalda, başlanğıcını kənddən 18-20 kilometr məsafədə yerləşən ərazinin ən hündür dağı Hüseyn bəy çəmənliyindən, Miyanbutun dağında  alan Nüvədi çayının ətrafında yerləşən Kənd Çayı kəndindən köçüb gəlmişlər. Həmin kəndin başçısı, ağsaqqalı, ulu babamız  Əbil kişi olmuşdur. Həmin yer Məlik Əbil adlanır və qədim kəndin xarabalıqları indi də insanların diqqətini özünə çəkir. Məliklik verilməsi I Şah Abbasın (1587-1629) dövründə olub və belə düşünürük ki, Əbil kişiyə həmin dövrdə məliklik verilib, XVI-XVII əsrlərdə Kənd Çayı kəndində ulu babalarımız yaşayıb. Kəndin qəbiristanlığının başdaşıları ermənilər tərəfindən sonuncu deportasiyaya qədər qorunub saxlanılmışdır. Son 30 ildə isə ərazidən xəbərimiz yoxdur. Kənd Çayı kəndindən 2-3 kilometr hündürlükdə yuxarı dağ Əbdül Ata, aşağısında isə dərə Əbdül Ata ziyarətgahları yerləşir. 1991-ci ildə üçüncü dəfə ermənilər tərəfindən işğal olunana kimi Nüvədi kəndinin sakinləri həmin abidələri tez-tez ziyarət edirdilər. Kənd Çayı kəndinin ətrafında kol-kos basmış əkin sahələri kənd camaatının bu yerlərdə taxıl əkdikləri fikrini söyləməyə imkan verir. Bu məqaləni oxuyanların yaddaşını təzələmək üçün xatırladıram ki, I Şah Abbas Şah İsmayılın (1502-1524) nəticəsi, I Şah İsmayılın oğlu I Şah Təhmasibin (1524-1576) nəvəsi, I Şah Təhmasibin oğlu Məhəmməd Xudavəndinin (1578-1587) isə oğludur. Dildən –dilə belə rəvayət söyləyirlər ki, Əbil kişinin Nüvədidən sonra Naxçıvana  tərəf dəmir yolunun sağ tərəfində yerləşən, indi ermənilərin xaraba qoyduğu Tuğut kəndində Hüseyn bəy adında yaxın bir dostu varmış. Necə olursa, bu iki mehriban dost arasında sonradan kin-küdurət düşür. Hüseyn bəy bir gün Məlik Əbili evinə qonaq çağırır. Qonaqlıq qurtarandan sonra onu yola salmaq üçün nökərlər atını tövlədən çəkib gətirəndə  Əbil kişi görür ki, atının quyruğunu kəsib, yalmanını qırxıblar. Dostunun ifrat xəyanətinə dözməyən Əbil kişi atının cilovundan tutub bir söz demədən Tuğutu pay-piyada tərk edir. Yolda eybəcər şəklə salınmış, heç kimə göstərilməsi mümkün olmayan atını güllələyib  öldürür və qəzəbini boğa-boğa evinə dönür. Heç kimə heç nə demədən, dost xəyanətinə dözüb, başına açılan fəlakəti içində gecəli-gündüzlü özü yaşayır. Çox çəkmir Əbil qisasını Hüseyn bəydən alır. Onu iki oğlu ilə birgə qətlə yetirib, meyitlərini Tuğuta göndərir. Hüseyn bəyin arvadının şikayətinə görə o zaman Nüvədinin tabe olduğu mərkəzdə –Güney Azərbaycanın Astamal şəhərində (Qarabağ mahalı) Rəhim xan divanxanasında ona məhkəmə qurub, ölüm hökmü kəsir. İndi xatirələrdə qalmış Kənd Çayı kəndində yaşamış, dar ağacına gətirilən onuncu babamız Əbil kişi son məqamda Nüvədini, Kənd Çayının yurd yerlərini, ana vətəninin saf dağlarını, səfalı yaylaqlarını, buz bulaqlarını yada salıb ürək yanğısı ilə aşağıdakı üç bayatını çəkir:

Əzizim o tağ hanı?
Od düşdü, otaq hanı?
Öldürdülər Əbili,
Dağıldı ota qanı.

Əzizim dilə bir də,
Savxanı dilə bir də,
İçərdim Kəhlan suyun,
Çıxardım Dülə bir də.

Əzizim asta mala,
Yol gedər asta mala,
Əbilin qannıları
Yığılıb Astamala.

Bayatının ikinci bəndində deyilən, Savxa, Dül yurdu, Kəhlan bulağı Nüvədi gənclərinin görmədiyi, hazırda da adını, təravətini qoruyub saxlayan  kəndimizin unudulması qeyri-mümkün olan dilbər guşələrinin bir hissəsidir.

Azərbaycanı Naxçıvan Muxtar Respublikasını Azərbaycandan ayıran Ermənistanın Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında  bildiklərimi “Respublika” qəzetinin oxucularına çatdırmağı özümə borc bilirəm. Həmin məsafə 45 kilometr olub, onun 24 kilometri Nüvədi kəndinin payına düşür. Zəngilan rayonunun qonşu Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra əhalinin enib-minməsi üçün Nüvədi ərazisində yerləşən Sığırtda, sonra stansiya Nüvədidə, daha sonra razyezd Nüvədidə, sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq ərazi olduğuna görə dəmir yol xətti demək olar ki, Araz çayından bəzən 15-20 metrlik məsafədə çəkilmişdir. Ərazi çox sərt sıldırım dağlıq olduğu üçün bu məsafəni dəmir yolu çəkilərkən Arazdan kənara çəkmək mümkün olmamışdır. Hətta dağları yarmaq çox çətin olduğuna görə 1941-ci ildə texniki imkanların çox da geniş olmadığı bir dövrdə dəmiryol xəttinin keçməsi üçün  həm Sığırt, həm də razyezd Nüvədi yaxınlığında tunel vurulmuşdur. Həmin tunelləri yerli və qonşu rayonun sakinləri SSRİ dövləti tərəfindən yaradılmış qarnizondan maaş almaqla mühafizə edirdilər. Sığırt və razyezd Nüvədidə həm də zastavalar yerləşib, Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilib, elektrik cərəyanı  buraxılıb, rus  əsgərləri  tərəfindən İrandan qorunurdu. Hətta Nüvədi kəndinin özünə və ərazi torpaqlarına borular vasitəsilə motorlarla Araz çayından su vurmaq üçün hər gün hökmən zastavalardan icazə alınmalı idi.

Ulu öndər Heydər Əliyev 80-ci illərin ortalarında Moskvada işləyərkən, bilavasitə Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı Naxçıvan şose  yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədi zastavasına kimi (434 kilometr), Naxçıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 13-15 kilometr və Astazur-Aldərə arası təxminən 5 kilometr asfalt yolun çəkilməsinə və bununla da Bakı-Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə  imkan vermədilər. Moskvaya bildirdilər ki, guya bu yol   Bakı-Mincivan-Kafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan ərazilərindən keçməklə  hazırdır, Nüvədi-Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu əlavə xərcdir. Əslində isə onlar bunu etməklə həm Bakı-Naxçıvan yolunu lazımsız yerə 140 kilometr uzadır, həm də dağ şəraitində beş-altı ay payız-qış aylarında gediş-gəlişi mümkünsüz edirdilər.

Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonunun 6 min nəfəri azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllim, bəzi dövrlərdə də məktəb direktoru işləmiş atam Əhmədəli Əliyevin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində Nüvədi məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin məllimləri tərəfindən qoyulmuşdur. Əhmədəli müəllimin yazdıqlarından: “…1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdır. …Kəndin 19 min hektar ərazisi vardır ki, onun 16 min hektarı yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi” (“Nüvədi axıracan vuruşdu”, “Respublika” qəzeti, 12 fevral 1998- ci il, s.3).

Nüvədililər ilk dəfə 1905-1906-cı illərdə erməni işğalına məruz qalmışlar. Araz çayını pələlərlə keçən nüvədililər kəndin qarşısındakı  İranın Misən kəndinə pənah gətirmişlər. Ana babam Sultanəli kişi biz uşaq olanda deyirdi ki, Misənli Hacı xan onları çox yaxşı qarşıladı, gedən kimi iki top parça göndərib bildirdi ki, “…qaçqın gəlmisiniz, paltar tikdirin, arvad-uşaq çılpaq qalmasın”. Kəndin yuxarı hissəsində hamını baraxlarda yerləşdirib,  iş verdi. Üç ildən sonra, 1910-cu ildə qaçqınlar yenə də Nüvədiyə qayıdırlar. Erməni işğalçılarının yorğan- döşəyin yunun və çuvallarda yığılmış taxılı  yuna qarışdıraraq yerə tökdüklərini, parçaları apardıqlarının şahidi olurlar. Hacı xanın verdiyi parçadan qənimət etdikləri hissə onların yorğan-döşəyi bərpa etmələrinə  kömək edir.

İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər isə əsasən Ordubada və Zəngilana pənah aparmışlar.

Üçüncü dəfə isə Nüvədi kəndinin əhalisi, 1991-ci il avqust ayının 7-də Ermənistandan çıxan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqları uğrunda göstərdikləri müqaviməti yüksək qiymətləndirərək – “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”- demişdir.

Atam, Əhmədəli Əliyevin – “Bu kitabı Azərbaycan Respublikasının prezidenti, vətənimizin tərəqqisində, müstəqilliyimizin əbədiləşməsində əvəzsiz xidmətlər göstərən millətimizin dahi oğlu  möhtərəm Heydər Əliyevin anadan olmasının 80 illiyinə hədiyyə edirəm” -yazdığı “Azərbaycan dilinin Meğri şivələri” (Bakı, “Elm”, 2003-cü il, 581 s.), monoqrafiyası bu ərazilərin ən qədim Azərbaycan  torpaqları olduğunu bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi binada mütəxəssislərin iştirakı ilə həmin kitabın 2003-cü ildə 4 saat təqdimat mərasimi keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “…XX əsrin 20-ci illərində yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan  arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə  Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdir (3 nömrəli Protokol).

Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılmış” Zəngilan rayonunun tərkibindən çıxarılmışdır.

Ermənistanda sovet hakimiyyəti qurulana qədər nüvədililər hər hansı bir sənəd almaq və ya məhkəməlik  işlə bağlı Cəbrayıl qəzasının  mərkəzi olan Malakana gedərmişlər. Həmin Malakan şəhərinin adı Sovet dövründə dəyişdirilərək əvvəl Qara bulaq (Böyük bulaq), sonra Karyagin  və daha sonra 1959-cu ildən isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırılmışdır.

Azərbaycana aidliyi son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin möhür və ştampında “Azərbaycan Şura Cümhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi” yazılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprel ayının 8-də  Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir : “…o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstaqram” səhifəsində  paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevirilmişdir.

Ulu Tanrıdan arzumuz budur ki, bu reallıq nüvədililərə də qismət olsun!

Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlimə istehkamını, o cümlədən Baba Hacı müqəddəs ziyarətgahını da tədqiqatçılar Babəkin adı ilə əlaqələndirirlər.

Amma indi tarixə Fateh sərkərdə kimi düşəcək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olduqdan sonra ermənilər dünyaya səs salıb yalvararaq öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxın yaşadıqları qədim Azərbaycan ərazilərində  onların nə tarixi abidələri ola bilər?.. Əgər varsa belə, o da onların saxtalaşdırdığı qədim Alban məbədləridir… Ermənilər yenə də unudurlar ki, onlardan fərqli olaraq azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxır. Ermənilər yenə də bilmək istəmirlər ki, Azərbaycan tolerant xalqdır. Onlardan fərqli olaraq 30 ildə işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstündə qoymasalar belə, Azərbaycan xalqına bir trilyon 300 milyard ABŞ dollarından çox zərər vursalar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib … heyvanlar saxlasalar da, qaçarkən dağıtsalar da, körpülərimizi partlatsalar da, Azərbaycan xalqı Bakı şəhərində, hətta onların kilsələrini, kilsədə saxlanılan 5 mindən artıq kitabı qoruyur. Onlar işğal etdikləri torpaqlarımızda 60 min hektardan çox meşələrimizi məhv etsələr də, evlərimizi yandırsalar da, biz onların kilsələrini qaz ilə isidirik. Ermənistanda bir nəfər olsa belə kənar millətin nümayəndəsinin olmamasına baxmayaraq, Azərbaycanda 30 mindən artıq erməni sərbəst gəzir, arxayın, təhlükəsiz yaşayır. Ermənilər unudurlar ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır…

Dünya Birliyi ermənilərin qayıdıb Qarabağın dağlıq hissəsində yaşamasına canfəşanlıq edirlər. Görəsən onları son 115 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının – indi 400 mindən çox (Qarabağa qayıtması arzu etdikləri 40 min ermənidən 10 dəfə çox olan) azərbaycanlıların taleyi niyə maraqlandırmır?.. Biz də əzəli torpaqlarımıza nəyin bahasına olursa-olsun qayıtmaq istəyirik!

Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin ermənilər dərketmə yolunun başlanğıcında məqaləsində yazdığı “Bütün cəmiyyətlərdə hərbi məğlubiyyətdən sonrakı dövrün özünəməxsus, amma ümumi qanunauyğunluğa əsaslanan ictimai-sosial yaşantıları olur. Konfliktologiya mütəxəssislərinin rəyinə görə hərbi məğlubiyyətdən sonra cəmiyyət bu spesifik yaşantılarla bir neçə mərhələni adlamalıdır: Məyusluq, qəzəb, qisasçılıq, reallığın dərk edilməsi və nəhayət, məğlubiyyətin qəbul edilməsi” fikri ilə mən də razıyam. Amma erməni xalqının daxili xislətini yaxşı bilən öz şairləri Ovanes Tumanyanın yazdığı kimi onlar daxildən xəstədirlər: “…həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Biz erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq”. Bu dəyərli fikri biz alqışlayır, dəstəkləyirik. Biz Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək doğma torpaqlara qayıtmaq hüququnun təmin olunmasını istəyirik. 452 ailənin hər birinin imzaları müvafiq sübutlarla 55 vərəqdə təqdim olunmuş, müraciət BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və ISESCO-nun rəhbərinə ünvanlanıb. Bu gün dünyada 7 min 104 millətin yaşadığı 220-yə qədər dövlət vardır. Biz qloballaşan, inteqrasiya olunan bütün sərhədlərin açıq olmalı olduğu bir dünyada yaşayırıq və tezliklə Nüvədi kəndinə qayıtmaq istəyirik. Yuxarıda adıçəkilən mötəbər təşkilatlardan səbirsizliklə cavab və dəstək gözləyirik.

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, nüvədili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki