Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda keçiriləcək növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələlərinə həsr olunmuş geniş iclas keçirilib.
Toplantıda Prezident İlham Əliyevin 7 iyul 2026-cı il tarixli “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası, siyahıyaalınmaya hazırlıq prosesi, aidiyyəti dövlət qurumları arasında koordinasiya və müasir rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı görüləcək işlər müzakirə olunub. İclasda bildirilib ki, siyahıyaalınmanın BMT-nin müvafiq standart və tövsiyələrinə uyğun şəkildə, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə ilk dəfə rəqəmsal formatda keçirilməsi nəzərdə tutulur.
İclasda çıxış edən Baş nazir Əli Əsədov əhalinin siyahıyaalınmasının ölkənin demoqrafik vəziyyəti barədə ən dolğun məlumat bazasını formalaşdıran mühüm dövlət tədbiri olduğunu bildirib. Onun sözlərinə görə, siyahıyaalma demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi, dövlət siyasətinin planlaşdırılması və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əli Əsədov qeyd edib ki, Azərbaycanda müstəqillik dövründə əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilsə də, həmin dövrlərdə ölkə ərazisinin bir hissəsinin işğal altında olması səbəbindən bu tədbir bütün əraziləri əhatə edə bilməyib. Baş nazir vurğulayıb ki, 2029-cu ildə keçiriləcək siyahıyaalma bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyacaq.
Məlumdur ki, Azərbaycanda bir çox hallarda vətəndaşların faktiki yaşayış yeri ilə qeydiyyat ünvanı üst-üstə düşmür. Maraqlıdır ki, 2029-cu ildə keçiriləcək əhalinin siyahıyaalınması bu uyğunsuzluqların aradan qaldırılmasına töhfə verə bilərmi? Həmçinin o da maraqlıdır ki, siyahıyaalınmanın daşınmaz əmlakın qeydiyyatı – “kupça” və digər qeydiyyat prosedurlarına hər hansı müsbət təsiri olacaqmı?
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya bildirib ki, əhalinin siyahıyaalınması 10 ildən bir həyata keçirilən adi dövlət prosedurudur və bunun hansısa xüsusi məna yüklənməsi düzgün deyil: “Bu, 10 ildən bir həyata keçirilən ənənəvi prosesdir. Dövlət vətəndaşların siyahıyaalınmasını aparır, ərazi üzrə dəqiqləşdirmələr edir, insanların harada yaşadığını, cinsini, dini və etnik mənsubiyyətini müəyyənləşdirir. Əslində isə dövlət bu məlumatları davamlı olaraq qeydiyyatda saxlayır. Vətəndaşların vəziyyətinin qeydiyyatı sistemi fəaliyyət göstərir və bu məlumatlar mütəmadi yenilənir”.
Ekspert bildirib ki, əhalinin siyahıyaalınmasının daşınmaz əmlakın qeydiyyatı (“kupça”) və digər qeydiyyat prosedurlarına hər hansı birbaşa təsiri və ya faydası olmayacaq: “10 ildən bir bu iş layihə şəklində həyata keçirilir və faktiki vəziyyət yenidən sayılaraq dəqiqləşdirilir: “Bu, kifayət qədər xərc tələb edən proses olduğuna görə hər il deyil, məhz 10 ildən bir keçirilir. Hətta bir yerdən başqa yerə köçən zaman, müvəqqəti də olsa, olduğumuz ünvanda qeydiyyata düşməliyik. Bu, qanunvericiliyin tələbidir. Yəni dövlət vətəndaşların qeydiyyatını daim aparır və bu baxımdan hər hansı problem yoxdur. Sadəcə, 10 ildən bir faktiki vəziyyət yerində yoxlanılır və məlumatlar dəqiqləşdirilir. Bunun hansısa xüsusi məqamla əlaqəsi yoxdur. Bu, dünya təcrübəsində tətbiq olunan bir praktikadır. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir”.”AzPolitika.info”


























