Şabran Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon rəhbərliyinin nümayəndələri, ağsaqqallar, ziyalılar və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və hesabat dövründə vəfat edən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan danışaraq, onların cəmiyyətdə böyük nüfuza malik olduqlarını bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov isə çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlardan, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən bəhs edib. O, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə işində fəal rol oynamasının vacibliyini vurğulayıb.
Konfransda təşkilati məsələlər də müzakirə olunub. Bildirilib ki, Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov səhhətində yaranan problemlərlə əlaqədar vəzifəsindən ayrılması barədə müraciət edib.
Bununla əlaqədar rayonun nüfuzlu ağsaqqalı Adıgözəl Əliyevin namizədliyi irəli sürülüb və açıq səsvermə yolu ilə o, Şabran Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.
Konfransda, həmçinin, Şuranın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb. İdarə Heyətinə ziyalı və ictimai fəal qadınlar da daxil edilib.
Tədbirin sonunda Tahir Süleymanov və digər çıxış edənlər yeni seçilən sədri və idarə heyətinin üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Yeni sədr Adıgözəl Əliyev göstərilən etimada görə təşəkkürünü bildirərək, Şabran ağsaqqallarının fəaliyyətini daha da gücləndirmək, gənclərlə işin və maarifləndirmə tədbirlərinin miqyasını genişləndirmək üçün çalışacaqlarını qeyd edib. Konfrans qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatıb.


























