Naxçıvan Muxtar Respublikasının Babək rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rəhbərliyin fəaliyyətindən narazıdırlar.
Vətəninfo.az-a daxil olan məlumatlara görə, 1981-ci il dekabrın 18-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və rayonun mədəni irsini qorumaq məqsədi daşıyan bu dövlət qurumu hazırda ağır vəziyyətdədir. Muzey kollektivinin iddialarına görə, müəssisənin direktoru Sərxan Abdullayevin qeyri-qanuni fəaliyyəti və özbaşınalığı muzeyin işini tamamilə iflic edib.
Muzey əməkdaşları iddia edirlər ki, direktor Sərxan Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iş yerinə müntəzəm gəlmir: “Direktor Sərxan Abdullayev birbaşa vəzifə öhdəliklərini icra etmək əvəzinə, iş vaxtını şəxsi biznesi ilə məşğul olmağa həsr edir. O, Respublika Xəstəxanasında bufet işlədir və bütün gününü orada çay-su satmaqla keçirir. Muzeyə isə yalnız rəsmi tədbirlər zamanı göstəriş üçün gəlir, qaldığı vaxt da yarım saatı keçmir.”
Muzey işçiləri bildirirlər ki, Sərxan Abdullayevin bu qədər arxayın və intizamsız hərəkət etməsinin əsas səbəbi yüksək vəzifəli şəxslərlə yaxın əlaqələridir. İddia olunur ki, direktor yaxın vaxtlara qədər Babək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış Emin Məmmədxanlının yaxın dostu olduğu üçün uzun müddətdir bu qanunsuzluqları rahatlıqla həyata keçirir.
Kollektiv üzvləri vurğulayırlar ki, tarixi və mədəni əhəmiyyətə malik bir qurumun rəhbərinin öz vəzifəsinə bu cür laqeyd münasibəti qəbuledilməzdir. Əməkdaşlar aidiyyəti qurumlardan, xüsusilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bu məsələni ciddi şəkildə araşdırmağı və müvafiq tədbirlər görməyi xahiş edirlər.
Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


























