Ukrayna hərbçiləri cəbhədə Sovet dövrünə aid PMD-6 piyada əleyhinə minasının modernləşdirilmiş versiyasını aşkar ediblər. Məlumata görə, Rusiya bu minaların yalnız köhnə ehtiyatlarından istifadə etmir, həm də onların yenilənmiş variantının istehsalını bərpa edib.
Vətəninfo.az xəbər verir ki, Fransanın “Le Parisien” nəşrinin hərbi mənbələrə istinadən yaydığı xəbərə görə, PMD-6 tipli minalar 2026-cı ilin əvvəlində Sumı istiqamətində Ukrayna sapyorları tərəfindən aşkar olunub. “Mines and Coffee Sandwiches” adlı Telegram kanalının məlumatına əsasən, cəbhədə ələ keçirilən minalardan biri ekspertizaya təqdim edilib və aparılan araşdırma onların yeni istehsal məhsulu olduğunu üzə çıxarıb.
PMD-6 piyada əleyhinə mina 1930-cu illərdə hazırlanıb və İkinci Dünya Müharibəsi dövründə geniş istifadə olunub. Bu sursat 1948–1949-cu illərdə rəsmi olaraq Sovet Ordusunun arsenalından çıxarılmışdı.
Müasir versiya klassik modeldən fərqli olaraq taxta deyil, zavod istehsalı olan plastik korpusa malikdir. Mütəxəssislərin sözlərinə görə, yeni konstruksiya minanın üzərinə iki kiloqrama qədər torpaq və ya maskalama materialı örtüldükdə belə təsadüfi işə düşməsinin qarşısını alır.
Mina daxilində 75 və ya 200 qramlıq standart TNT partlayıcısı yerləşdirilib. Partlayış mexanizmi isə ənənəvi olaraq qapağa təzyiq göstərildikdə aktivləşir.
Qeyd edək ki, piyada əleyhinə minaların istehsalı, saxlanılması, ötürülməsi və istifadəsi 1997-ci il Ottava Konvensiyası ilə qadağan edilib. Dünyanın 160-dan çox ölkəsi bu sənədə qoşulsa da, Rusiya Konvensiyanı ratifikasiya etməyib və buna görə də onun müddəalarına hüquqi baxımdan bağlı deyil.
Hərbi ekspertlər hesab edirlər ki, modernləşdirilmiş PMD-6 minalarının döyüş meydanında yenidən görünməsi Rusiyanın müharibədə aşağı maliyyətli silahlardan geniş istifadə strategiyasını və uzunmüddətli hərbi ehtiyaclar üçün köhnə texnologiyalara da müraciət etdiyini göstərir.


























